- Əgər Allahın olsaydı, sən də ona qarşı satqınçılıq eləməzdin. - Artist heç nədən ehtiyatlanmadan uca səslə dedi. Və dərhal (dediyi sözlərə görə təəssüf hissi keçirdiyinə görəmi, yaxud hansısa başqa bir səbəbdən) içində uçurum kimi boşluq duydu, elə qaranlıq, nəhayətsiz boşluq ki, nə başlanğıcı vardı, nə də sonu, həyatsız və havasız bir boşluq idi. Onun sözlərindən sonra ortaya çökmüş ani sükut arasında o, Mopassan Mirələmovun gözlərindəki şübhəli-hiyləgər və soyuq təbəssümü tuta bildi. Amma direktorun tərtəmiz təraş edilən kök sifəti bir anda ciddiləşdi. İşə bax ki, Sadayın tikanlı sözləri Camalın halına təvavüd eləmirdi.
- Düz deyirsən, - cavab verdi, ermənilər öz Allahlarından heç vaxt üz döndərmirlər.
Saday bu sözü elə bil əvvəllər də eşitmişdi. Artistə görə, eşitdiyi sadəcə söz deyildi, bu sözlər həm də nə zamansa bu dünyada var olan, sonra izsiz-tozsuz yoxa çıxan, unudulan səs, yumşaq, xeyirxah işıq idi. Saday Sadıqlı bu sözləri eşidəndə sakitlik tapmış, özünü ələ almışdı. O, bu saat bütün yaddaşını geri çevirib ələk-vələk eləməyə hazır idi ki, o sözü ilk dəfə kimdən, nə zaman, harada eşitdiyini xatırlasın. O, bütün Əylisi hamıya məxsus olan tək bircə ev kimi qucaqlayıb bağrına basmaq, cavan ağac kimi silkələmək, bir ovuc su kimi başına çəkib içmək istəyirdi, təki bilsin, xatırlasın ki, Camalın indicə dediyi sadə, amma inanılmaz dərəcədə dərin mənaya malik cümlənin ilk əylisli müəllifi kim olub. Ey ucalardan uca Allah! Məgər bu sözlər deyiləndə Əylis o ulu, əlçatmaz yaradanın yanında deyildimi? Əylis də məgər böyük yaradan qədər əlçatmaz olanda deyilməyibmi bu sözlər: "Allahın nəzəri həmişə ermənilərin üstündədir."
Ürəkdən sevinən Saday Camalın boynunu qucaqladı.
- Ay Cambul, elə Cambulsan ki, durmusan. Nə qədər təmiz ürəklisən, xətrinə dəysəm də incimədin.
- Təmiz adam təmiz sözdən inciməz. - Camal müdrik sözləri muncuq kimi ipə-sapa düzdü. - Yalanın ağası olmaqdansa, doğrunun qulu olmaq yaxşıdı.
- Sən Bakıya birinci dəfə gəlirsən?
- Yox, ikinci dəfədi, bir dəfə də qızımı ərə verəndə gəlmişəm.
- Səfərə çıxanda dağları kimə tapşırırsan? - Saday zarafat elədi.
- Dağların yiyəsinə kim yaxın düşə bilər - Camal ehtimal ki, Allahı nəzərdə tutub cavab verdi.
- Qoyun otarmırsan daha?
- Niyə otarmıram, otarıram. Əylisdə bir sürü nəvəm var. Onlar mənsiz də hər işi yoluna qoyurlar.
Saday ayağa durub kabinetdə gəzişməyə başladı.
- Hə, indi biz neyləyək?
- Nə barədə?
- Türmə barədə, nətəhər yoluna qoyaq bu işi?
Mopassan Mirələmov sanki bayaqdan söhbətin bu yerini gözləyirmiş kimi ayağa durdu.
- Burda çətin nə iş var ki? Sən rayon prokrorunun adına məktub yazırsan, qardaşınız da aparıb verir ona. Prokror sənin sözünü yerə salmaz. Oğlanı açıb buraxar, bununla da iş bitər. - Direktor xəlvətcə Saday Sadıqlıya göz vurdu və əvvəlcədən hazır elədiyi qələm-kağızı ona uzatdı. - Prokurorun nə həddi var ki, sənin kimi qüdrətli xalq artistinin sözünə qulaq asmasın? ( qeyri-rəsmi görüşlərdə direktor Saday Sadıqlıya həmişə "xalq artisti" deyirdi) Üstəlik ortada ölüm yox, itim yox. Hadisədir, baş verib, söz-sözə gəliblər, dalaşıblar. İndi də barışırlar, vəssalam. - Direktor yenə xəlvətcə Sadaya göz basdı və yalnız bundan sonra artist anladı ki, Mopoşun fikri mümkün qədər tez bir zamanda Camaldan yaxa qurtarmaqdır.
- Yox, heylə olmaz. Prokuror pulu qoyub mənim sözümü tutmaz. Artist qətiyyətlə kağızı geri itələməklə, direktoru başa salmaq istədi ki, onun fırıldaq oyununa şərik ola bilməz. Sonra o, Camalın dərd yağan sifətinə baxdı, bu dəfə də qəlbinin dərinliklərində zülmətə bürünən, gün işığı qəhətə çıxan, üzü gülməyən, ölü, kədərli Əylisi gördü. O Əylisi ki, dağlarını itirmişdi, məbədlərini itirmişdi, o sayaq möhtəşəmliyini itirmişdi. İnsansız bomboz küçələr. Həyətlərdə son payızın ölü sükutu. Nəfəsi dayanmış ağacların üstündə bircə yarpaq da qalmayıb, yiyəsiz dağların nə sürüsü var, nə çobanı. Yalnız ala qarğalar bomboz müsəlman qəbristanlığının üstündə dövrə vurur. Bütün düşüncələri çıxılmazlığa dirənən Saday uzun düşüncələrdən sonra dedi:
- Bəlkə Babaşı tapaq?
Camal sevindi və sanki bu sözə bənd imiş kimi dirilib özünə gəldi.
- Hə! - Həyəcanla dilləndi. - Onu tapaq! Mütləq kömək edər. Vəzifəsi, adı-sanı, hörməti... - Güclü adamdı Babaş. - O, stolun arxasından qalxdı. Məni apar onun yanına. Qalanı mənlikdi.
Saday Sadıqlı Babaşın vəzifə yüksəlişindən kifayət qədər xəbərdar idi. Az müddət komsomolun Mərkəzi Komitəsində işləyəndən sonra onu Bakının böyük rayonlarından birinə icraiyyə komitəsinin sədri qoymuşdular. Rayon partiya komitəsinin birinci katibi olmuşdu, xeyli müddət nazir kürsüsündə əyləşmişdi. Axır macallarda Mərkəzi Komitənin şöbə müdiri idi. Cəmi iki ay əvvəl "Xalqsevərlər Cəmiyyəti" yaranmışdı və Babaş Ziyadov indi orda sədr vəzifəsini tuturdu.