Həyətinin arxın yanındakı balaca əkin yerini öz əlləri ilə qazır, kərkiləyib yumuşaldır, özü üçün lobya, kartof, xiyar, pomidor, göy-göyərti əkirdi. Əylisdə hər evə pay çatan limon ağaclarına da özü baxırdı. Qadın Erevana, doğma oğlu Joraya armud, şaftalı, qax (meyvə qrusu), sucuq ( içinə qoz doldurulmuş meyvə lüləsi) göndərirdi. Digər ermənilər kimi o da müqəddəs günlərdə bütün vaxtını Vəng kilsəsində keçirir, saatlarla xaçın altında dayanıb dua edirdi. İşdən-gücdən yorulanda darvazanın ağzında oturub yaxın qonşularla, təbii ki, həm də Zəhra arvadla dərdləşirdi.
Haykanuşun evi Vəng kilsəsindən xeyli aralıda, çayın çökəyində, kəndin müsəlmanlar yaşayan hissəsində idi. Yolun uzaqlığına baxmayaraq kilsəni qeyd-şərtsiz Haykanuşun ikinci evi saymaq daha doğru olardı. Hər gün möhtəşəm, topdağıtmaz darvazadan çıxıb kilsənin həyətinə gəlir və sanki durduğu yerdə ağlını itirir, məbədin başına dəli kimi dolanmaqdan yorulmur, daşı-divarı öpüb xaç çevirirdi. Nəhayət, qoca Haykanuş qarı yaxınlaşıb qapının önündə dayanır, divardakı Əylis müsəlmanlarının "başı çalmalı, əli uşaqlı" dediyi qadın və uşaq divar rəsminin önündə bir neçə dəfə xaç çəkirdi.
Saday Haykanuşun Erevanda yaşayan oğlu Joranı bir neçə dəfə Əylisdə görmüşdü. Joranın qızı Lüsik Erevandan Əylisə gələndə Sadayın on bir-on iki yaşı olardı.
Onlar eyni sinifdə oxuyan, biri - birindən aralanmayan üç dost idilər - Sarı Saday, Bomba Babaş və Cambul Camal. Biçilmiş zəmi yerindən başaq topalamağa birgə gedirdilər. Dağlara dırmaşıb qayalar, daşlar arasından quş yumurtası yığırdılar. Məktəbdə dərs olmayanda, başağa getməyəndə, küçədə aşıq-aşıq oynamaqdan bezib yorulanda, özlərini kilsənin həyətinə salırdılar. Və su çəkib ağırlaşmış çay daşları ilə Daş kilsənin həyətindəki abidələrin qulağını qoparmaq, burnunu sındırmaq üçün dəridən - qabıqdan çıxırdılar. Divarlara yapışdırılan xaçları qopardırdılar. Vuqarıdın hündür damına qalxıb oradan kəndi fitə basırdılar. Vəng kilsəsinin həyətinə təpilib Mirəli kişinin əkdiyi lobya, noxud, qarğıdalı və rəngbərəng gülləri heyvan kimi yoluşdurur, əzib tökürdülər. Çay yatağından tapıb həmişə ciblərində gəzdirdikləri bıçaq kimi iti tinli çalpara daşlarla kilsənin divarlarına ad yazırdılar: "Sarı Saday, Bomba Balaş, Cambul Camal".
Sarışın saçlar Sadaygildə nəsillikcədi. Balaş, Bonba ləqəbini təkəbbürlü xasiyyətinə, diribaşlığına, sağlamlığına və güclü olmağına görə qazanmışdı. Camalın Cambul adı almağının isə məxsusi, olduqca kədərli tarixçəsi vardı.
O, müharibədən irəli doğulub, iki yaşına çatanda onları atalarından ayrı salan dava düşüb ortalığa. Ancaq dava bitəndən üç-dörd il sonra xəbər çıxıb ki, bəs Camalın atası Sümük Səfi sağdı. Arvadı Dilruba Səfidən belə məzmunda bir məktub alıb, bəs o ölməyib sağ-salamatdır və hal-hazırda Qazaxstanın Cambul vilayətində yaşayır. Yazıb ki, orda ikinci dəfə evlənib, hətta bir oğlu da dünyaya gəlib. Sonra yazıb, bir daha Əylisə ayaq basmayacaq, əgər oğlu Camalın meyli çəkirsə atasının yanına - Cambul şəhərinə gələ bilər.
Belə dəhşətli məktubdan sonra günlərin birində Camalın nənəsi Əzranın qışqırığı bütün kəndi yuxudan durğuzdu. Səbəb də bu idi ki, qızı Dilruba bir şüşə nefti təpəsinə əmdərib özünü odlamaq istəmişdi.
Bu hadisədən sonra Camalın anası heç cür özünə gələ bilmədi. Yemədi, içmədi, gecələr yuxusu ərşə çəkildi, əli işə - gücə yatmadı, ev-eşik tamam yadından çıxdı. Sonda başına hava gəldi, gecələr dişi canavar kimi dağların, təpələrin arasında dolaşıb ərini axtardı ki, onu tapıb cəzalandırsın. Amma Cambulun yolunu tanımır, ora nə təhər getməyi dərk edə bilmirdi...
Camalın anasının cəsədini Əylisdən otuz-qırx kilometr aralıda daş yola sərilmiş tapdılar. Bu sarsaq adın Camala qoşulmağının tarixcəsi belədir. Saday Bakıya gedəndən sonra Camal demək olar ki, hər gün onun yadına düşürdü və hər dəfə də Camal gözünün qabağına gələndə Vəng kilsəsini, onun hündür gilənar ağacları sıralanan həyətini, beli daim şalla sarınmış Haykanuş qarını xatırlayırdı, həmən o Haykanuşun paltarının qolunu dirsəkdən yuxarı çirmələyib ağlamaqdan özünü zorla saxlayan Camalın başını yaxşı-yaxşı sabunlayıb yuduğunu gözünün qabağına gətirirdi.
O səhər ikisi də kilsə həyətindəki uca gilas ağacına dırmaşmışdı. Havalar çoxdan istilənmişdi. Amma Camal bütün qışı sinifində arxa partada başı kepkalı oturmuşdu və o bütün qışı başına keçirdiyi o kepkanı hələ də soyunmamışdı. Sinif rəhbəri Muleyli müəllimə dərs ili başlanandan ta yay tətilinin axır günlərinə qədər dərs saatlarının əsas hissəsini məhz bu kepkanın müzakirə və təhlilinə həsr edirdi. Heç elə bil ötən qış Əzra nənənin gözlərinin tutulduğunundan, anasının ölümündən sonra bir Allah bəndəsinin eyninə gəlməyib ki, Camalın başı nə müdddətdən bəri yuyulmayıb. Heç demə, bu kənddə ən yaxşı insan Haykanuş qarı imiş. Heç demə, Haykanuş Cambul Camalın həmən səhər kilsənin həyətinə gələcəyindən xəbər tutubmuş. Uşaqlar hələ ağacın başında olanda, o gilasın altında ocaq çatır, yekə mis tiyanda su qızdırır, evdən məhrəba, sabun, dolça ( su tökmək üçün ) bir də lap axırda Camalın başına sürtmək üçün yarımletirlik bankada qır rəngində qara məhlul tədarükü görür.