İndi, on ildən çoxdu ki, şəhərin mərkəzində Nuvarişin iki gözlü mənzili vardı. Bu fevrala qədər, tək qalmağına baxmayaraq irəliki vaxtla müqayisədə dinc, hətta hədsiz dərəcədə xoşbəxt və düzgün həyat yaşayırdı. Fələyin işinə bax ki, Nuvariş Qarabağlı öz mənzilinə gecələr, həm də getməyə başqa bir yeri olmadığına görə dönürdü. Halal-hünbət mənzilində o, bir dəqiqə də olsun dinclik tapmır, yuxunun, istrahətin nə olduğun bilmirdi. Səbəb də bu idi ki, vəzifə baxımından əhəmiyyətsiz, amma gəlir baxımından çox mötəbər vəzifə tutan bir nəfər - Baksavetin yekəqarın, uzundraz əməkdaşı günlərin birində teatrın qocaman işçisi, qarderobçu Qreta Sərkisovna Minasovanın mənzilini ələ keçirmiş, axırıncı, onuncu mərtəbədə Nuvarişə qonşu olmuş və bu yaşayış sahəsini əsl əyyaş yuvasına çevirmişdi. Divarın o üzündəki mənzilin kəhilti və nırıltısı bütün gün əsib-səngimək bilmirdi. Qoca təcrübəli sürtük qəhbələrin çığırtıları köhnə sənətə yenicə qədəm basan xırda qızların həqiqi və ya yalançı kef iniltiləri ağılı başdan çıxarır, artisti gündüz rahatlığın, gecələr yuxunun uzunə həsrət qoyurdu. Deyilənə görə həmin uzundıraz heyvərə şuşalıdır. Bakıya sonradan təşrif buyurub. Baksovetde işə duzəlib. Nuvarişgilin evinin qonşuluğundakı koperativ binada dördotaqlı mənzil alıb. Bu adamın bədən quruluşu kvadrat şəkilindədir. Nataraz kürəyinin enini hər hansı bir ölçü stanrdartına uyğunlaşdırmaq, sadəcə mümkün deyil. Onun göyümtül, qara rəngli qalın saçları, bununla bahəm, qara və qalın qaşları, əhəmiyyətli dərəcədə uzun bığı, büsbütün boş və heç nə ifadə etməyən krokadil gözünə bənzər donuq gözləri vardı. Hətta onun adı və familyası da Nuvariş Qarabağlının qulaqlarında zalımlıq və allahsızlıq rəmzi kimi səslənirdi: Şahqacar Ərmağanov. Adam ona bu adı verənin yerinə xəcalət çəkir.
Səhər açılar-açılmaz, hələ heç hava tam işıqlanmamış həyətdə səs-küy qalxmış və dərhal çox güman ki, camaat eşitsin deyə, xəbər yayılmışdı ki, guya hansısa bir erməni qadın özünü eyvandan atıb. Qreta Sərkisovnanın parçalanmış vücudu hələ böyük qan gölməçəsində üzərkən şəhərə daha bir şaiyyə çıxdı ki, guya özünü eyvandan atan erməni qadın ölüm qabağı tövbə məktubu yazıb qoyub. "Mən ermənilərin törətdikləri bütün bu cinayyətlərə görə özümə nifrət edirəm. Mən öz xalqıma nifrət edirəm, ona gorə də bundan sonra bu dunyada yaşamaq istəmirəm. Qarabağ Azərbaycanındır. Yaşasın Azərbaycan".
Nuvariş onda da, elə indi də zərrə qədər şübhə etmirdi ki, bu intihar başqa bir kəsin yox, həmin o şuşalı heyvərənin "əl işidir". Tamamilə mümkündür ki, Şahqacar Ərmağanov şəxsən özü, şəxsən öz əli ilə Qreta Sərkisovnanı eyvandan tullayıb aşağı. İndiki zaman belə zamandır. İstəsən eyvandan gündə yüz erməni tullaya bilərsən. Fərq etməz, lap müsəlman at, bir kimsə gözün üstə qaşın var deməyəcək. Arxasi-köməyi olmayan hər hansı bır insanı bir göz qırpımında yer üzündən silmək heç nədi. Bəlkə bu duruma görə artist şuşalı heyvərədən hər gün bir az da artıq qorxub üşənməyə başlayırdı. Nə qanun var, nə məhkəmə, bir günlü-günəvərli göyçək gündə onu, Nuvarişi eyvandan tula kimi tullayarlar aşağı, adını da qoyarlar intihar, özünəqəsd! Kimdi onun əməlini araşdıran, kim sübut edəcək ki, Baksavetin soyuqqanlı, allahsız, insafsız məmuru əməlli başlı quldurdur?..