Выбрать главу

Qara, göyçək tülkü balası hələ də yaşıl badaqlar arasında tullanıb düşür, oğlan onu gözdən itirməkdən qorxurdu və həm də ürəyi su istəyirdi. Beyni susuzluqdan yanırdı. Daşdan hörülmüş arxın içiylə şırıldayıb axan və axırda daş hovuza tökülən sərin suyun həsrəti onu bir maqnit gücüylə özünə sarı çəkirdi. Amma tülkü balasını itirmək qorxusu onu suyun üstünə qaçmağa qoymurdu.

Sonra o, tülkü balasının ağacdan daş hasarın üstünə necə atıldığını və öz yoluyla çıxıb getdiyini gördü. Oğlan sevindi, indi o, şırıltıyla axan suyun yanına gedə bilərdi.

Ovcunu suyun axarı qarşısına tutdu. Amma əli bircə gilə də yaş olmadı. Heç sərinlik də yox idi, əksinə isti hava əlini qarsırdı. Oğlan beyninin yanğısını soyutmaq üçün başını arxın içinə tərəf əydi. Yenə də bir nəticə hasil olmadı, hətta gurultuyla axan su da onun beyninin yanğısını söndürə bilmədi. Yalnız bu anda oğlan dəhşətə gəldi, burada başı suya qarışanda qara tülkü balası əbədi olaraq gözdən itib yox olmuşdu. Bu an haradansa qəfil atəş açıldı. Güllələr vıyıltıyla artistin qulağının dibindən uçub getdi. Heç olmasa atəşin hayandan açıldığını müəyyən eləmək üçün bütün gücünü toplayıb başını qaldırdı və nurdan hörülmüş o hasarın yerində indi Əylisdə olan adi hasarlardan biri, üstü gillə palçıqlanmış daş hörgü dayanırdı.

Və o hasarın dibiylə qapqara, yumşaq tüklü gözəl tülkü balasının al qırmızı qanı axıb gedirdi.

Və eləcə axıb gedən qan o qədər qalxırdı ki, hasarı aşırdı. Axan qandan qorxunc bir uğultu qopurdu və bu uğultu Əylis kilsələrinin dərin çatlarında pətək salan, bala qoyan, bal qoyan sonra da qoyduqlarının yerini tapmaq üçün zillət çəkən sürü-sürü çaşqın arı qanadlarından qopan uğultuya oxşayır və həmin uğultu bir an öncə açılan atəş səsinə qarışıb qapqara bulud kimi göyün üzünə yayılırdı.

Saday hər şeyin bitib göz qapaqlarının əbədi yumulduğu, uca-uca göylərin altındakı Əylis dağlarının ən hündür dikində qərar tutduğu vaxt, qəfil Vuraqırd kilsəsini apaydın gördü. - Yenə də "Göyərçin bazarı" idi ora. O, son macalda anladı ki, daha getməyə heç bir yeri yoxdur.

1990-cı il yanvar ayının 12-si, cümə günü yaxınlaşırdı.

Uluruh Türkmənməkan... Bütün gün azadlıq, müstəqillik, Qarabağ haqqında kiflənmiş şüarları bağıra-bağıra xəstə təxəyyüllü, havalanmış kütləni, ərindən yarımayan arvadları küçə-küçə gəzdirib dolandıran Uluruh Türkmənməkan axşamtərəfi mitinqini Paratetdə yerləşən erməni kilsəsinin qarşısına salmışdı. Xəlilullahın qulbeçələri bir saatdan çox idi məbədə od vurmağa çalışırdılar. Heç bir vəchlə kilsəni alışdırmaq mümkün olmurdu. Elə buna görə də dən gəzən dolaşa kimi şairin yan-yörəsini bürüyən vətənpərvər və fəal qadınlar daha da cinlənirdilər.

Azadə xanım Münəvvər xanımla birgə Saday Sadıqlının meyitini yudurtmaq üçün xəstəxana maşınında məscidə gətirdilər.

Xəstəni insultdan xilas etməyə gücü çatmayan, yorğun, peşimançılqdan üzülüən doktor Fərzani kabinetində çöküb qalmışdı. İlk dəfəydi ki, içində yadlıq və gedərginlik hiss eləyirdi. O, öz fikrində Bakı ilə son dəfə vidalaşdı və məxsusi bir həyəcan, ümid, narahatlıq içində qızının Moskvadan zəng çalacağını gözləyirdi.

Parapetin yaxınlığındakı kilsədən burum-burum qalxan qara tüstülər isə getdikcə hey sıxlaşır və 1990-cı il yanvarın on üçünün qan iyi gələn gecəsinin zülmət qaranlığına qarışırdı.

Doktor Abasəliyev Mərdəkanda idi və hələ baş verənlərdən xəbər tutmamışdı.

Əylis kilsələrinin damında gecələyən göyərçinlər sakitcə yatmışdılar və göy üzünə bənzər dərin, mavi yuxular görürdülər.

Əylis. İyul 2006

Bakı. İyun 2007.