Выбрать главу

Doktor Fərzani gözlərini geniş açıb bu dəfə xəstənin sifətinə məxsusi bir nəzər yetirdi. Elə bil onu ilk dəfə görürdü. Bayaqdan başdaşı kimi tərpənməz dayanıb, susan tibb bacıları da tərpəşib xısınlaşdılar. Fərzani Nuvariş Qarabağlının əlindən möhkəm yapışıb onu qapıya sarı çəkərək dedi:

- Hə, di tərpən, cavan oğlan, burda daha sənlik bir iş qalmadı. Dəhlizdə əyləş, dincini al. Ya da get evə, necə ki, lazımdı dincəl, yüz vur bədənə, başını bastır yat. Əgər istəsən, sonra gələrsən. Bu sənin üçün apensit deyil ki, tezcənək kəsib atasan, kapitalnı remont teləb olunur burda, ən azından üç-dörd saat çəkəcək, fikir eləmə. Dostun yaşayacaq. Mən ondan elə Otello düzəldəcəyəm, Dezdomona hayıl-mayıl olacaq, bircə kərə görən kimi, ürəyi gedib yıxılacaq.

Elə belə, danışa-danışa həkim artisti dəhlizə ötürdü və ardınca qapını bağladı.

Həmin an, yəni əməliyyat otağının qapısı bağlananda, Nuvariş Qarabağlı dəşətli tənhalıq, təklik hiss elədi. Elə bil işıqlı dünya indicə üzünə örtülən qoşatay qapının o üzündə qalmışdı. Uzun, yarıqaranlıq koridoru qəbirstanlıq sıxıntısı bürümüşdü. İşıq yanmırdı. Ətrafda ins-cins gözə dəymirdi. Koridorun əks tərəfində, başdakı iki lay pəncərənin şüşələri kor gözlər kimi qaralırdı. Bu, iki səbəbdən ola bilərdi, ya aynaları bəs deyincə toz basıb, ya da bayırda şər vaxtıdır, qaranlıq qovuşub.

Tək bircə yerdə, aynəbəndin yaxınlığındakı qapı səmtdə oturacaq görunurdü. Bundan ayrı bu qüssəli koridorun harasındasa bir hovur əyləşmək imkanı sıfıra bərabər idi. Nuvariş Qarabağlı asta-asta oturacağa tərəf addımladı. Başgicələnmə və ürək bulanması nəfəsini kəsirdi. Bayaqdan siqaret tüstüsü üçün içi yanırdı, amma əlini cibinə salmağa və ordan siqaret, kibrit çıxarmağa belə heyi qalmamışdı. Oturacağa yaxınlaşdı, qapının lap böyründə alt-alta vurulmuş iki lövhə gördü. Üst lövhədə iri qara həriflərlə yazılmışdır: "Travmatologiya və cərrahiyyə" şöbəsi, aşağıda xırda həriflərlə "Şövbə müdiri Cərrah Fərzani Fərid Həsən oğlu." Doktor Fərzaninin kabinetinin qapısı açıq idi.

Məşəqqətli gün Nuvariş Qarabağlını üzüb əldən salsa da, bircə hovur dizini qatlayib əyləşmək istəsə də, qapının yanındakı oturacaqda əyləşmədi.

Ona elə gəldi ki, əgər indi burda otursa bir də heç zaman ayağa qalxa bilməyəcək. Ehmalca açıq qapıdan kabinetə nəzər saldı: stol, iki köhnə stul, divan, seyf, soyuducu, köhnə televizor, elektirik çaydan, əlüzyuyan...  O, cibin eşələyib siqaret tapdı çıxartdı, amma yenə də çəkmədi. Güclü ürək bulanmasının təsiri altında pəncərəyə sarı gəldi və heç ora çatmamış əməliyyat otağının yanından digər istiqamətə də eynən belə bir koridorun uzanıb getdiyini gördü. Doktor Fərzaninin kabineti yerləşən bu koridorun həmən o boş, kimsəsiz kolidordan fərqi bu idi ki, burda çoxlu pəncərələr vardı və dəhliz boyunca sıralanan göyümtül palata qapıları tutqun şüşəli, kül rəngli pəncərələrə baxırdı. Pəncərələrdən birinin önündə ayağı gipsə salınan oğlan qoltuq ağacına söykənib siqaret çəkirdi. Ona yaxın, qapısı açıq palatanın qarşısında qolu sarıqlı bir qadın durmuşdu. Koridorda o iki nəfərdən savayı ayrı bir inli-cinli yox idi.

