Küləkli, yağışlı bir axşam o, evə elə bir halda gəldi ki, Azadə xanımı dəhşət bürüdü, qışqırmaqdan özünü zorla saxladı, kişini elə bil gölə basmışdılar - təpədən dırnağa cumculuq suyun içində idi. Əyninin paltarı, saçı, çənəsi bəs deyincə islanmışdı. Plaşının ciblərindən su süzülürdü. Şalvarı çamura, palçığa bulaşmışdı, pencəyinin düymələrini, köynəyinin boyunluğunu dartıb qoparmışdılar.
Azadə xanım ağlaya-ağlaya ərini soyundurdu, hamama aparıb isti suyun altına saldı. Sonra bir qədəh konyak verdi, çay gətirdi. Saday bir qədər özünə gələndən sonra sorğu-suala başladı:
- Harda dalaşmısan?
- Dalaşmamışam...
- Bəs onda səni kim bu kökə salıb?
Saday cavab vermədi. Uzun sükutdan sonra elə hönkürdü ki, Azadə xanım soruşmağına peşman oldu.
- Aza, vağzalda cavan bir qadına od vurub yandırdılar! Üstünə benzin töküb diri- diri yandırdılar!
- Kim yandırdı? - Azadə xanım gözünün yaşını silə-silə soruşdu.
- Arvadlar, Aza, küçədə alver eləyən qadınlar. Elə bil adam deyildilər, cin yığınıydı.
- Səni də onlar bu hala saldılar?
Artist heyrətləndi, həqiqətən də o, evə nə vəziyyətdə gəldiyindən xəbərsiz idi.
- Bilmirəm. Heç nə yadıma gəlmir. O əcinnələr erməni qadını yandıran dəqiqə yoxa çıxdılar. Bir də gördüm vağzalda təmtək qalmışam.
Əhvalatın məğzini öyrənəndə Azadə xanımın halı xarablaşdı.
- Gecə yuxuda görürəm ki, bizimkilər məni aradan götürmək üçün bir erməniyə pul verirlər.
- Kim? Kimdir səni öldürtmək istəyən? - Az qala başını itirən Azadə xanım öz səsinə bənzəməyən tamamilə yad səslə qışqırdı.
- Erməniyə pulu bizim hakimiyyətdə olan adamlar verirdilər.
- Bəsdi! Bu ölkədə çoxdan hakimiyyət yoxdur. Olanlar da düşmən dəyirmanına su tökürlər. Səncə, Sumqayıtı cəhənnəm oduna qalayan xalqdı? Yox, əzizim, yox! Bu ya KQB-nin, ya da hakimiyyəti zəbt edən bir qrup mafiozun əməlidir. Dünya dağıla, Saday, inanmaram, kimlərsə azərbaycanlıları belə ağılsız vəhşiliyə təhrik eləsinlər.
- Hansı haqla belə deyirsən? Axı sən Əylisdə olmusan, - artist dərdli gözlərini arvadına zilləyib belə dedi və dərhal da başını uşaq kimi sinəsinə əydi.
- Hə, Əylisdə olmuşam, bilirəm ki, türklər günahsız insanların üstünə vəhşi kimi cumub, onlara divan tutublar. Amma sən elə yerdə olmusan ki, orada ermənilər minlərlə bədbəxt azərbaycanlını yerindən-yurdundan qovublar. Ömründə bir dəfə sən, evsiz-eşiksiz qalan, bu gündən sabaha ümidi olmayan o bədbəxtlərin halına yanmısanmı? Məgər aranı qızışdırıb bu qanı tökənlər onlar haqqında düşünürmü? İndi fərqi yox, qarabağlı, yaxud bakılı ermənilər olsun, ona görə azərbaycanlıya tüpürürlər ki, bizi türk hesab eləyirlər. Bir deyən yoxdur ki, əgər sizi türk qırıbsa, gedin davanızı da türklə eləyin. Erməni boşboğazların harası bizim primitivlərdən artıqdır. Sən niyə bu barədə düşünmürsən, əzizim? Elə bir hala düşmüsən, özün özünü tanımırsan. Bilirsən necə sınıxmısan, əzizim. Özünə yazığın gəlmir, heç olmasa mənə yazığın gəlsin.
- Mən istəyirdim... istəyirdim... Mən ölmək istəyirdim, Aza, - dedi və zorla udqundu.
Azadə xanım anladı ki, əri söz eşidəsi halda deyil, susdu. Saday Sadıqlı tamamilə özünə qapandı. İndi o, nəinki arvadını, həm də dünyanı hiss etmirdi. Azadə xanım ərinin vağzala getməyinin səbəbini indi başa düşdü. Saday bütün gün vağzalda ona görə hərlənib-fırlanıb ki, uşaqlığının "Bakı-Erevan" qatarının qabağında kimisə qarşılasın və yaxud kimisə yola salsın. Eçmiədzinə gedib xristianlığı qəbul eləmək xəyalı ilə dolaşan Saday, doğma Ordubaddan ötüb keçən bu qatarla demək olar ki, hər gün səfərə çıxırdı...
ÜÇÜNCÜ HİSSƏ
Gənc müəllifin pyesində heç vaxt rol almayan Saday Sadıqlı ölkənin keçmiş Xozeyinini öz xalqına qarşı törətmiş olduğu mənəvi-əxlaqi soyqrımda ittiham edir.
Bəlkə də Saday Sadıqlı yenə də yuxusunda doktor Abasəliyevlə Əylisdə keçirdiyi o gözəl yay günlərindən birini görürdü. Ola bilər ki, aktyorun qulağında qayınatasının Mərdəkandan telefondaca dediyi sözlər səslənirdi. Hər halda yuxudan oyandığı həmin səhər Sadaya elə gəldi ki, bütün dünya professor Abasəliyevin cingiltili, gümrah səsiylə dolub. O gümrah, cingiltili səsi yenidən dinləyir, özünü həmişəkindən daha gümrah və sakit hiss edirdi. Sanki doktor Abasəliyevin səsi ona güc verirdi ki, ağrılara dözə bilsin.