Выбрать главу
" Kim çəkər nazın, kim çəkər nazın, ay qadası?"

Doktor Fərzaninin getməyə hazırlaşdığını görən professor bir dəqiqə söhbətinə ara verdi. - Sən hara? Otur, qulaq as! - Cərrah keçib öz yerində əyləşəndə, davam elədi. - Gündəlikdə 1630-cu ildə anadan olduğunu yazıb. Fikir ver, əylisli erməni anadan olduğu ili, ayı, günü alman dəqiqliyi ilə ətraflı və dürüst qeyd edib. ".. bazar günü, müqəddəs Georgi günü, günortadan sonra". - o, çantadan daha bir vərəq çıxartdı. - Bu da onun ticarətə başlamağı barədədi. 5 mart 1647-ci ildə, on yeddi yaşında ipək yükü ilə Əylisdən çıxıb. " Bu gün mən Zakarı Əylisdən yola düşdüm. Müqəddəs ruhun köməyi ilə! Əgər harda maraqlı bir əhvalat görsəm, bu dəftərə yazacağam. Əgər kimsə mənim yazdıqlarımda yalan axtarmağa başlasa qoy Müqəddəs Ruh onun ağlına işıq salsın". Fikir verirsən o, "ağıl versin demir", "işıq salsın" deyir. Niyə? Keçib getdiyi səyahət yoluna bircə-bircə nəzər saclass="underline" Erevan, Kars, Ərzurum, Toqat, Bursa, İzmir, nəhayət Stanbul. Niyə o hər yerdə İstanbul əvəzinə Stanbol yazır? Onun birinci səyahəti on ay çəkib, dekabırın sonunda Əylisə dönüb. Daha sonralar haralarda olmayıb: Yunanstan, Venesiya, İspaniya, Portuqalya, Almanya, Polşa, Hollandiya...

Azadə xanım atasının qalıb soyumuş çayını təzələdi.

- Heç olmasa bircə stakan çay iç, - dedi - sənin erməni tacirin heç yerə qaçmır.

- İçmişəm. Axı bilirsən gündə bircə dəfə çay içirəm. - Doktor Abasəliyev hirslə qızına cavab verib, elə o hirsli səslə də davam elədi. - Bilirsənmi şahlar, xanlar, sultanlar Əylisin başına hansı müsübətləri açıblar: "1663, 10 iyul. Əylis. Bu gün şah Abbasın canişini Əylisə gəldi. O on altı yeniyetmə oğlanın və qızın adını bir kağıza yazdı, amma heç kimi özüylə aparmadı. Bu dəfə bizi Allah saxladı. Şah Abbasın vəliəhdi Şah Süleymanın isə Əylisə gətirdiyi bədbəxtlik nə yerə sığar, nə göyə. Səfiqulu Xanın əmrinə əsasən bu gün Erevandan Əylisə Qağayız bəy adında naməlum bir şəxs gəldi. Onun başında otuz atlı vardı. Şahın əmri ilə onlar Əylis əhalisindən 1000 tümən toplamalı idilər. Rüşvətxorluğun, zülmün, zorakılığın həddi bilinmirdi. Onlar yüzdən çox adama işgəncə verdilər, otuz beş nəfəri asdılar. Amma bütün bu zülümdən sonra bədbəxt əhalidən cəmi 350 tümən toplaya bildilər. Doktor Abasəliyev 340 il bundan irəli doğulan, bütün dünyanı dolaşan erməni tacirin rus dilinə tərcümə olunmuş gündəliyini nəinki oxumuşdu, hətta başdan-ayağa əzbərləmişdi. Yaşı səksəni adlamış bu kişinin qeyri-adi yaddaşı doktor Fərzanini heyrətə gətirirdi.

- "Bu gün Əylisə Xosrov ağa gəlib caamata elan elədi ki, onu Qohman hakimi təyin eləyiblər. O, Meqrindən, Sorutdan, Lehramdan çox adam gətirmişdi.- Sonuncuya qabaqlar Nehrəm deyilirdi. - Əylis mələyi Ovanesin başına oyun açdılar. Eşşəyin üstünə qoyub zurna çala-çala bütün kəndi dolandırdılar. Axırda 100 tümənini alıb boşladılar. - Doktor Abasəliyev bir neçə dəqiqə çantadakı kağızları qurdaladı. - Fikir ver, cavan oğlan, təsəvvür edirsən, 1669-cu ildə iyulun 22-də Əylisə qar yağıb! 1677-ci il, iyunun 3-dən avqustun sonuna qədər bir damcı da yağış düşməyib. 1680-ci ildə elə leysan töküb ki, yatağından çıxan çay evləri yuyub aparıb. Ardınca elə quraqlıq başlayıb Əylisdən Təbrizəcən əhali hətta içməli su da tapmayıb. 1667-ci ildə Əylisdə 200-dən çox uşaq qızılcadan tələf olub. 1679-cu ildə Erevanda elə zəlzələ qopub ki, hətta Əylisdə evlərin və kilsələrin divarları çat verib. Zakari Aqulis Əylisin bütün kilsələrini qeyd edir. Vəng kilsəsi - Müqəddəs Foma kilsəsi. Sən onu tanıyırsan.Vuraqırd - Vardakert sözünün təhrif olunmuş şəklidir. Bizim gördüyümüz Vuraqırd kilsəsi Müqəddəs Xristofor kilsəsidi. Bizim Daş kilsə dediyimiz Müqəddəs Osip kilsəsidi, gərək ki, Zakari Aqulisin yaşadığı dövrdə tikilib. Bəlkə də bərpa olunub və 1665-ci il noyabrın 5-də yenidən istifadəyə verilib. Gündəlikdə belə yazılıb. - Doktor Abasəliyev bir müddət yenə kağızları eşələdi. - "1668-ci il. 4 yanvar. Bu gün Əylisdə zəlzələ oldu. Bu gün Əylinin qərb səmasında kometa göründü. O, bizə günahlarımıza görə cəzanın olduğunu xatırladır.