İlin sonuncu günü xəstəxanaya gələn Münəvvər xanımın ilk görəcəyi iş xəstənin sarığını dəyişmək oldu. O, sevinc içində həkimə məlumat verdi ki, xəstənin çıxan iki barmağı, dirsəyi və biləyi tam normaya düşüb. Yeganə fiziki problem xəstənin gipsə salınmış sağ ayağındakı sınıqla bağlıydı. Xəstənin huşunun özünə qayıtması isə hələ müşahidə olunmurdu - bilinmirdi ki, o ətrafda gedən danışıqlara reaksiya verir, ya yox.
Azadə xanım əvvəldən planlaşdırmışdı ki, palatada yeni il süfrəsi açsın. O, yeni il axşamını birlikdə qeyd etmək üçün Mərdəkandan atasını gətirməyi də nəzərdə tutmuşdu. Çünki doktorun da, Münəvvər xanım da bayram keçirmək üçün özgə bir yerləri yox idi.
Ancaq doktor Abasəliyev, gündüzdən şəhərə getməyə söz verməyinə baxmayaraq axşamüstü fikirindən daşındı. Yeni il tədbirinə xeyli qalmış zəng çalıb dedi: "Belə vaxtda bağı nəzarətsiz qoymaqdan qorxuram. Bütün ölkəni quldur yığnağına döndəriblər. Mənim heç mərdəkanlılara da etibarım qalmayıb".
Azadə xanım ömründə ilk dəfə yeni ili atasından ayrı qarşılayırdı. Xəstəxananın yaxınlığında yaşayan Münəvvər xanım təzə ili Azadə xanımla birgə qarşıladı, sonra isə çıxıb getdi evinə. Doktor Fərzani Münəvvər xanımı evinə yola saldı, bir necə dəqiqəliyə palataya nəzər salıb kabnetinə çəkildi və gözəldi ki, qızı Moskvadan nə zaman zəng çalacaq. Azadə xanım əri ilə palatada təkbətək qalanda istədi onu oyatsın, ona uzun illərdən bəri ürəyinin ən dərin guşəsində saxladığı sözləri desin, o sözlərlə ərini uşaq kimi sığallasın. Amma o gecə Saday Sadıqlı nə söz dedi, nə söz eşitdi. Artistin yalnız gözləri danışırdı. O bir çüt göz eləcə gah gülürdü, gah ağlayırdı. Əksər vaxtda isə uzaq, çox uzaq bir nöqtəyə dikilib qalırdı, elə bil bir cüt göz əlçatmaz-ünyetməz uzaqlarda Allahın özünü görür və ona baxmaqdan doymurdu.
Saday Sadıqlının xəstəxanaya düşməyinin onuncu günü idi, doktor Abasəliyev sübh tezdən gözlənilmədən palatanın qapısını açıb içəri girdi. Boğazlı yun köynəyin üstündən gödəkcə geymiş qocaman pisixiator qapının ağzında dayananda doktor Fərzani xəstələrin səhər müayinəsini yenicə birtirmişdi, palatanın lap uzaq küncündəki kranın qarşısında əlini yuyurdu. Münəvvər xanım doktor üçün səhər yeməyi hazırlayıb dəyirmi stolun üstünə qoymuşdu. Azadə xanım pəncərənin qabağında dayanıb həyətə baxır, ötən həftə baş çəkməyə imkan tapmadığı atası barədə düşünürdü. Xəstə isə əvvəlki qaydada yatırdı və yatdığı yerdə dörd-beş yaşlı uşaq kimi gülümsəyirdi. Fəqət gözlərindəki işıq qəmli, kədərli işıq idi.
Bayırda bərk külək əsməyinə baxmayaraq hava aydın və günəşli idi. Palataya daxil olan kənar adam çox güman, dərhal düşünərdi ki, pəncərədən içəri süzülən gün işığı burada hamıdan çox simasında bir parça təbəssüm donan xəstənin ürəyincədir.
Doktor Abasəliyev gödəkcəsini soyunmadan kürəkəninin üstünə atılıb onu öpdü. Sonra doktor Fərzaninin əlini möhkəm sıxdı, dinməzcə Münəvvər xanımın çal saçına toxundu. Yalnız bundan sonra gödəkcəsini soyunub stullardan birinin üstünə atdı, qızının alnından öpüb çarpayının yanında kresloya əyləşdi.
Doktor Fərzani heyrət eləyirdi, artıq yaşlaşmış tanışının belə qıvraq qalması və cavanlıq şövqünü saxlaması inanılmaz gəlirdi ona və bəlkə bundan daha çox ağır xəstənin çarpayısı yanında özünü bu qədər nikbin, həyatsevər aparmağı, başqa sözlə, professorun psixoloji möhkəmliyi təcübləndirirdi onu. Axır ki, professor Abasəliyev imkan vermədi, doktor bir kəlmə söz desin, qızının gözünün dərinliyindəki gizli təlaşın da fərqinə varmadı. Əylisin vətənpərvər oğlu titrəyən əlləri ilə dizinin üstündə tutduğu çantanı açdı, topa yazılı kağızın arasından bir vərəq çıxardı, vərəqi bayraqsayaq yelləyib köksü atlan-atlana danışmağa başladı.
- Cavan oğlan, sənə gözəl-göyçək Əylis gətirmişəm. Demə nağıl danışır. Hamısı burda yazılıb. Yüz faiz doğrudur. Axı sənə bir əylisli tacirin gündəliyi barədə danışmışdım. Mən o gündəliyi türklər Əylisi dağıdandan irəli Mirzə Vahabda görmüşdüm. Vətən müharibəsindən sonra dostum Erevandan həmən əlyazmanın rus dilinə tərcüməsini gətirdi. Mən də bilmirdim hara qoymuşam, çox axtardım. Budur, axır ki, köhnə kitabların arasından çıxdı. Rusca adı belədir: "Dnevnik Zakariya Akulusskoqo". Məncə, sonuncu söz Akulis yox, Aqulis olmalıdır. Çünki əksər qədim kitablarda söz "k" ilə yox, "q" ilə yazılıb. Ola bilər, ruscaya tərcümədə "q" dönüb olub "k". Əylisdə o, sən də bilirsən, hələ indiyəcən Zəkəriyyə Əylisli kimi xatırlanır. Mirzə Vahab da həmişə elə deyirdi. Rəhmətlik atam bu tacir barədə çox şey bilirdi. Doktor Abasəliyev gözünü xəstədən ayırıb Fərzaniyə baxdı. - Fərid, onun Əylisdə böyük hörməti vardı, hətta müsəlmanlar uşaqlarına onun adını qoyurdular! - Təzədən kürəkəninə sarı çevrildi - Cavan oğlan, heç başqa bir yerdə görmüsənmi müsəlman öz uşağına Zəkəriyyə adı qoysun? Əylisdə sən də zəkəriyyələrlə ilə qarşılaşmısan. Yadındadı, biz orda olanda biri gəlmişdi, özünə patefon aldı. Onun bircə valı vardı, Xan Şuşinskinin valıydı. Səhərdən axşamacan oxudurdu.