Выбрать главу

Bakıda yaşayarkən, Saday Sadıqlı yuxularında o səsi çox eşitmişdi, dəfələrlə Bakı sabahlarını o səslə açmışdı.

Saday Sadıqlı qəribə bir kilsədə yuxu görürdü: elə ki, qoca qəhbələrin ədəbsiz bazarlaşmağı başlayır, bax onda ermənilərlə müsəlmanların namərd və qaçılmaz toqquşması çıxır meydana. Qəribəsi bu idi ki, o, yuxuda gördüyü kilsə Əylis kilsələrinin heç birinə bənzəmirdi, amma bununla belə vahiməsinə, mistik təsirinə görə burada o kilsələrin hərəsindən nəsə bir əlamət vardı. O yuxuda ilin vaxtlarını müəyyən etmək olmazdı. Əylisdə sübh tezdəndi, hava təzə-təzə işıqlaşır, kənd zülmətin pəncəsindən çətinliklə qopur. Dağların quzey tərəfində qalın qar əriməyib. Onun tuşunda əlçim-əlçim qeyri-adi düzümlü buludlar göy üzünü tutub. Və bir də səmavi, mistik işıq: yad və həm də hədsiz dərəcədə doğma, tanış işıq!

Saday yuxu görürdü: kilsənin ağ boyanmış hündür divarlarını görürdü, görürdü ki, küləklər həmən o çat verən divarı ovub, yekə bir deşik açıb. O deşikdən kilsənin içinə işıq süzülür və o işıq pətək üstündə qaynaşan arılardan çıxan səsə oxşar bir qıjıltıyla axır, axdıqca da şeytani bir ehtirasla göndərilən mühüm bir xəbəri yer üzünün hər bir məkanına çatdırmağa tələsir.

Elə o vaxtdan bu dünyaya aid olmayan o qəribə səs Sadayı qarabaqara izləyirdi. O səs hər yerdə idi. Və Saday radio dalğalarında, televizor ekranında, inqilabi, dini, vətənpərvərlikdən bəhs edən vərəqlərdə, giriş qapılarında, küçə dirəklərində qəzet və jurnalların iri qara şiriftlərlə yazılmış məqalə başlıqlarında həmin xışıltı və şırıltıyla axıb tökülən səsli işığı görür, eşidirdi. Bu səsli işıq hələ indiyəcən görünməmiş fəlakət haqqında dünyanın hər yerinə xəbər aparırdı. Və o heç vəchlə qəbul edə bilməzdi ki, heç kimin heç nədən qorxub çəkinmədiyi bir zamanda daim qorxu hissinin altında sıxılıb əzilməlidir. Nə üçün hər söhbət, qəzetdən oxuduqları, radiodan, televizordan eşitdikləri, meydanlarda natiqlərin nitqləri, küçədə arvadaların qar-quru ona faciə kimi görünürdü? Nəyə görə hamilə qadınlara, bulvarda, parkda qoşa addımlayan cavanlara baxdıqca qanı qaralır? Yəni o, insanları gələcəkdə gözləyən qorxu əzabını təkbaşınamı çəkməlidir? Doğrudanmı, əvvəllər də, elə indi də onu qorxuya salan məsələ baş verəcək, onun gördüyü bu küçələr, bu meydanlar istərsə də, istəməzsə də hakimiyyət başına yeni bir Xozeyin gətirəcək? Nə üçün qarşısıalınmaz qan davasının ağrı və əzabını məhz o, Saday Sadıqlı çəkməlidir?

Qəlbini sıxıb əzən suallara cavab tapa bilməyən Saday Sadıqlı hər gecə yuxuda Əylisi görürdü. Çünki Əylis ürəyinin sağalmaz yarası idi. Vaxt ötdükcə daha əsəslı şəkildə depressiv-melenxolik ovqata düçar olan Saday dünyadan və adamlardan hər gün bir az da uzaqlaşırdı. Tez-tez yuxuda sayıqlayıb inildəyirdi. Rabitəsiz monoloqlarında Haykanuşun, Anikonun, Camalın, Lüsikin, Babaşın, eyni zamanda Azadə xanıma məlum və məlum olmayan adamların adlarını çəkirdi. Amma bir dəfə gecənin yarısı Azadə xanım Sadayın yuxulu-yuxulu xaç çevirdiyini görəndə xeyli müddət özünü əla ala bilmədi.

Eləcə dəhşətli gecələrin birində ərinin anlaşılmaz nitqlərində hamının çoxdan unutduğu tülkü balası peyda oldu. Çox vaxt baş verənləri atasından gizlədən Azadə xanım Sadayın gecəki iniltilərinə dözməyib səhəri gün keçirdiyi iztirabları doktor Abasəliyevə bildirdi.

- Papa, bəlkə onunla sən danışasan? Niyə əzab çəkdiyini aydınlaşdırasan?

Doktor Abasəliyev meydana çıxan psixoloji drum qarşısında tibbin çarəsizliyini yaxşı bilirdi, ona görə də qızını sakitləşdirməyə çalışdı.

- Bu kriptomneziyadı, - dedi. - Bütün həssas adamlarda müşahidə olunur: yaşlandıqca "uşaqlığa qayıdırlar", narahat olma. Onsuz da hər kəs öz həyatını yaşayır.

Bəla burasında idi ki, Saday məhz indi öz həyatını yaşamırdı. Qəribədir, Saday Sadıqlının nəsil-kökündə bircə damla da erməni qanı olmadığı halda (bir babası Kərbəlanı, o birisi Məkkəni ziyarət eləmişdi) nə qədər müddətdi sanki o, canında hansısa adsız bir ermənini daşıyırdı. Lap dəqiqi, daşımır, gizlədirdi. Sanki bu böyük şəhərdə incidilən, alçaldılan, qətlə yetirilən hansısa bir erməni deyildi, onun özünü incidir, təhqir edir, öldürürdülər. Payızın lap əvvəlindən bu vaxta qədər onun üzü bircə dəfə də gülməmişdi, sıxıntı və kədər içində hərlənmişdi daima. Əvvəllər həftədə iki dəfə baş çəkdiyi teatra daha ayağını da qoymurdu. Hətta bir vaxt həvəslə qoşulduğu mitinqlər məna və məzmununu itirib gözündən düşmüşdü. Şəhərdə özünə yer tapa bilmirdi, evdə də qərarı tutmurdu.