O biri gün Haykanuş Lüsiki Ordubad vağzalından qatara əyləşdirib Erevana göndərdi. Lüsik həmin vaxtdan sonra bir də heç vaxt Əylisə gəlmədi.
Əylisdə ikinci məşhur və görkəmli erməni qadın hamının Anıx deyə çağırdığı Aniko idi. O, qoçaq qadındı, qürurlu və hökmlü. Allah saxlamış hər şeydən xəbərdar idi. Arıçıya arıçılıqdan, ipəkçiyə ipəkçilikdən məsləhətlər verirdi, tibbi təhsili olmasa da kəndin canı ağrıyanlarını, naxoşlarını sağaldırdı. İlahi, görəsən, qadında bu boyda həvəs və güc hardandı? Aniko 1919-cu ilin dəhşətli payız günü türk əsgərlərinin kəndin erməni əhalisini güllənin qabağına verib qırdığı, qılıncdan keçirib doğradığı, hər tərəfdə qanın su yerinə axıb gölləndiyi fəlakətin canlı şahidlərindən biriydi və onun valideynləri, qardaşaları, bacıları həmin basqında milçək kimi qırılmışdılar. Bütün Əylis camaatı bilirdi ki, qaçıb təndirdə gizlənən Aniko o vaxt təsadüfən salamat qalmışdı. Üç-dörd gün orada ac-susuz girələnən qızı Mirzə Vahabın anası Zöhrə arvad tapıb təndirdən çıxarmışdı. İstanbulda təhsil alan, o zamankı Əylisin ən savadlı müsəlmanı sayılan Mirzə Vahab, doktor Abasəliyevin dediyinə görə, təqribən otuz yaşlarında imiş. Mirzə Vahab uşağı evində gizləyib, böyüdüb və sonra əlbəttə, zor gücünə özünə arvad eləyib. Bunun əvəzi olaraq Anikonun özündən iyirmi yaş böyük ərinə göstərdiyi ehtiram, qayğıkeşlik Allahın möcüzəsi deyil, bəs nədir? O, əri haqqında hər zaman fəxrlə danışır, savadlı, xeyirxah, düzgün insan olduğunu söyləyirdi. Adı dilindən düşməyən Mirzə Vahabdan Aniko iki oğlan, iki qız doğdu.
Hər yerdə danışırdılar ki, qadın ailəsinə görə müsəlmanlığı qəbul edib. Qəribdir, o, qorxub çəkinmədən nə zamansa ermənilərin bir də bu yerlərə dönəcəklərini, Əylisi cənnətin bir parçasına çevirəcəklərini söyləyirdi.
Özünü müsəlman sayan Aniko imamların matəmində o biri arvadlarla bikir kiminsə evində oturub Məhəmməd Peyğənbərin nəvələrinin müsibətinə acı-acı ağlamaqla bahəm, demək olar, hər gün səhər ertədən Vəng kilsəsinə baş çəkməyi də unutmurdu. O, gələn kimi kilsənin həyətini süpürüb təmizləyir, öz əlləri ilə əkdiyi rəngbərəng, qəşəng güllərə qulluq eləyir və istisnasız olaraq hər dəfə kilsəni anbara çevirib qapısına kilid bağlayan Mirəli kişinin ölüsünə də, dirisinə də dişinin dibindən çıxanı deyirdi. Anikonun öz həyəti isə Əylisdə bir başqasında təsadüf olunmayan güllərlə bəzədilmiş bayram sərgisinə oxşayırdı. Mirzə Vahab bu evə 1919-cu il erməni qırğınından sonra yerləşmişdi. Hətta danışırdılar ki, Əylis evlərinin ən yaxşılarından sayılan bu evi İstanbulda təhsil almış Mirzə Vahaba Türk sərkərdəsinin şəxsən özü - Ədif bəy peşkəş eləmişdi. Necə ki, o dəhşətli basqından Anikonun sağ-salamat xilas olmağına inanmaq olmur, eləcə qadının əlləri ilə gülüstana dönən bu həyətin nə vaxtsa Ədif bəyin dəstəsi tərəfindən qanla suvarıldığına da inanmaq çətindir. Əlbəttə, Aniko bunun fərqində olmaya bilməzdi. Bəlkə elə onun əlvan güllərə bu qədər bağlılığı da səbəbsiz deyildi, bu yolla o, məhv edilmiş qohum-əqrabasının xatirəsini əziz tutur, onların nakam ömrünü bu işıqlı dünyada bir az da uzatmaq istəyirdi. Bəlkə, qətlə yetirilən hər bir erməninin ölmədiyini, bu yer üzünün gözəl güllərinə döndüyünü sübut eləmək istəyirdi? Və bəlkə istəyirdi bu Allahdan gizli olmayan mətləbi hər bir əylisli müsəlman bəndəsi də yadında saxlasın? Çox gümün, o vaxtlar bu həyətə tökülən nahaq qan arvadın yaddaşında cövlan edirmiş. Qanlı yaddaşın əzabından xilas olmaq üçün yeganə əlac ona qalırmış ki, həyətinə gül-çüçək əksin, Vəng kilsəsində güllərdən ibarət böyük bir xiyaban salsın!
Sadayın yaddaşında Aniko həm gözəl insan və qadın kimi, həm də başqalarından fərqlənən şən və cingiltili səsi ilə qalmışdı. Onun səsi bütün Əylisi - onun evlərini, kilsələrini, dağlarını, yollarını, çaylarını, bulaqlarını dolaşır, səhərin açıldığını xəbər verən zəng kimi səslənirdi. Çünki həmişə sübh tezdən yuxudan oyanır, hündür artırmaya çıxıb uca səslə nəsə deyir, elə bil bununla Əylis müsəlmanlarını xəbərdar eləmək istəyirdi ki, hələ Əylisdə erməni səsi yaşayır.
Haykanuşdan fərqli olaraq o, Vəng kilsəsinə hay-küylə gedirdi: köhnə fayton yoluyla şəstlə addımlayır və ucadan danışırdı. Hamı eşidə-eşidə xatırlayıb Esxinin özünü qayadan atmasına görə Ədif bəyə lənət yağdırır, Əylisin ən gözəl kilsəsini miskin anbara döndərən Mirəli kişini uzaqdan-uzağa hədələyirdi. Anikonun səsi müsəlmanlığı qəbul edən, Mirzə Vahab kimi xoşxasiyyət, savadlı şəxsə ərə gedən erməni qızın, türk süngüsündən möcüzə nəticəsində yayına bilən yetimin səsi deyildi. O, sözün həqiqi mənasında Əylisin əsl sahibəsinin əsrlərin ən dərin qatlarından gələn səsi idi. Başqa sözlə bu Əylisin itirilmiş səsi idi!