Выбрать главу

Haykanuş qəfil Camalın kepkasını dartıb çıxaranda Babaş nə təhər iyrənirsə, bayaqdan qarnına doldurduğu gilasın elliyini qusur, Saday baxa bilmir, gözünü yumub üzünü o yana çevirir. Haykanuş vaysına-vaysına "Vay" deyib başını tutur. Camalın Başında bit qarışqa yuvasının ağzı kimi qaynaşırmış. Haykanuş Camalı ocaq başında, hamar çay daşının üstündə otuzdurur. Saday dolçanı isti su ilə doldurub Camalın başına tökür, qarı bitli başı sabunlayıb dəridən qan çıxanacan tükün dibini dırnaqlayır, kir-pasağı tökür, sonra dönə-dönə sabunlayıb asta, yanıqlı səslə: - Əziz balam. Yazıq uşaq. Yetim balam! - deyir.

İndi, Bakının xəstəxana çarpayısında huşsuz halda döşənib qalan Saday Sadıqlı bu səsi o qədər qəqiq, o qədər yaxından eşidirdi ki, o səs nə yuxuydu, nə xəyal, sanki Haykanuş indinin indisində palatada, onun lap böyründəydi. Haykanuş qarı Camalın başını dönə-dönə yuyandan, dərman sürtüb üstündən cuna ilə sarıyandan sonra evlərindən çıxıb kilsənin həyətində dolaşan qadınların səsini də Saday Sadıqlı apaydın, olduğu kimi eşidirdi.

- Özümüzü müsəlman bilirik, amma uşağın başını yumaq ağlımıza gəlməyib.

- Nə olsun müsəlman deyil, amma uşağın başını yudu, adam balasıdı də, göydən düşməyib ha, o da bizim kənddəndi.

- Allah sənə yaman gün göstərməsin, Haykanuş bacı. Sən müsəlmandan yaxşısan.

- Kim yetimin başını yumaq istəməz? Amma biz hardan bilək ki, uşağı bit basıb?

- Biz də deyirik niyə bu gədə papağı başından çıxarmır. Yazıq bitə görə yayın istisində papağını çıxarmağa xəcalət çəkirmiş.

- Allah sənin Erevandakı o bir balanı saxlasın, Haykanuş. Sən bizim Əylisdə ən ifallı qadınsan.

- Nə olsun ki, ermənisən, Haykanuş, sən Allah adamısan...

Hər ağızdan bir avaz gəlirdi, Haykanuş isə sabunlu əlini belinə sarıdığı şala sürtüb qurulamaq və eyni vəziyyətdə durmaqdan əyilmiş qamətini birtəhər düzəltmək hayında idi. Haya gələn arvadlar yavaş-yavaş dağılışırdılar. Onların qar-quru uzaqlaşıb eşidilməz olan kimi Haykanuş qollarını elə geniş açıb kilsəyə tərəf şığıdı ki, elə bil bu heysiz qadın bu möhtəşəm tikilini qucağına alıb qaldıracaq. Qoca Haykanuş özünü əylislilər demişkən "Başı çalmalı, əli uşaqlı" arvadın önündəki xaça yetirəndə başı ağ cunayla sarıqlı Camal dinməzcə kilsənin girişində, divarın dibində oturmuşdu. Bayaqdan darvazanın küncünə qısılan, qorxu və dəhşət içində nənəsinin Camalın başını yumağına tamaşa eləyən Lüsik, indi gilas ağacının dibində tərpənməz qalmışdı və deyəsən, dinməzcə ağlayırdı. Camalın da gözündə yaş parlayırdı. O, elə heyrətlə baxırdı, sanki dünyanı ilk dəfə görür, Babaş bir qıraqda dayanaraq başını aşağı salmışdı, bayaq özünü saxlaya bilməyib qusduğuna görə xəcalət çəkirdi.

Haykanuş, həmişə olduğu kimi kilisənin girişində dayanıb varlığını unudaraq dua eləyirdi. Bax elə bu anda yer üzündə hələ indiyəcən görünməmiş möcüzə baş verdi, erməni dilində bircə kəlmə bilməyən Saday Haykanuşun lap astadan, az qala özü-özünə pıçıldadığı hər kəlməsinin mənasını ana dilindəki kimi eşitdi. Bəlkə o yuxu görürdü? Bəlkə bu yuxu deyildi, böyük yaradanın göy üzündən göndərdiyi ilahi qüdrət idi ki, hər bir yaradılan bəndə heç olmasa ömründə bir dəfə belə bir qismətə ürcah olur. Maraqlıdır, görəsən, həmişə dünyaya daş gözlərlə baxan qadın həqiqətənmi daşdandır və yaxud o daş olduğunu, daşdan düzəldiyini unudub və qəfil xoş bir təbəssümlə Sadayın üzünə gülümsəyir. Hələ bu harasıdır. Bir anda o başı çalmalı arvadın qucağındakı uşaq da canlanır, boynunu ora-bura əyir bapbalaca əllərini, xırda ayaqlarını hərəkətə gətirir. Saday gözləri ilə açıq-aydın görürdü ki, körpə göz qapaqlarını qaldırır və hətta kiminsə üzünə gülüb göz vurur. Bu nə deməkdi, ey böyük yaradan, axı onun gözləri elə həmən anda həm də Camalın gözləri deyildimi? Yaxşı deyək qarabasmadır, yuxudur, görkəzmədir. Bəs yaxşı onda kilsənin yaxınlığında yaşayan Taytax Çimnazın, ortancıl və əcaz qızı Cinni Səkinənin "Baxın, ay camaat! Sarı Saday erməni kimi xaç çevirir"- deyən səsi hardan gəlirdi? Bu Çimnazın həmən başdanxarab qızı idi ki, Allah qoymasa haqq aşığı olmuşdu, özü kimi çirkin bir bayatı qoşub boğazı cırıla-cırıla oxuyurdu: