Saday Sadıqlı səhnədə sürəkli alqışlara bürünən onlarla monoloqu əzbər bilirdi, Mopassan Mirələmov isə vaxtında təcrübəli teatr adamı olaraq bu monoloqlara heyrət içində qulaq asmışdı. O, əvvələr də bilirdi ki, Saday Sadıqlı çoxdan artisliyin fövqündədir. İndi isə içini qorxu bürüdü. Sadaya etiraz eləmək fikri yox idi, amma elə bil birdən onu arı sancdı. Qəzəblə əlini ovuşdurub, aktyorun sözünü kəsdi:
- Dayan, dayan! Sözündən belə çıxır, Sumqayıt hadisələrini də o törədib ki, Kremldən qisas alsın...
- Yox, mən bu fikirdə deyiləm, - Saday tərəddüd eləmədən bildirdi. - Əslində tam əminəm, başıboş adamlar sarsaq başçıların təhriki ilə Sumqayıt faciyəsini törədəndə, o, bağda televizorun qarşısında oturub acı göz yaşları tökürdü. Sovet Sosialist Respublikalarının heç birində baş verməyən bu hadisəyə görə dəhşətə gəlirdi ki, gör nadan siyasətçilər məsələni nə yerə çatdırdılar.
- Bəsdi sən Allah! Onun necə əlçatmaz olduğu, guya, yadından çıxıb. Əslində öz yerlilərinin əlindən qəzəblənmisən, indi hamısı, dil boğaza qoymadan erməniləri söyürlər. Axı sən bilirsən ki, ermənilər onun hiyləgər və qanlı siyasəti nəticəsində bizdən üz döndəriblər. Özünü elə aparırsan, guya bu boyda həngamə baş verib, sən də bütün bunlardan xəbərsizsən. Tərifləyirsən onu, nədi-nədi vəzifə borcu və qaydalar belə tələb edirmiş. Axı onun səni görməyə gözü yox idi, bunu hamı bilir.
Artist Mopassanın saxta və gecikmiş cəsarətindən təngə gəldi.
- Özün kömək ol, Allah, özün kömək ol! - Demək olar bağırdı. - Yenə də yalan deyirsən, Mopoş , o, hərdən mənə rəğbət göstərirdi. Etiraf edirəm, amma hər zaman öz maraqlarını güdüb. O da var ki, xalqın dəyər verdiyi adamları bir kənara tullamayıb. Bu mənada keçmiş Rəhbər mənə diqqət yetirib, işin belə alınmağında isə bizim təqsirimiz eyni dərəcədədir. Kiflənmiş sistemə nifrət hissi mənim canımdadır. İndi ağlıma gəlir, o hansısa bir hissiyatla donkixotluğumu duyubmuş. Çünki o, istedadlı idi, Mopoş! - Artist çılğınlığını boğub bir qədər düşündü, sonra özünü ələ aldı: - O, dövlət təltiflərini və ucuz söhrəti mənə vermədi. O, məni öz üstünə gələn tufanın qarşısına itələdi. Bu qərəzsiz faciə və komediyada mənim rolumu öz əli ilə bölmüşdü. Həmişə o fikirdə olmuşam ki, içimdəki azadlığı qoruyub saxlamaq üçün davamlı olaraq dövlətlə münasibətləri korlamaq gərəkdi. Bu mənada mən onu özümə xaç atası sayıram.
- Əzizim, sənə elə gəlmir ki, davamlı olaraq özün-özünü təkzib edirsən?
Hirsindən od tutub yanan Saday Sadıqlı onun son atmacasını ya eşitmədi, ya da qəsdən qulaq ardına vurdu.
- Elə o vaxtdan güc topladım ki, istənilən zərbədən sonra ayağa dura bilim. Daha indi, gücüm yoxdu, qalmayıb. Mopoş, anamın qəbrinə and olsun, heç nəyi başa düşə bilmirəm. Boynuma alıram, Mapoş, qorxuram. Canım biri bitməmiş o biri başlayan dəhşətli yuxuların caynağına keçib. Nə vaxtan bəri çalışıram ətrafla bütün əlaqələri üzüm. Dünya ilə təmasın hər anı məni zibilə salır, başıma bəla gəlir. Adamlar tanınmaz dərəcədə dəyişiblər. Mopoş, səncə bu dəhşətli deyilmi, ölkədə bircə nəfər Allah adamı yoxdur ki, öz dərisindən qorxmayıb xalqa həqiqəti desin. Hanı bizim mərhəmətli millətimiz? Hanı bizim nur saçan ziyalımız? Çoxdan hiss etmişəm, Mopoş, bu barədə əvvəllər də fikirləşmişəm: bizim keçmiş "millət atası"nın mənim kimi tək-tək asilərin boğazına bağladığı zəncir, o bu dünyada yaşasa da, yaşamasa da bədbəxt ziyalıları boğub öldürəcək, məhv edəcək. - Artist susub dediyi sözlərdən sonra boşalmış içinin dərinliyinə çökdü.
Mopassan təlaş içində kreslodan sıçrayıb qışqırdı.
- Qardaş, sən dahisən, Allah haqqı, dahisən! Necə möhtəşəm monoloq söylədin. Bəs axı mən nə deyirəm? Mən də sən dediyini deyirəm də...