Выбрать главу

Hazırcavablığı ilə tanınan doktor Abasəliyev nəsə bu dəfə özünü itirən kimi oldu, möhkəm qızardı, düşdüyü vəziyyətdən tez çıxmaq üçün dərhal söhbəti dəyişdi:

- Deyəsən, göyçək bacılığın da səndən aralaşıb. Bu limonlar mənə dəhşətli dərəcədə tanış gəlir.

- Əlbətdə, onun limonlarıdı. Haykanuşdan savayı bu kənddə kimin belə limonları ola bilər? - Zöhrə arvad stakanlara çay süzə-süzə dedi. - Hə doktor, Haykanuş ötən payız yıryığış eləyib getdi. Erevana, oğlu Joranın yanına getdi. Bəlkə də özündən olsaydı, qalardı. Jora təkid elədi. Çıxıb gedəndə nə hala düşdüyünü gərək özün görəydin. Həyətdən, evdən heç cür qopmaq istəmirdi. Ağacların başına dəli kimi dolanırdı. Artırmanın surahısını qucaqlayıb öpürdü. Lap çıxa-çıxda gəlib durdu burda, limon ağaclarının önündə, hönkürdü, elə bil qoyub getdiyi yeddi limon ağacı deyildi, yeddi körpə balasıydı. Belə, o vaxtdan bəri yeddi ildi qapı-bacaya mən baxıram. Bu il limon yaxşı gətirib, bir iri vedrə yığıb özünə göndərdim. Bizimkilər il boyu Erevana mal dalınca gedib-gəlirlər, verdim onlar apardılar - Zöhrə arvad işıldayan yarpaqlar arasından bir cüt limon üzüb kətilin üstünə qoydu.

- Götürün, bu da sizin payınız, hərənizə biri düşür. Evdə çayla içərsiz. Sizin kimi əziz qonaqlar üçün hər ağacın üstündə üç-dörd dənə saxlayıram.

Çayın səbəbinə yorğunluğu canından çıxan doktor Abasəliyev limon ağaclarını süzüb qəmli halda gülümsündü. Sonra isə söhbəti davam etdirmək xatirinə sual verdi:

- Nə yaxşı Haykanuş səni Erevana qonaq çağırmır?

- Çağırır, niyə çağırmır. Dəfələrlə Erevan bazarında alver eləyən əylislilərdən xəbər göndərib ki, bacıma deyin, gəlsin, on-on beş gün qonağım olsun. - Zöhrə arvad gülüb doktora göz vurdu. - Hə, necə bilirsən? Bəlkə gedim olan müsəlmanlığımı da qoca yaşımda erməninin xarabasında qoyub gəlim?

- Nə təhər belə deyirsən ey, onsuz da içində olduğun ev erməni evidi də...

- Sən bu qoca dəcəlxataya fikir ver. - Zöhrə arvad ucadan Sadaya səsləndi. - Dəli həkimində ağıl hardan olsun? - dedi və doktora yarıciddi, yarızarafat barmaq silkələdi. - Bu evi atam Məşədiəli on beş qızıl tümənə Samveldən - Arutyun dayıdan alıb. Guya bilmirsən...

- Bilirəm. Mən o mənada demədim.

- Atamın qarasına danışsan, mən səndən incimərəm. Səni and verirəm Allaha, Zülfü, o cəllad Məmmədağanın adını bir də heç harda dilinə gətirmə. Onun becins törəmələri özündən də betərdi. Cingöz Şabanı deyirəm, Zülfü. Deyirlər, səni də incidib. Ondan aralı dur, bu tayfadan nə əməl desən gözləmək olar.

- Sən hardan eşitmisən məni incitdiyini? - O, sonsuz heyrətlə soruşdu, hiss olunurdu ki, əsəbləşib.

- Bu kəntdə heç nəyi ört-basdır eləmək olmaz. O gün bulağın başında arvadlar xısınlaşırdılar. Deyir, hardansa qoca-qaltax tısbağa tapıb, hasardan tulayıb sizin həyətə, deyir tısbağanın çanağına yazıb yağışdırıblar ki, "Bu mənəm, keşiş Mıkrtç, erməni casusu Zülfü Abasəliyevin doğmaca qardaşı".

Zəhra arvad doktorun hirsdən bozardığını görüb susdu. Saday qəssab Məmmədağanın oğlu, keşiş Mıkrtçın qızını öldürən, heç bir əclafla müqayisə olunmayacaq dərəcədə alçaq adam olan Cingöz Şabanı çoxdan tanısa da tısbağa əhvalatını birinci dəfə eşidirdi. Sadaydan beş-altı yaş böyük olan Cingöz Şaban, o Şaban idi ki, bir vaxtlar on-on bir yaşı vardı, cibində qəssab bıçağı, çiynində ov tüfəngi gəzdirirdi. Bax elə o tüfənglə Şaban o yaz, Allah bilir hardan Əylisə - Daş kilsənin həyətinə təzib gələn babbalaca, qara, qəşəng tülkü balasına atəş açıb onu qanına qəltan eləmişdi. O vədə Sadayın dörd, ya beş yaşı var idi. Bununla belə, o gecə baş verən həmən hadisəni ömrü boyu unutmadı, hətta dəfələrlə yuxusunda təkrar səslənən güllə səsinə diksinib ayıldı. Qətlə yetirilən tülkü balasının hasara bulaşan qanını qar-yağış çoxdan yuyub aparmışdı, amma Sadayın yaddaşında qıpqırmızı qan ləkəsi o hasarın üstündə qiyamətəcən qızarıb qaldı, heç zaman pozulmadı.

İndi də, şübhəsiz, davakar Şaban hasardan atılan üstü yazılı tısbağa barədə Əylisə şəxsən özü xəbər buraxmışdı.

Haykanuş Sadayın tez-tez rastlaşdığı, az-çox yaxından tanıdığı iki qadın ermənidən biri idi. Əylisdə başqa ermənilər də vardı. Ancaq onlar azərbaycanlılardan heç fərqlənmirdilər, elə buna görə də Sadayın yadında qalmayıblar.

Sadayın Bakıdan tətilə getdiyi ilk yayda Haykanuş hələ Əylisdə yaşayırdı. Dərddən və daim torpaqda işləmədən yumaq kimi bükülsə də hələ ki, təsərrüfatını idarə eləmək gücündə idi.