Выбрать главу

Doktor Abasəliyevin rəngi qəfil ağardı. Sanki sarsıntı keçirmiş adam nə baş verdiyini, hara düşdüyünü anlamaq istəyir, gah xəstəyə, gah Fərzaniyə, gah Münəvvər xanıma, lap sonda isə onun düşünülməz hərəkəti nəticəsində göz yaşlarına qərq olan yeganə qızına baxırdı.

- Axı o nəsə dedi - o, üzürxaqlıq və qüssə ilə Fərzaniyə söylədi.

- Hə, nəsə pıçıldadı. Əslində xeyli müddət əvvəl danışmalı idi. Nədənsə yubanır.

- Görünür, amneziyanın ağır formasıdır. Niyə əvvəlcədən mənə bildirməmisiniz?

- İmkan verirdin ki, ağzımızı açaq. - Doktor Fərzani az qala sərt tərzdə cavab verdi. - Uzaqda idin, Əylisə getmişdin, üç yüz qırx il əvvələ, heç kimi gözün görmürdü. - Doktor Fərzani güldü, sonra isə ciddi halda maraqlandı: - Doktor, həmin adamlar həqiqətənmi Əylisdə olublar?

- Əlbəttə olublar! O zaman orada yaşayanların hamısı Allahın nəzərində eyni insanlar idilər. Onlar su çəkir, bağ salır, daş hörürdülər. İstər sənətkar olsun, istər tacir - ermənilər yüzlərlə yad şəhərləri, kəndləri dolaşıb, yalnız ona görə qəpik-qəpk pul toplayırdılar ki, özlərinin balaca Aqulisini həqiqi cənnət guşəsinə döndərsinlər. On doqquzuncu ildə türklər gəlib Əylisdə xaraba qoyduqları erməni evlərinin dağıntıları altından müsəlman əhali hələ də qızıl axtarır. Hətta əkin üçün yer şumlayanda elə bilirlər ki, bax indicə ayaqlarının altından qızıl çervonlar çıxacaq. Axı onlar həmin ermənilərin köməyi ilə yerin dibindən su çıxarmışdılar, dağların arasıyla fayton yolları çəkmişdilər. Dəhnə qurmuşdular. Çay daşlarından keçələklər salmışdılar, bütün küçələrə çaylaq daşı döşəmişdilər. Həmin o qızılın sayəsində on iki möhtəşəm kilsə yaradılmışdı, bəlkə də hərəsinə tonla qızıl xərclənmişdi.

Xəstə sonsuz bir heyrət içində indi qərar tutduğu uzaq diyardan doktor Abasəliyevə baxdı. Bu adam tanış gəlirdi və Saday Sadıqlı bütün gücünü toplayıb onu xatırlamağa çalışdı.

Qadınlar səbirsizliklə kilsə, keşiş, Əylis söhbətinin nə zaman sona yetəcəyini gözləyirdilər.

Münəvvər xanım xəstənin vəziyyəti barədə bilgi verdi:

- Yaraları sürətlə sağalır, doktor, - Abasəliyevə müraciətlə bildirdi. - Bir əlindəsınıqlar vardı, barmaqları bir neçə yerdən sınmış, çıxmışdı, amma dörd-beş günə hamısı bitişdi. Dizindəki sınıq qorxulu deyil. Ayaq barmaqlarını rahat tərpədir. Orqanizm cavandır, Allah eləsin, tez şəfa tapsın. Ola bilər ki, beyin silkələnməsi vəziyyəti qəlizləşdirsin. Bunu siz hamıdan yaxşı bilirsiniz. Amma on gün az müddət deyil, doktor. Xəstə bu vaxta qədər heç olmasa gərək danışaydı. Bəlkə nə qədər gec deyil onu Moskvaya göndərmək lazımdı? Fərid Qasanoviç də, Azadə xanım da bu fikirdədir.

- Bu amneziyanın konfabuleza formasıdır. Biz psixiatorlar bunu həm də Korsanov sindromu adlandırırıq. Anqioqrafiya olunub? - Abasəliyev doktor Fərzanidən soruşdu.

- Dünən kranioqrafiya olunub. Bizdə anqioqrafiya aparatı yoxdu. - Doktor Fərzani bir qədər susub əlavə elədi: - Münəvvər xanım haqlıdı, ən yaxşısı budur ki, Moskvaya aparılsın.

- Bəs kranioqrafiya nə göstərir?

- Yaxşı heç nə - doktor Fərzani cavab verdi, bir qədər düşünüb əlavə elədi. - Onun beynində balaca şiş müşahidə edilir. Ola bilər çoxdanın şişidi, indi demək çətindi. İndiki halda xəstəni tərpətmək çox təhlükəlidi, bir az gözləmək lazımdır. Düşünürəm ki, Moskvasız bu işin öhdəsindən gələ bilmərik. - Azadə xanıma baxıb günahkarcasına başını aşağı əydi.

Bir neçə dəqiqə heç kəsin cınqırı çıxmadı. Sükutu doktor Abasəliyev pozub daha bir bəd xəbər verdi:

- Eşitmisən, Aza, Nuvariş neyləyib?

- Yox, neyləyib ki?

- Deyirlər özünü eyvandan atıb.

- Kim deyir? - Azadə həyəcanlı, titrək səslə pıçıldadı.

- Mərdəkanda çörək dükanında arvadlar danışırdılar. Mən özüm də üç-dörd gün əvvəl onun ölümü haqqında radiodan eşitmişəm. Amma bilmirdim ki, özünə qəsd eləyib.

- Ona görə bura gəlmirmiş, - doktor Fərzani dilləndi.

- Allah rəhmət eləsin, - Münəvvər xanım bütün bədənini əsdirə-əsdirə ümumi kədərə şərik oldu.

Səhər tezdən palataya uşa-uça girən doktor Abasəliyev günortaya yaxın xəstəxanadan çıxanda tamam başqa halda Mərdəkandakı evinə yollandı.

Saday isə hələ də özünün uzaq dünyasında idi. İndi göyçək tülkü balasını qovaraq təpənin üstünə qalxmışdı, kəndin aşağı və yuxarı məhlələrini görürdü, qüruba əyilməkdə olan günəşin şəfəqləri ilə işıqlanan havadan qoz yarpaqlarının su qoxusu qarışmış acımtıl ətri bürümüşdü. Qocaman qoz ağacının yaşıl budaqları onun durduğu yüksəkliyə tərəf əyilmişdi. Uzaqlardan Daş kilsənin divarlarını döyəcləyən suyun səsi eşidilirdi.