Выбрать главу

1668-ci il. 21 dekabr. Müqəddəs Foma kilsəsinin rəhbəri Arximandrat Petros kilsəni dörd tərəfdən hündür hasara saldırdı. Günbəzin və zəng qülləsinin tikintisində çay daşalarından və bişmiş kərpicdən istifadə edildi. Ustalar Kürdüstandan gəlmişdilər...  - O zaman türk vilayətlərinə daxil olan Van, Bitlis, Diyarbəkr Kürdüstan adlanırdı. - İç divarlar daşla üzləndi. Kilsəyə su çəkildi. Allah bütün ustalara güc-qüvvət verdi."

Doktor Abasəliyev daha xəstə tərəfə gözünün ucuyla da baxmır, biri-birinin ardınca çantadan dartıb çıxardığı vərəqləri elə boğuq səslə oxuyurdu ki, sanki özü-özünə mütaliə edirdi.

Münəvvər xanım anladı ki, bu iş uzun çəkəcək, müdaxilə elədi:

- Doktor, axı hər yerdə onların erməni yox, alban olduqları yazılır.

Doktor Abasəliyev sanki bircə anı da olsun boş yerə vaxt itirmək istəmirdi. Amma bununla belə başını qaldırıb tibb bacısına baxdı, gözünü kağızdan ayırmadan qışqırdı:

- Sənin dediklərin tam məntiqsizdi! Əgər kimsə özünü erməni adlandırırsa, mən necə deyə bilərəm ki, yox, sən erməni deyilsən? Sən hansısa albansan, ləzgi, talışsan, yaxud bütün bunların cəminin qarışığısan? Düzdü, bəziləri Əylis ermənilərini "zok" adlandırırlar. Onların dili də Erevan ermənilərinin dilindən bir qədər seçilir. Yazılarında da fərqlər tapmaq olar. Axı bizim Ordubadın müsəlman kəndlərinin də hərəsi öz ləhcəsində danışır. Şəkilini bakılı ilə qarışıq salmaq olmur - gör nə qədər dil, xarakter, adət fərqləri var. Ermənilərdə də eyni haldır. Bilmirəm bu albanlar kim imiş, harda yaşayıblar. Amma Əylisdəkilərin erməni olduğu dəqiqdir. Ermənini növlərə bölməyə nə ehtiyac var. Bəli, - doktor bu dəfə də Fərid Fəzaniyə müraciətlə dedi. - VIII-XIII əsrlərdə necə ərəb yürüşləri olub, eləcə də türk, tatar-monqol, oğuz, səlcuq yürüşləri olub. Sonralar üç yüz il bu torpaqlar İranın və Türkiyənin qanlı döyüş meydanına çevrilmişdir. O gəlir qırır, bu gəlir qırır. Əgər işgəncə verilərək öldürülən hər erməninin üstündə bir şam yandırsaydılar, o şamların işığı Ayın nurunu kölgədə qoyardı. Ermənilər hər əzaba qatlaşıblar, amma heç zaman öz etiqadlarından dönməyə razı olmayıblar. Bu xalq işgəncələrdən yorulub, zülümdən cana gəlib, amma yenə kilsə tikməkdən, kitab yazmaqdan, Allahını sevməkdən usanmayıb.

- Bəs elədirsə əlavə torpaq bu xalqın nəyinə lazımdı? Nə qədər istəyirlər göy üzü ilə danışsınlar. - Fərid Fərzani yüngülcə gülüb, cavab verdi.

Doktor topa kağızların arasından bir vərəq də çıxardı.

- "1651-ci il. 7 oktyabr. Təbriz. Qardaşım Simonla Təbrizə getmişdik. Təbriz hakimi Əliqulu xan istədi Simon müsəlmanlığı qəbul eləsin. Bizi bu böyük bədbəxtçilikdən Allah saxladı." Bizim qəhr edilən aqulislilər Allaha belə bağlıydılar, Fərid. Əgər müsəlmanlığı qəbul etsəydi, həmən o Əliqulu xan Simonu qızıla tutardı. - O, fasiləsiz olaraq gülümsəyən xəstəyə nəzər saldı, özü də ürəkdən güldü və bayaqkı həvəslə sözünün dalını gətirdi:

- Onların bir əjdaha şairi var - Eqeşe Çarens - 37-də repressiyanın qurbanı olub. Deyib-gülən, tut arağının ölüsü olan bu şair bir dəfə zarafat elədi: "vaxtında əzamızın axmaq yerindən bir tikə kəsməyə qoymadıq, ona görə də müsəlmanlar bütün millətimizin başını kəsməyə qərar verdilər."

Xəstənin növbəti dərman qəbuluna hələ yarım saat qalırdı. Ancaq Azadə xanım başa düşdü ki, atası gündəliyin oxunuşunu davam etdirmək fikrindədir, çarpayının yanına gəldi, işarə etdi ki, xəstəni rahat buraxmaq lazımdı.

Ata bu dəfə də qızının təlaşını nəzərə almadı. Çantadan daha bir vərəq çıxarıb əyiş-üyüşünü sağallayıb düzəltdi:

- Burada isə belə yazılıb, cavan oğlan... Bax, Zakari Aqulis 10 noyabr 1676-cı

ildə yazıb: "Mən, Zakari bu gün Müqəddəs Ovanes kilsəsinin həyətinə qollu-budaqlı, iri bir çinar basdırdım." Mənə elə gəlir, Daş kilsənin həyətində çinar ağacı olmayıb. Bəlkə var imiş, unutmuşam, düzünü sən bilərsən.

Bax elə bu an Saday Sadıqlının gözləri qeyri-adi dərəcədə geniş açıldı, qurumuş dodaqları tərpəndi:

- Çeş - me - se - din! Eç - ma- eçmaz - za!

Xəstəxana çarpayısında döşəli qaldığı günlərdən bəri onun dilindən ayrılan ilk səslər idi ki, hansısa bir sözə oxşayırdı.

"Eçmiədzin"in nə demək olduğunu isə yalnız Azadə xanım başa düşə bilərdi və başa düşdü... özünü ələ ala bilmədi... bərkdən içini çəkdi...  dərdli-dərdli hönkürüb ağadı.

- Papa! Papa!.. - göz yaşları içində danışmağa başladı. - O, hələ danışa bilmir, papa, O, heç nəyi tanımır. Sən isə ara vermədən danışırsan, danışırsan...