- Babaş Ziyadov nə vaxtdan Babaxan Ziyadxanlı olub? - Rəngi boğulmuş halda
Soruşdu? - onun bir babası Əylisdə əldəqayırma molla idi, o birisi çayxana qumarbazı.
Mopassanı gülmək tutdu, çaşqın halda üzünü yana çevirdi.
- Bax hələ, alçaq nə təhər çönüb, - Saday Sadıqlı davam elədi. - Nə abrı var, nə
həyası. Hakimiyyət hərisliyi adamı hansı şəkilə desən salar. Öz el-obasına böhtan demək üçün bu Götxan Amcıqxanlının ehtiyatında hansı söz desən tapılar, di gəl xaç atasının xətrinə dəyən bircə kəlmə tapıb deyə bilməz. Mopoş, axı bu Götxanı, Allah gildən yoğurmayıb, onu da o yaradıb, bizim Rəhbər. İndi, əzizim, mənə de görüm Babaş Ziyadova kim ixtiyar verib ki, rəsmi partiya qəzetində ağzına gələni yazsın və altına da Babaş Ziyadov yox, Babaxan Ziyadxanlı imzasını qoysun. Halbuki bu tulanın nəsil-nəcabətində nə bəy olub, nə xan.
- Nə deyə bilərəm, - uzun sükutdan sonra Mopoş dilə gəldi. - Yəqin, qərar belə olub.
- Kim qərar verib?
- Yuxarı. Belə məsələlər harda həll olunur ki?
- Yoxsa yuxarıda müharibəyə başlamağa hazırlaşırlar? Əgər Babaş onların öz adamıdırsa, niyə belə düşüncəsiz, məsuliyyətsiz "meydan qəhrəmanı"na demirlər ki, odun üstünə yağ tökməsin.
Direktor açıq-aşkar qərara gəldi ki, artistə öz ağlını nümayiş etdirməyin və məsələyə dövlət yanaşmasının nədən ibarət olduğunu bildirməyin münasib məqamı yetişib.
- Sənin səfehliyin, vicdan haqqı, məni məhv edəcək. Görürsən ki, bu sehrbaz cəbhəçilər "Qarabağ, Qarabağ" deyib bağıra-bağıra nə əməllər törədirlər? Qarabağ onların qozuna da deyil. Onların fikri iqtidarı yıxıb hakimiyyəti ələ keçirməkdi. Küçədə ermənini söyməyənə qulaq asan yoxdu. Belə vəziyyətdə dövlət neyləməlidi? Onlar da öz məqsədlərinə görə erməni kartından istifadə eləməyə məcburdular. Bu siyasətdi, ustad. Siyasətin isə min sifəti olur. - Mopasan gülümsədi, görünür bu dərəcədə dərin ağıla malik olması şəxsən özünün də xoşuna gəlmişdi.
- Bəli, bəli, böyük siyasətdi. Allah haqqı dahiyanədi. Deməli, qaraguruhun bəxti bu dəfə də gətirdi, alçaqlıq üçün geniş üfüqlər açılıb. İndi istənilən iyrəncliyi eləyib günahı erməninin üstünə atmaq olar. - Artist direktorun yanına gəlib düz onun gözünün içinə baxdı. - İndi, Mopoş, kişi kimi danışaq: əgər sənin bu pyesin belə "dahi siyasətçi"yə həsr olunubsa, bəri başdan hesab elə ki, mən orda oynamayacağam. O yaşım deyil ki, səhnəyə tullanıb büsbütün bayağı və cəfəng bir şeyi təbliğ eləyim.
Pyesdəki baş qəhrəman obrazının uğur qazanacağına böyük ümid bəsləyən Mopassan Mirələmov bu rolun ifası üçün başqa bir aktyoru təsəvvürünə gətirə bilsəydi, elə bu saat müəllifin üstünə minnətə qaçar, rəhbərliyin icazəsini alar və elə indicə bu haqq-ədalət carçısıyla hesab çəkərdi. İş burasında idi ki, idi o özü də bu rolda bir başqasını yox, yalnız Sadayı görürdü.
- Qəribə şeylər danışırsan, - o dedi - Məgər belə işdə səni aldatmaq yaraşar mənə? - O, stolun gözündən bir qovluq çıxarıb artistə uzatdı. - Budur pyes "Cənnətə cəhənnəm dedik". Adındanca bilinir ki, söhbət burada nədən gedir. Axı bunları vaxtilə sən özün deyirdin, bizim ağlımız kəsmirdi ki, anlayaq. İndi cavan bir müəllif çıxıb bu pyesi yazıb. Keçmiş Rəhbərin, siyasi avantüristin obrazını yaradıb. - Direktor susub, bir az düşündü. - Sənin kimi nəhəng artist bu vaxta qədər "Xalq" almamısan. Niyə? Çünki həmişə həqiqəti demisən. Bu siyasi əjdahanın qarşısında heç zaman əyilməmisən. Allaha min şükür, indi hər şey tədricən yerini alır. Yeni Rəhbər də səni yaxşı tanıyır. Bilir ki, sən köhnə Rəhbərə tərif deməyən tək-tük ziyalılardan birisən. Deməli, ilk tamaşadan dərhal sonra çoxdan layiq olduğun adı alacaqsan. Bütün məsələlər danışılıb.
Görünür, Mopassan Mirələmov Saday Sadıqlını tilsimləmək istəyirdi. Məsələyə onun nöqteyi-nəzərindən baxan hər kəs düşünə bilərdi ki, direktor istəyinə nail olacaq. Çünki artist sakit, sanki qisməti ilə barışmış bir tərzdə susub Mopassana qulaq asırdı. Əslində isə Saday Sadıqlı sadəcə, yorulmuşdu. İndi onun nəzərində köhnə Rəhbərlə təzə Rəhbərin, Mopoşla Babaşın, Cambul Camalla Cingöz Şabanın, yalanla həqiqətin, səmimiyyətlə süniliyin arasında heç bir fərq yoxdu. Bütün ətraf gözündə saxtakarlıq və satqınlıqdan ibarət idi. Bunlar bir tərəfə, hansısa izah olunmayan xəcalət, təəssüf hissi yaxasından yapışıb artisdən qopmaq bilmirdi. Ona əzab verən bu acı təəssüf duyğusu nə idi? Bəlkə bu acı hisiyyat bu qədər danışandan, çənə vurandan sonra da Mopassanın qartımış, partiya teatrının həyat əlaməti olmayan devorasiyaları arasında dəyişməz qalmağına görə idi. Bəlkə zahirən yazıq, diribaş amma kilsənin günbəzində bərq vuran sarımtıl-narıncı işıqla, Əylisdə birgə keçirdikləri uşaqlıq illəri ilə heç bir bağlılığı olmayan Camalın bayaq durub gedəndən sonra artistin qəlbində yaranan nəhayəsiz boşluq səbənindən idi. Bəlkə bu ağır, təlaşlı duyğuların əsl baiskarı xəyalən Əbədi Şərin yeni sifətini görmüş, indi Babaxan Ziyadxanlı kimi səslənən yeni adını eşitmişdi? Fərq etmir səbəb nədir, ortada olan bu idi ki, 1989-cu ilin faciyəvi dekabr günü o Mopassan Mirələmovla uzun, ağır danışıqlardan sonra Saday Sadıqlı alçaq bir boşluğun dibinə düşmüşdü. Ən dəhşətlisi isə indi Saday Sadıqlının düşdüyü o boşluqda hətta Eçmiədzin kilsənin müqəddəs səcdəgahı da onun işlədiyi teatrın səhnəsi kimi mənasız və cansıxıcı idi.