Nuvariş Qarabağlı bayaqdan barmaqları arasında saxladığı siqareti yandırdı. Elə ilk qullabdaca gözlərinə qaranlıq çökdü. İndicə yerə yıxılacağından qorxdu. Divardan tutub, birtəhər özünü oturacağa çatdırdı. O vaxta qədər oturmalıydı ki, gözünün qabağını kəsən qara pərdə çəkilsin. Gözünün pərdələnməyi cəhənnəm, bu saat onu hər şeydən daha çox bütün bu olanları Saday Sadıqlının arvadı Azadə xanıma necə çatdıracağı qorxudurdu.

Nuvariş Saday Sadıqlının evinə tez-tez gəlirdi. Onun arvadının harada işlədiyini də bilirdi. İndi isə belə bir vəziyyətdə burdan qalxıb Azadə xanımın iş yerinə yollanmaq onun nəzərində demək olar ki, mümkünsüz iş idi. Hələ bilmir ki, kişinin başına gətirilənləri necə, nə təhər danışacaq. Yaxşısı budur, tərpənməsin burdan, əməliyyatın sonuna qədər gözləsin. Əməliyyat bitər, Sadayın yaraları sarınar, huşu üstünə gələr, ancaq bundan sonra baş verənləri Azadə xanıma çatdırmaq o qədər də çətin olmaz. ( Unudub ki, bu gün bazardır və təbii ki, Azadə xanım da işdə deyil.)

Nuvariş Qarabağlı üç dəfə evlənsə də, bu müdhiş gecədə bütün şəhərdə yolunu gözləyən bir kimsə yoxdur. Birinci dəfə ailə qurmaq qərarını verəndə 19-20 yaşı vardi: heç nə, gözü tutan qızı nişansız, toysuz, xeyir-duasız bir taksiyə basıb ata evinə gətirdi. Toy cəhənnəm, olur olsun, olmur olmasın. Məsələ burasında idi ki, Nuvarişin anası xeyir-duasız ər evində peyda olan gəlini heç cur bağışlaya bilmirdi. Ay yarımdan sonra qaynana ilə davadan sonra qız şey-şüyünü yığışdırıb evdən çıxdı, bir də heç zaman geri qayıtmadı. Onda cavan vaxtlarıydı, tamaşalarda epizodik rollara çıxırdı, o zaman teatırın qocaman bir işçisinin "mənzil şəraitini yaxşılaşdırdılar", onun Montindəki rütubətli yarızirzəmi otağını Nuvarişə verdilər. O, bu mənzildə ciyəri xərçəngə tutulması səbəbindən rəhmətə gedən ikinci arvadı ilə cəmi doqquz ay yaşadı. Üçüncü arvadı Cülyetta teatrın tanınmış aktyorlarından birinin qarımış qızı idi, ona ərə gələndə bəlkə də 36 yaşı olardı. Beş il uşaqları olmadı. Sonra oğlan doğuldu. Bir dəfə, hələ heç uşaq üçaylıq da deyilmiş , başı daşlı ana körpəni əmizdirərkən bunu tərs yuxu basır, səhər oyananda görür ki, uşaq iki döşünün arasında boğulub ölüb. Dəhşətli burasıydı ki, anaya görə qucağında boğulan tifil guya heç ölməyib, diridi, amma kirimir, ağlayır, elə hey süd istəyir...  Bundan sonra ana yeməkdən kəsildi, yuxu gözündən qaçaq düşdü. Uşaqdan sonra on gün qalmadi. Arıqlayıb çöpə döndü, şam kimi əriyib, kölgə kimi çəkilib getdi, elə bil heç bu dünyada o adda adam yox imiş.