- Əhvalat belə oldu, doktor; mən səhər tezdən şəhərə çıxdım. İndi dəqiq yadımda qalmayıb, saat on olardı, bəlkə də on bir olardı. Parapetdə Fəvvarələr deyilən yer var, görməmiş olmazsınız. Bax orda qəfil qışqır-bağır qopdu. Elə bil kiminsə ətini kəsirdilər. Heç demə, bir qoca erməniymiş ordakı. Bədbəxt çörək almaq üçün evdən çıxıb və elə həmin dəqiqə keçib yerazların əlinə. Ev paltarındaymış, çəkələkdə...
Mən ora çatanda bədbəxti öldürüb hovuza tullamışdılar. Gözləri açıq idi, doktor, dübbədüz mənə baxırdı. Açığı, mən onun necə qətlə yetirildiyini görmədim. Əvvəldən orda olanların söylədiklərinə görə, lap siftə ermənini hovuza tullayıblar, buzlu suyun içinə. Bu da qoca kişii, soyuğa dözməz, istəyər sürünüb sudan çıxsın. Həmən cavan oğlanlar hovuzun başında dayanıb yazıq kişini təpikləyə-təpikləyə təzədən salıblar hovuza, ta canı çıxana qədər. Allah saxlamış bu Saday Sadıqlının da ki, başından ömür-billah qada-bala əskik deyil. Yoxsa ki, heylə zıppıltıda sənin nə itin azıb. Sadəcə, arına gəlib, özün saxlaya bilməyib. Bu da nəticəsi. Axı o aktyordur, ürək adamıdır. Ürəyi çəkib aparıb onu ora, qabağa durub kömək eləsin. Yerazlar hardan bilir bu kimdir, nəçidi? Axı onlar gəlmədilər, yerli deyillər. Elə buna görə də bədbəxt Sadayı erməni bilib, vəşiləşiblər, tökülüşübər üstünə. Mən ora bircə dəqiqə yubansaydım onlar bunu da qoca erməninin getdiyi yerə göndərəcəkdilər. Allah üzünə baxdı, sağ qaldı. Başına dönüm, doktor, xilas elə onu. Bu böyük insanın həyatı sizin əlinizdədir, - dedi və artist nəhayət ki, indicə eşitdiyiniz gurultulu, həyacanlı nitqini başa vurdu.
Həkim əməliyyata tələsirdi. Amma bunun üçün elə bil nəsə çatışmırdı. Görünür, artistin nitqindən təsirlənmişdir. O, əməliyyat stolunda tirrənən Hamlet-Otello-Kefli İsgəndərin ayrı-ayrılıqda və hamısı bir yerdə qoca ermənini xilas eləmək istəyində qeyri-adi bir əlamət görmürdü. Həkimə görə bir tikə adamlığı olan hər kəs elə bu sayaq hərəkət edərdi, basqa sayaq yox. Amma bu şəhərin adamları elə bil əvvəlcədən sözləşib əlbir olublar ki, adamlıq deyilən o idbarı yaxın buraxmasınlar. Hətta yüz faiz əmin ola bilərsiniz ki, adam sifəti görmək bu məxluqlara sərf eləmir.
Cəmi on-on beş gün bundan irəli doktor Fərzani bu otaqda hansısa möcüzə sayəsində kilinikaya çatdırılan on dörd-on beş yaşlı erməni qızcığazın üstündə olduqca ağır cərrahi əməliyyat aparmışdı.
Metronun basabas vaxtı bir neçə azərbaycanlı arvad üstünə cumub yüzlərlə məxluqun gözü qarşısında həmin qızcığaza divan tutmuşdu. Hələ bundan da bir neçə gün irəli bir başdanxarab şair xəstəxanaya basqın edib qırx ildən bəri kordologiya şöbəsində can qoyan həkimi təpəqapaz eyəyib halal-hünbət kobinetindən bayıra atmışdı, nədi-nədi erməninin qarnından çıxıb. Bu biabırçılıqdan sonra xəstəxanada dərmana bir nəfər erməni qalmadı, nə həkim, nə xidmətçi. Kimi evinə girib bayıra çıxmadı, kimi Bakıyla əbədilik vidalaşdı.
- Hər şey aydındı, Numayiş müəllim, fars demiş, məsələ məlum. - Həkim ovqatının açıq-aşkar pərtliyinə uyuşmayan gümrah səslə dedi və cərrah alətlərini əlinin altında yerbəyer etməyə başladı. Nuvariş Qarabağlı doktorun gül kimi adını təhrif eləməsindən incimədi (bu insan otuz il Moskvada yasayib, belə xırda-para yanlışlığa yol verməkdə tam səlahiyyətlidir), amma bu xırda yalnışlığa düzəliş verməyi də unutmadı.
- Deyimmi Nuvariş Qarabağlı kimdir, doktor - sözə başladı - Adi bir artist. Yüzlərlə Nuvariş Qarabağlı Saday Sadıqlinin çölə atılan bircə dırnağına dəyməz. Nadan uşaqları, kaş onun yerinə məni vuraydılar.
- Bu da Qarabağlıdır? - Həkim soruşdu və növbəti dəfə xəstənin nəbzini yoxladı.
- Yox ey, yox, doktor. Hec mən də Qarabağlı deyiləm, Kürdəmirdənəm. Qarabağlı mənim ləqəbimdir. Saday Sadıqlı Naxçıvandandı, Ordubadda Əylis deyilən bir kənd var, oralıdı. Düzdü, mən orda olmamışam, amma bilirəm ki, Nuh Nəbidən qalma bir kənddi. Vaxtilə , deyirlər, orda çoxlu erməni yaşayırmış. Onların deyəsən yeddi ya səkkiz kilsəsi indiyəcən durur. Görünür o ermənilər ağıllı, xeyirxah insanlar imiş. Bu Saday Sadıqlı da onlar kimi düz adamdır, doktor, istəyir lap dünya dağılsın, ağa qara deməz. Neçə ildir düz sözə görə başı bəla çəkir, yenə də özünə yığışmır. İki aydan sonra yaşı əlli olacaq, di gəl on yaşlı uşaq kimidi. Ürəyi dilindədi. Belə qarışıq zamanda da dilini dinc qoymur. Erməni yox ey, pis biz özümüzük, deyir. Qorxub çəkinmir. Hər yerdə deyir bunu - teatrda, çayxanada.