1989-cu ilin axırıncı şənbəsi idi. Təqribən saat birdə Azadə xanım işə getdi. O, evdən çıxandan azca sonra telefon zəng çaldı. Təqribən on dəqiqəlik fasilələrlə beş saata yaxın zəng-zəngə calandı, amma Saday dəstəyi qaldırmadı. Telefonun susduğu dəqiqələrdə artistin qulağına süni, şirin dilini işə salan birisinin danışığı gəlir və o anda da Mopassan Mirələmovun siması gözünün qabağında canlanırdı. Teatrın drektoru məşhur Xalq şairinin misralarını deyirdi:
Bir həftədən artıq idi ki, direktor hər gün zəng çalıb salamlaşmağın əvəzinə bu murdar misraları təkrarlayırdı və hər dəfə də Saday Sadıqlı o murdar misraları eşidəndə az qalırdı bütün içalatını qussun.
Nəhayət Sadayın telefonun dəstəyini qaldırmaqdan ayrı bir çarəsi qalmadı. Bu dəfə zəng eləyən Mopassan Mirələmov deyildi, Nuvariş Qarabağlı idi.
- Qardaş, telefonu niyə götürmürsən? - o, sakit, xışıltılı səsiylə soruşdu. - Azı əlli dəfə zəng eləmişəm. Ağlıma yüz fikir gəlir, görəsən nə olub. Bura sənin bir yerlin gəlib, həmkəndlin... Uşqalıq dostun ,Camal!
- Hara gəlib? - Saday elə heyrətlə soruşdu ki, özü öz səsindən diksindi.
- O, burdadı, teatrda. Tez gəl, səni gözləyir. - Nuvariş Qarabağlı azca fasilə verib əlavə elədi: - Mopassan müəllimin kabinetindədi.
Əgər Nuvariş Qarabağlı "Mopassan müəllim" deyirsə, deməli, yüz faiz drektorun kabinetindən zəng çalır. Əks halda başqa cür deməliydi: direktorun özü olmayanda hamı ona Mopoş dayı deyirdi.
- İndi gəlirəm, - Saday Sadıqlı dedi. Di gəl ki, yerindən qalxmağa heyi yox idi. Camal yeddinci sinifdən çobanlara qoşulandan bəri Saday onu bircə dəfə də olsun görməmişdi. Amma həmişə xatırlamışdı. Hələ bu heç, son zamanlar onun başına belə bir fikir gəlmişdi ki, kəndə getsin, gedib çıxa bilmədiyi dağlara qalxsın, Camalı axtarıb tapsın, axır ondan soruşsun ki, həmən gün Haykanuş kilsənin həyətində Camalın başını sabunlayıb yuyanda həqiqətənmi dünya hansısa məxmər kimi yumşaq sarımtıl-narıncı rəngdəydi, yoxsa yalnız Sadaya elə görünüb. Amma indi Camalla görüşmək üçün gerçək imkan yarandığı bir vaxtda ondan belə bir sözü soruşmaq əməlli-başlı ağır bir yük idi. Nəhayət, o, evdən çıxıb taksiyə minəndən sonra qəfil ağlına belə bir fikir gəldi ki, Camalın Bakıya gəlmək məsələsi, sadəcə, uydurmadır, diribaş Mopassan Mirələmovun növbəti kələyidir. Axı nə vaxtdan bəri direktor hansı yolla olur-olsun onu aldadıb teatra gətirmək, günlərlə telefonda təriflədiyi pyesi Sadaya oxutmaq istəyirdi. Ola bilər ki, Mopoş əsərdəki baş rolun məhz Saday üçün yazıldığını uydurmurdu. Başqa bir ehtimal həqiqətə daha yaxındı: bəlkə də heç zaman ruhdan düşməyən, işgüzar, uzaqgörən direktor baş rolu Saday Sadıqlı oynayacağı təqdirdə meyit kimi döşəli qalan teatrın ayağa duracağını hədəfə alırdı. Onun xasiyyəti belə idi: kəsməsə yapışdığını buraxmazdı. Əgər o, bilsəydi ki, Sadayın haçansa Camal adında uşaqlıq dostu olub, heç bir çətinlik çəkmədən bunu hətta artistin özündən öyrənər və ömürlük yadında saxlayardı. İndi isə ortada olan həqiqət belə idi: O, taksidəydi və o uzaq illərdən, o uzaq yerdən təşrif buyuran Camalla görüşmək indiki halda onun üçün elə də böyük əhəmiyyət kəsb eləmirdi.
Camal isə həqiqətən gəlmişdi. O, ucuz, amma təzə kostyum geyinmişdi, başında bahalı buxara papaq vardı, tam ciddi görkəmlə alaraq Mopassan Mirələmovun isti, rahat otağında oturub gözləyirdi. Bəlkə də öyrəşmədiyi mühitə düşdüyünə görə onun həyəcanlı, qaynayan gözləri dağlarda mis kimi yanıb qaralmış sifətində qəribə bir parıltı verirdi.
Nuvariş Qarabağlı Sadayın gözünə dəymədi, o, kabinetdə yox idi. Belə başa düşdü, ya məşqdədir, ya da hardasa televiziya çəkilişində. (Saday hardan biləydi ki, Nuvariş haçandandı pistolet əldə etmək üçün böyük-büyük adamların qapısı ağzında N qədər vaxt itirir.)
Mopassan Mirələmov Sadayı görən dəqiqə yaşına uyuşmayan bir qıvraqlıqla kreslodan sıçrayıb artistə sarı şığıdı, onuqapının ağzındaca qucaqlayıb bağrına basdı. Hətta bu görüşdən nə qədər mütəəssir olduğunu anlatmaq naminə ağlamsındı. Camal sinif yoldaşını öpmək niyyəti ilə dodağını uşaq kimi dodağını büzüb irəli uzatdı. Saday dostunun başını bahalı papağıyla bir yerdə sinəsinə sıxdı. Onlar bir neçə dəqiqə dinib-danışmadan biri-birinə baxdılar. O qısa zaman kəsiyi Camalın özünü ələ almasına, nə söyləmək istədiyini kəsdirməyinə kifayət elədi. Lap əvvəl bir qədər həyəcanlandı, sonda isə doluxsunub hıçqırdı.