O, qanı qaralmış, beyni donmuş halda teatrdan çıxdı.
DÖRDÜNCÜ HİSSƏ
Dokror Abasəliyev təsdiqləyir, əgər qətlə yetrilən hər erməninin adına birşam yandırılsa, o şamların işığı ayın işığını kölgədə qoyar.
Sıx duman dünyanı udub...
Elə bil dünya deyilən yalnız dumandan ibarətdir. Belə bozluğun ardınca mütləq nəsə olmalıdır. Qatı dumana bürünən dünya heç şübhəsiz ki, üzünü göstərməlidi. Saday bunu bilir, huşu üstündə olmasa da yalnız həmin anı gözləyir. Həqiqətən də duman get-gedə çəkilirdi, di gəl artist indi harda olduğunu anlaya bilmirdi. Açıq-aşkar gördü ki, buz kimi soyuq daş səkinin üstündədir. Guya bura Əylisdi, Vuraqırd kilsəninə gedən daş yolun tən ortasında oturub. Amma oturduğu yerdən kilsə görünmürdü, kilsələrin arxasından dikilən qəlbi dağlar da görünmürdü. Artisti təlaş və qorxu sıxırdı və yenə də dərk eləmək istəyirdi ki, onun olduğu yer haradır. Əgər bu həqiqətən də Əylisdəki daş yoldursa, bəs onda dağlar hanı, kilsələr niyə qeybə çəkilib?
Bax bu an artist şirin bir ümidlə başa düşdü ki, o artıq dağlardan, kilsələrdən, Vuraqırdın küçələrindən çox, çox aralıdadır və elə indilərdə Eçmiədzinə çatacaq. Bu təravətli xoşbəxt duyğular balzam kimi ürəyinin üstünə tökülən anda onu əməliyyat otağından palataya aparırdılar, - bədəninin bütün hey-hərəkətini itirsə də, huşsuz halda, nələrin baş verdiyini anlamaq iqtidarında olmasa da Saday Sadıqlı hansı bir əzasınınsa duyumu ilə yerinin dəyişdirildiyini hiss edirdi.
Yalnız dördüncü gün, axşama yaxın xəstənin vəziyyəti nəzərə çarpacaq dərəcədə yaxşılaşdı. Hələlik danışa bilmirdi, amma görünür, səsləri ayırd eləyir və hətta, söhbətin nədən getdiyini duyurdu. Üçüncü gün idi ki, Azadə xanım ərinin yanından aralanmırdı. Münəvvər xanım da günün çox hissəsini Saday Sadıqlının palatasında keçirirdi. Doktor Fərzani sanki Azadə xanımın timsalında çoxdan itirdiyi əziz adamını tapmışdı. Boş vaxtlarında palatanı tərk etmirdi. Yarı Azərbaycan, yarı rus dilində ordan-burdan söhbətləşirdilər. Cəmi dörd gün əvvəl doktor Fərzaninin xəstəni yerləşdirmək üçün ayırdığı palata mehriban ailənin yaşadığı evə bənzəyirdi.
Azadə xanım ərinin düşdüyü ağır vəziyyəti hələlik atasına bildirməməyə qərar vermişdi. Doktor Fərzani də xaiş etmişdi ki, nə qədər, xəstə komadan ayılmayıb atası ilə telefonda danışanda heç zadı bildirməsin, çünki xəbər professora pis təsir edə bilərdi. Amma bu məsələdə doktor Fərzani üzərinə düşən həkimlik borcunun da fərqində idi. "Bir qədər kraniostenoza oxşayır. Nərahat olmayın, keçib gedər." Axı, bir çox halda kraniostenoz - beyin silkələnməsi, özünü travmatik koma şəkilində biruzə verir.
Nuvariş Qarabağlıdan başqa, doktor Fərzani bir kimsəni xəstənin yanına buraxmırdı. Münəvvər xanim heç Nuvarişi də buraxmaq istəmirdi, çünki onun hər dəfə xəstənin yanından göz yaşlarını axıda-axıda çıxması xoşuna gəlmirdi. Tibb bacısının fikirincə Nuvarişin xəstənin yatağının yanında faciyəvi görkəmlə dayanıb ağlaması ölü üstündə ağlamağa oxşayırdı. Xəstəxanaya gətirilməyinin dördüncü günü Saday Sadıqlının vəziyyətində dəyişiklik hiss olunmağa başladı. O, dilini tərpədib dodağını yalamağa çalışdı. Artist bütün gücünü toplayıb aramsız tərpənən sağ əlini qaldırmağa cəhd elədi və bu Azadə xanımı qorxuya saldı: sanki o, əlini qaldırıb, o dəqiqə də xaç çevirəcəkdi.
Münəvvər xanım xəstəyə ət şorbası içirdirdi. Doktor Fərzani səssiz addımlarla palatada gəzişir, arada bir dayanır, gözünü televizordan ayırmadan nə barədəsə düşünürdü. Televizorun səsini azaltmışdı, sıx saqqallı, iri sifətli bir kişi ekranda əl-qol ata-ata nəsə deyirdi. Yeri gəlmişkən, ekrandakı o idi, şair Xəlilullah Xəlilov. Lelin və partiyaya ithaf etdiyi şeirlərin hesabına otuz ildən artıq bir müddətdə orta məkdəb dərsliklərində yer almışdı. Ancaq onun şeirləri və adı o dərsi öyrənən uşaqların yaddaşında heç bircə il duruş gətirə bilmir, unudulurdu. İndi bu şair dönüb olmuşdu Uluruh Türkmənməkan, yüz minlərlə insan nəinki Lelin meydanında, ən ucqar kəndlərdə - toyda, ölü yerində şairin "Qarabağ - gözümdə çıraq" poemasını əzbər söyləyirdilər.