Təbii ki, doktor Fərzani Xəlilullah Xəlilovdan tam xəbərsiz idi. İndiki halda isə bir həkim olaraq bu adamın aşıb-daşan enerjini hardan aldığını dərk etmək istəyirdi. Nəhayət belə nəticə çıxardı ki, bu məsələni açmaq üçün məxsusi biliyə ehtiyac yoxdu. Çıxışının sonunda şairin qışqıra-qışqıra söylədiyi pafoslu iki misrası ona məhz belə düşünməyə əsas verirdi:
- Ay malades, - doktor Fərzani əlini yelləyib televizordan aralandı və yenidən palata boyu gəzişməyə başladı.
- Mən bilən bu saqqallı uşaq Əzrayıldan da qorxmur. Nə zamansa onun özünü də bir pay torpağa basdıracaqları xəyalına da gəlmir, uzaq başı uzunu iki metir, eni əlli-altmış santimetr torpağa. Deyəsən yox, - doktor gülümsündü. - Məncə, onun torpaq payı bir az çox olacaq çünki çənəsi çox iridi.
Doktor, beləcə xoş əhvalla xəstəyə yaxınlaşdı.
- Hələ ki, təyinat qüvvədə qalır, - o dedi, - adamları tanıyıb danışana qədər gözləyək. Nə yolla olur, olsun insultun qarşısını almalıyıq. Əgər insult olmasa Allahın köməyi ilə digər fəsadlardan salamat çıxacaq. Bu barədə danışmaq hələ tezdi. Bizi görmək istəsə özünə gələcək. Əgər istəməsə... - doktor köks ötürüb gülümsündü, - Allah qoysa istəyər.
Saday Sadıqlı həqiqətən uzaqlardaydı. Palatada onların hamısından - doktordan, arvadından, hətta başındakı zədədən, bədənindəki yaralardan çox uzaqda idi. Əylisdə... Bəli, sözsüz ki, Əylisdə idi. Amma bu, gerçək həyatda olan Əylis deyildi. Sadayın beş-altı yaşı olanda, yazda, bax o Əylisdə bir gözəl qara tülkü balası hardansa təzib gəlmişdi. Saday onu cəmi bircə dəfə həyət hasarının dibində görmüşdü. O qara tülkü balası hasarın üstündən ağaca tullanıb, onu budaq-budaq gəzmiş, yaşıl yarpaqların arasnda gizlənmək istəmişdi. Aradan bir neçə gün keçəndən sonra Cingöz Şabanın həmən o tülkünü bulağın yanında, Daş kilsənin divarı dibində necə güllələdiyini də görmüşdü Saday. O hadisə indiyəcən demək olar hər gecə Sadayın yuxusuna girir.
Budur, o tülkü hələ də sağdır. Hasardan ağaca, ağacdan hasara tullanır, Əylisin bu başından vurub o başından çıxır. Və bir Allah bilir ki, dörd-beş yaşında bir oğlan uşağı nə zamandan bəri o gözəl qara tülkü balasının dalınca addımbaaddım gedir. O heç vaxt belə gözəl heyvan görməmişdi. Heç vaxt Əylisdə heylə gözəl yaz da olmayıb. İşıq. Hər yan işiq. Dağlarda günəş işığı. Ağaclarda gilas işığı. Budaqlardan körpə yarpaqlar indi-indi dit verib çıxır. Yasəmən yenicə aşıb-daşır. Hansı il idi, Allah, o il, yazın hansı vaxtı idi? Axı gilasın yetişməyi ilə yasəmənlərin çiçəkləməyi başqa-başqa vaxtlarda olurdu.
Deyəsən, tülkünün üstündə oyun durğuzduğu o hasar daşdan deyildi sarımtıl-narıncı işıqdan hörülmüşdü və divardan süzülən işıq küçələrə, yollara yayılırdı. O işığa qərq olan Əylis səliqəylə yığışdırılmışdı, hər tərəfinə güllər əkilmişdi, küçələr şüşə kimi tər-təmiz idi. O işığa boyanan sular axıb qırağında bənövşə, süsən bitən arxı doldururdu. O qəşəng tülkü balası tullanır, sevinir, oynaqlayırdı, hasarın üstüylə üzü yuxarı- günəş şəfəqləri altında günbəzi qızıl kimi parıldayan Daş kilsəyə can atırdı, onunla birlikdə qoz ağacının açıq-yaşıl yarpaqları, alçalar, əriklər, hasar boyunca arxın üstündə bitib göyərən nə vardısa, hamısı sevinir və elə o sevinc içində onlar da durduqları yerdə oynaqlaşırdılar. Hərdən bala tülkü tünd yaşıl yarpaqların arasında gözdən itir, sonra yenə peyda olurdu. Bax o vaxt - tülkü balasının görünüb, qəfil gözdən itdiyi həmən anlarda xəstəxana çarpayısında yatan Saday Sadıqlı daha dəhşətli ağrılara tab gətirməli olurdu.
Bir sözlə, doktor Fərzani qənaətində yanılmırdı, xəstə həqiqətən də uzaqlardaydı. Doktor onu da düz deyirdi ki, indi hər şey onun özündən asılıdır - yaşamaq da , ölmək də, istəsə o uzaqlardan qayıdacaq, istəməsə yox, elə oralarda qalacaq.
Xəstə hələ ki, geri dönmək isləmirdi. Nağıllardakı kimi qəşəng tülkünü qarabaqara izləməkdəydi. Oğlanın yeganə arzusu onu tutmaq, bağrına basmaq, öpüşlərə qərq etmək, onun qəşəng başını, quyruğunu tumarlamaq idi. Hələ ki, o tülkü diriydi, sağlamdı. O nur saçan hasara dazıyırdı, kefi istəyəndə yaşıl yarpaqların arasında görünməz olurdu və bizim Saday Sadıqlının da nəfəsi gedib-gəlirdi hələlik.