Выбрать главу

- Dayan, dayan , vicdanın olsun! - O, qışqırdı. - Bunu mənə sən deyirsən? -

Artist beləcə qəfil qızışanda yekə-yekə danışan Mopassan özünü yığışdırıb, quzu balasına döndü.

- Yaxşı, indi bəs mən neyləyim, dərdimi səndən başqa kimə deyim? - O, gileyli-gileyli dedi. - Bəlkə yalan deyirəm. Əgər bu əclafların biri olun adamı olsaydı, yanına gedib baş çəkərdi. Hanı, bir köpək oğlu qapısını açmır. Odu ey, oturub bağ evində yalquzaq kimi ulayır.

- Əlbəttə ulayar, sən də baş çəkməmisən? - Artist yerindən durub otaqda gəzişməyə başladı. - Dünən onun üzünə tüpürdüyü adamlar üzünün tüpürcəyi qurumamış yeni Rəhbərin qapısında növbəyə durublar. İndi buna nə ad verirsən, nədəndi bu, sevgidən, yoxsa qorxudan?

Mopassanın sarsıntısı hələ də ötüb keçməmişidi, bununla belə cavab vermək üçün özünü ələ almağa çalışırdı.

- Bəli, belədi. Sən tam haqlısan. Biz beləyik də, mən də, Babaş Ziyadov da. Amma, qardaş, bu onun yetirib bitirdiyidi də! Kim eləyib? O eləyib də, Rəhbər olduğu on üç il ərzində bütün ölkəni qula çevirib. Zibil eləyib həyatımızı. İndi yeni rəhbər neyləsin, iki ilin içində nəyisə dəyişə bilərmi? - Mopassan həyacandan qızarmışdı, - tələsmək lazım deyi, görəcəksən hər şey tədricən düzələcək.

- Yox, heç nə düzəlməyəcək. - Saday Sadıqlı təlaş içində dedi. - Siz xalqın arasında böyük nüfuzunu qoruyub saxlayan Rəhbəri bundan sonra daha bərkdən söysəniz belə, yenə ona heç nə eləyə bilməyəcəksiniz. İndi siz birləşib onun bütün günahlarını, özünün yetişdirdiyi itaətkar kölələrin çiyninə yükləmək istəyirsiniz ki, yenə də bu zibili təmizə çıxarasınız. İki daşın arasında qırğın salmaq istəyirsiniz, deyirsiniz heç bir enerji, ağıl sərf etmədən her şey sizin olsun. O isə ayağının altındakı yüsəkliyə ağıl hesabına qalxıb. Anadangəlmə hakimiyyət hərisliyindən enerji alıb. Qulların himnini o düzüb-qoşub, siz isə onu xorla oxumusunuz. İndi adamlarda bir damcı vicdanın, həyanın qalamdığı, hamının nifrət və zalımlıqla nəfəs aldığı, yalanın ayaq tutub yeridiyi çaşqın bir vaxtda, lənətə gəlmiş bu alverxanada siz cəsarətlənmisiniz, gözdən düşmüş Xozeyini üzə çıxartmaq istəyirsiniz. - Sinəsini boşaldıb bir qədər susdu, sonra isə əvvəlki qaydada sərt və qətiyyətlə danışmağa davam etdi. - Zora arxalansa da onun aydın məqsədi var. Lap pis halda elə buna görə hörmətə laiqdir. Dərin ağılı, ayıq başı var, inanılmaz dərəcədə fərasətlidir. Bu adam ona nə lazım olduğunu dəqiq bilir. Şeytan onun əlinə su tökməyə yaramaz. - Artist ucadan danışırdı və hirsi sovuşub getmişdi, hətta kefi kökəlmişdi.

Mopassan Mirələmov dinib-tərpənmirdi. Artisti çoxdan və dərindən tanıyan bir adam kimi çox güman, elə indidən ona aydın idi ki, Saday Sadıqlı gözdən düşmüş köhnə Rəhbərin əlehinə getməyəcək, ona düşmən kəsilən yeni rəhbərliyin xoruna da qoşulmayacaq . Artistin təbiəti beləydi. Onun söylədikləri direktoru əməlli-başlı təlaşa salırdı.

