Выбрать главу

- Yaxşı, gəl oturaq, - qədəhlərə konyak süzərək dedi. - Bir az qırışığımız açılsın.

Neçə ay idi Saday Sadıqlı dilinə sipirtli içki vurmurdu. Tam əmin olmuşdu ki, nəsə dilinə dəysə, mütləq bir zibil çıxardacaq. Ona görə də içməkdən qorxurdu. Amma indicə içdiyi konyak onun canındakı qorxunu bir anda silib apardı. Bədənində xoş və ətirli hərarət bədəninə yayıldı, ürəyi sakitləşdi, qanı duruldu. Bir anın içində dörd tərəf geniş azad və çox rahat oldu.

Ey mənim Allahım, səbəb nəydi? Birdən-birə necə oldu ki, çoxdan unudulmuş Əylisində dağlar, daşlar dirilib cana gəldi. Ay Allah, nə təhər oldu ki, Anikonun boğulan, qəhr olan səsi durduğu yerdə, lap elə heç nədən Əylis səhərinin yaxasında gül kimi açılıb yenidən parladı, dirildi. Nə üçün, İlahi, Saday bütün varlığı ilə istədi ki, Mopossanın qarşısında Anikonu əzizləsin, Əylisin vicdanlı, zəhmətsevər erməni əhalisi haqqında danışsın, onları tərifləsin.

O, coşğun bir istəklə Əylis ermənilərinin möcüzə yaratmağa qadir əməksevərliyi və Allaha bəslədikləri nəhayətsiz sevgi barəsində teatrın drektoruna təkrar-təkrar danışmaq istəyirdi. Ancaq, o, belə eləmədi. Başa düşdü ki, Əylis erməniləri barəsində Əylisdə doğulmayan, on iki Əylis kilsəsinin eyni anda yüksələn zəng səslərini dinləməyən, Ədif bəyin qara atından, qəssab Məmmədağanın xançalından xəbərsiz, kilsənin günbəzində sirli bir parıltıyla əks olunub hansısa bir əylisli oğlan uşağının qəlbinə axan o sarımtıl-narıncı işığı ömründə bircə yol görməyən bir adama Əylis erməniləri barədə nəsə deməyin heç bir mənası yoxdur.

- Yox, Mapossan Mirələmova ümumiyyətlə Əylis barədə bircə kəlmə də demədi, bunun əvəzinə konyakı təriflədi. Mopoşa xoş sözlər söylədi və ürəyində insanlardan aralı qaçdığına görə özünü qınadı. Təklik, indi belə düşünürdü, ölümün özüdür, bəlkə ölümdən dəbetərdir. Yaxşı ki, hərdənbir içmək var, yoxsa adam gəbərər, üstünə tökülən dərdin əlindən yaxa qurtara bilməz.

Elə birinci qədəhdən sonra Mopassan Mirələmovun keyfi duruldu, üzü təravətləndi, gözlərinə işıq gəldi. Yeni pyesdən danışmaqdan üçün hövsələsi daralıb bir tikə olsa da "Mopoş dayı" əsas mətləbə keçməyə tələsmirdi. Görünür işin əvvəlində o ( razılaşdırılmış plan üzrə) artistin əhvalını yüksəltmək istəyirdi ki, sonra onun başını bişirmək asan olsun. Ola bilər, xasiyyətinə yaxşı bələd olduğu Saday Sadıqlının rədd cavabı verə biləcəyindən ehtiyatlandığı üçün vaxtı uzadırdı. Yaxud da direktor teatra Mərkəzi Komitədən göndərilən əsərin bədii cəhətdən heç bir dəyərə malik olmadığını anlayır, amma dəfələrlə telefonda tərifləməyinin əksinə olaraq indi, dostyana şəraitdə pyesin yaxşılığına danışmağı özünə sığışdıra bilmirdi. Mopassan Mirələmov yenə qədəhlərə konyak süzdü. Bir-iki qurtum içib xoşbəxtcəsinə gülümsündü.

- Fikir verirsen, ustad, necə gözəl alındı. Ən yaxın dostum Saday Sadıqlı qədər təmiz adam olmasam da, heç demə, qardaş, mənim də üstümdə Allahın nəzəri varmış. Bunun hamısı Allahın hökmüdür. Sənin o çobanını da bura Allah hərləyib gətirib. Əgər o peyda olmasaydı, hələ bundan sonra sərasər bir ay səni evdən dartıb çıxara bilməyəcəkdim. Ziyadovla danışmağımız da əla oldu. Uşaqlıq dostun öz ayaqıyla durub bura gəlməsəydi, hansı səbəbə görə Ziyadova zəng eləyərdim. Eşitdin də, təzə Rəhbərin adını çəkməklə onu nə təhər umsuğa saldım? İndi Ziyadov teatrın üç-dörd təzə tamaşasına maya buraxmağa hazırdı. Yüz faiz əminəm ki, maliyyələşdirəcək. Bəxti gətirib, yenə köhlən belindədi. İndiki Birinci ilə komsomoldan dostluq eləyirlər.

- Yaxşı, bəs Babaş keçmiş Rəhbərin adamı deyildi? - Fikri-zikri Camalın yanında qalan Saday Sadıqlı laqeyd halda soruşdu.

- İç - direktor əlində qədəh Saday Sadıqlının qarşısında dayanıb bir növ tələb elədi. Əla çayım da var, indi dəmləyərik. - O, elektrik somavarını su ilə doldurub cərəyana qoşdu.

- Boşla getsin. Heç indiyə qədər keçmiş Rəhbər, yanında bircə nəfər də olsun diri adam saxlayıb ki? Onun qabağında kimin hünəri çatırdı desin, mən də adamam, atam filankəsdi, anam filankəsdi? Az-maz adamlığı olan bir paralarını isə məxsusi jandarm metodunu işə salıb dinməzcə xidmət eləyən idbar məxluqlara çevirib, istinasız olaraq hamısını maskalanmağa məcbur edib. İndi biz nə təhər deyə bilərik ki, kim onun adamı olub, kim olmayıb.

Bax elə bu kabinetdə on il əvvəl Rəhbərin qabağında Mopoşun necə yaltaqlanıb dörd qat büküldüyünü xatırlayır və yağlı ana söyüşü söyməkdən özünü güclə saxlayırdı. O, konyakı birnəfəsə başına çəkib qədəhi stolun üstünə qoydu.