Выбрать главу

Saday illər boyu Babaşla görüşməkdən qaçmışdı, amma indi Camalın xətrinə hər şeyə hazır idi. Ancaq o, Babaşın rəhbərlik elədiyi təşkilatın harada yerləşdiyini bilmirdi. Buna baxmayaraq tərəddüd etmədən onu axtarmağa qərar verdi. Sadayın qəti qərarı direktoru təlaşa saldı, o, stoldan aralandı, onların qabağına yeriyib, kabinetdən çıxmalarına mane olmaq istədi.

- Hara?! - Mopoş qapının ağzını kəsdirib bağırdı. - Yerliniz Babaş Ziyadovun yanına getmək fikrindəsiniz? Hövsələnizi basın. Hələ bir qoyun zəng çalaq, soruşaq. Bəlkə heç yerində deyil.

Direktorun masasının üstündə görünüşünə görə bir-birinin eyni olan üç telefon aparatı vardı - daxili, şəhər və hökumət telefonu. O, telefonlardan ən mötəbərinin dəstəyini qaldırdı. Həmən dəqiqə sifəti ciddiləşdi. Aparatın əhəmiyyətini nəzərə çarpdırmaq üçün nümayişkaranə tərzdə üç dənə rəqəm yığdı. Babaş Ziyadovun səsini eşidəndə isə karıxdığını ört-basdır eləyə bilmədi.

- Salam, Babaş Bilaloviç! Mirələmovdu... Hə, teatrdan... Allah köməyiniz olsun... Yerdən göyə razıyam sizdən... Olacaq. Əla pyes gəlib. Özü?..Əlbəttə, bilir. Bəli, bəli, məlumat verilib. Pyeslə şəxsən tanış olub... Bəyənib. Çox xoşuna gəlib. Bəli mövzu olduqca aktualdı...  Onun obrazı?..Var, var. Pyes on üç il ərzində onun burda törətdiyi biabrçılıqdan bəhs eləyir. Baş rolda kimdiii? Bəli, bəli odu. Sizin yerliniz, o, bizim fəxrimizdi. Əslinə qalanda müəllif bu rolu yazanda Saday müəllimi nəzərdə tutub, o, özü də deyib ki, bu rolda Saday Sadıqlını görmək istəyir. Bəli, bəli, özü!

Saday Sadıqlı bilirdi ki, hakimiyyət başına gələn təzə Birinci bütün diqqəti keçmiş Rəhbərin ifşasına yönəldib və indi o, tamam gözdən salınıb. İndi direktor qəfil yerindən sıçrayıb artistə dil tökəndə o, anlayırdı ki, Babaş Ziyadov şübhəsiz, teatra nəsə vəd eləyir. Sadayın bu saat direktorun kabinetində olmağı Babaşa da gün kimi aydın idi. Direktor isə hələlik bu barədə susur, Ziyadovun artistlə danışmaq təklifini bir məmur təmkini ilə ləngidirdi. Nəhayət, bayaqdan davam edən gözlənti sona yetdi.

- Bəli, o buradadı, mənim yanımda, sizə minnətdarlıq eləmək istəyir. - Mopoş az qala sevincindən oynaya-oynaya dəstəyi Sadaya uzatdı.

Artist Babaşla salamlaşıb birbaşa mətləbə keçdi.

- Camal gəlib, - quru danışdı, - sənə işi düşüb.

- Yəni elə çətin işdi? - Babaş zarafat eləmək istədi.

- Sənin əlində heç nədi.

- Tanınmış artistsən, sənin üçün də çətin olmaz. İnanmıram ki, camaat səni bizdən az istəyir.

- Əgər gücüm çatsaydı sənə zəng eləməzdim.- Saday xoş danışmağa çalışdı. Yaxşı, onu qəbul eləməyə imkanın var, ya yox?

Görünür, Babaş Ziyadov artistlə zarafat eləməyin səmərəsiz olduğunu anlayıb ciddiləşdi:

- Noolar, qoy gəlsin, qəbul eləyərəm - deyib bir müddət susdu, incikliyini birtəhər boğub əlavə elədi: - Mən də elə bilirəm təbrik üçün zəng çalmısan...

Bu sözdən sonra Babaş o başda telefonu qapadı, bu başda telefonun dəstəyi əlində qalan artist gözlərini Mopassan Mirələmova dikdi:

- Eşitdin? Deyir, məni təbrik eləməmisən. Nəyə görə onu təbrik eləməliyəm?

- Bilmirəm. - Direktor gözünü telefon aparatından ayırmadan mızıldandı.

- Dünənki "Kommunist" qəzetində yekə bir məqaləsi çıxıb. Yəqin onu deyir.

- O da yazıçı olub? - Artist deyinə-deyinə kabinetdən çıxmaq üçün qapıya yönəldi.

- Hara? - Mopassan cod səslə soruşdu.

- Bunu aparın, özü yolu çətin yolu tapa.

- Otur. Sürücüm aparar.

Camalı kabinetdən qovub çıxarmadan özünü güclə saxlayan Mirələmov Sadayın əlini qamarlayıb özünə sarı dartdı və onu kresloya oturtdu. - Qulaq as, sənə nə olub? - açıq-aşkar artistin halına acıyan Mopassan kədərlə dedi.

- Bilmirəm nə olub?

- Nə olacaq bir aydır ki, səni evdən çıxara bilmirəm.

- Şişirtmə, ay yoxdu - Saday Sadıqlı etiraz elədi.

- Axırıncı səfər nə vaxt burda olmusan? Əgər dəqiq desən, bir xaş qonaqlığı məndə.

- Sözün düzü, Mopoş, yorulmuşam, hər şeyə nifrət eləyirəm. - Artist səmimiyyətlə etiraf elədi.

- Nədən yorulmusan axı? Kimdi səni yoran? Burda sənə güldən ağır söz deyən var? Özünə qapanıb evdən bayıra çıxmırsan. Başa düşmürəm bütün günü evin içində necə boş-bekar oturmaq olar?

Mirələmov cibindən açar çıxarıb açılıb örtülən şkafın arxasındakı gizli, köhnə seyfi açdı - teatrda kabinetin bu həssas nöqtəsinə "Mopoşun sirri dağarcığı" deyirdilər. Oradan ən hörmətli qonaqlar üçün saxladığı bir şüşə fransız konyakı, "moskovski" şkolad qutusu, iki bullür qədəh çıxarıb stolun üstünə qoydu.