- Deməli belə. - O çaşqın halda deyindi. - Sözün düzü, mən də bu fikirdəydim. Bilirdim ki, axına qarşı durmaq mümkün deyil. - Mopassan həlim, dostyana danışır, özünü necə lazımdı elə aparmağa çalışırdı. - Sən ondan çox pislik görmüsən, amma yamanlığa yamanlıq eləmək istəmirsən. Əslində işin qənbərqulusu sənin vicdanlı olmağındı. Əgər söhbət adi adamdan getsəydi, dilxor olmağa dəyməzdi. Biz dövlət xadimi barəsində danışırıq. Ona görə də şübhələnirəm, hislərin səni aldatmır ki? Axı sən həftədə bir dəfə teatra gəlib-gedəndə, iki-üç ay bundan qabaqkı görüşlərimizdə belə düşünmürdün.

- Saday Sadıqlı dərd çəkən, qızarmış gözünü qıyıb cavab verdi.

- Hə, iki-üç ay əvvəl görüşəndə...  o iki-üç ay mənə artıqlaması ilə bəs elədi ki, bu yenidənqurma deyib hürüşənlərin, siyasi qışqırıqçıların ölkəni uçuruma sürüyürlərin məqsədindən xəbərdar olum. Əmin oldum ki, yalnız nadan adamlar olkəni belə biabırçı şəkildə dağıda bilərlər. Yəni sən görmürsən ki, bunların heç bir hərəkətində aydın fikir yoxdu? Yenidənqurma hakimiyyətə can atanların əlində bir növ yeni silahdır. Xalq təlaş içindədir. Heç kim bilmir ki, sabah başına nə gələcək. Hər şey çat verir, dağılır. Ölkə üfunət iyi verən bataqlığa dönüb. Aradan nə qədər sular axmalıdır ki, bu acgöz çərənçilər heç olmasa bir-birlərini dinləməyə həvəs göztərsinlər.

Artist ehtirasla danışırdı. Elə bil səhnədəydi və sözünü ən axır sırada oturan tamaşaçıya çatdırmaq istəyirdi.

- Sənin yeni Rəhbərin və onun gənclik vaxtından komsomolda dostluq elədiyi şəxslər cəmiyyətdə nələrin baş verdiyini yaxşı bilir, dərk edirlər. Amma bununla belə keçmiş Rəhbərin caynağına hər hansı bir bayağı, mənasız bəhanə vermirlər. Çünki onlar o Rəhbərin vaxtında hakimiyyətin quyruğunda əsir olublar, üstəlik dövləti onun əlindən qəbul ediblər. - Artist yenə qəzəbləndi, həyacan hirs yığıldı. - Hə, o, ətrafına yaltaqları yığmışdı və camaatın gözü qabağında həmən yaltaqları ələ salıb dolayırdı. Anlayırdı ki, hər yaltaqın içində gələcəyin bir tiranı yatır və həmin o balaca tiranlarda özünün kədərli oxşarını görürdü. Bunlar dünəndə qalıb. Guya bu gün vəziyyət yaxşıdı, hər şey bitib? Ölkə nəhəng dəlixanaya dönüb. Hətta Kreml gərəksiz kontor kimi nəzarətsizdi, əldəqayırma siyasət vunderkindləri öz xeyirləri üçün ölkəni dalana dirəyiblər. Xalqa yalançı yenidənqurma möcüzəsi vəd ediblər, amma əsl həqiqət başqadır. Hamı vəhşiləşib, yabanı olub insanlar. Aləm od tutub yanır, bu yandan da bir topa pisniyyət gədələr məhsulyyətsizcəsinə adamları daha fəal olmağa çağrışırlar. Belə siyasətbazlarla müqayisədə keçmiş Rəhbərin adını dahilərin cərgəsinə qoymağa hazıram.