Yaşanan gərginlik, laqeydlik və zalımlıqdan aldığı zərbələr hələ ki, onun ürəyini üzüb bitirməmişdi, amma bununla belə artistin emosianal və zərif təbiəti sarsılmış, içi nifrət və ikrahla dolmuşdu. Axı gündə neçə dəfə milisioneri, sahə müvəkkilini dəng eləmək olar adam balasısan, vicdanın olsun bu bardeli yığışdır, yoxsa bir azdan bütün şəhər dönüb olacaq qəhbəxana. Bununla əlaqədar aktyor dəfələrlə milis rəisinin də qəbuluna getmişdi, raykoma, Mərkəzi Komitəyə, hətda Baksovetə məktublar yazıb yollamışdı. İşin ağır qaya kimi yerindən tərpənmədiyini görəndə isə əmin olmuşdu ki, ya bu ölkədə hakimiyyət yoxdur, ya da hakimiyyətdəkilərin hamısı ucdantutma Şahqacar Ərmağanov kimi cəlladdır. Son zamanlar Qreta Sərkisovnanın mənzilində nə Pəsgah açıldığını teatrda da qabağına çıxan hər kəsə danışırdı. Yalnız Saday Sadıqlıya bu biabırçılıq barədə bir kəlmə də deməmişdi. Düşünmüşdü ki, öz dünyasında yaşayan, öz göyüzündə qanad çalan bir adama bütün bunlaru açıb-ağartmaq günahdı. Elə bu səbəbdən də Nuvariş Qarabağlı dahiliyinə varlığı qədər inandığı bir insanı bütün bu çirkablara bulaşdırmaq istəməmişdi. İşə bax, yayın cırcıramasında, aləmin od tutub yandığı günlərdə belə artist qapı-pəncərəni bərk-bərk bağlayır, səhərin haçan açılacağının intizarlarını çəkə-çəkə Allah bilir necə milçəyi qanına qəltan eləyir. Bax elə həmin məşəqqətli gecələrin birində qərara gəldi ki, nə təhər olur olsun pistolet əldə etməlidir. Bu istəyini yerinə yetirmək üçün neçə-neçə tanış milisonerə, voyankomat işçisinə ağız açdı. Onsuz da vid-fasonu gülməli idi, onun pistolet tapmaq arzusu təbii ki, üz tutduğu tanışlarında gülüşdən başqa ayrı bir hissiyyat yaratmadı. Elə ki, artist silah əldə edə bilmədi, haçansa öz halal evində bir gecə rahat yatmağın mümkünlüyünə inamını büsbütün itirdi. Həmin vaxtlar artistin çalışdığı teatrda üç pyesi birdən səhnələşdirilən məhşur yazıçı ona vəziyyətdən çıxmağın ən sadə yolunu göstərdi ( cəmi iki gün irəli). Yazıçının dediyinə görə bu saat Xalq Cəbhəsinin üzvü olan hər kəsin bir, yaxud iki pistoleti var. Həmin cəbhəçi uşaqların əli ilə nəinki tapança, yaxut "Koloşnikov", hətta gerçəkli plomyot almaq olar. Yenə bax elə o nüfuzlu yazıçının dediyinə görə Nuvariş Qarabağlı kimi bir artistin Xalq Cəbhəsinin qərərgahına gedib, Böyük Bəyin qulağına bir-iki söz pıçıldaması məsələni çox asanlıqla yoluna qoya bilər.
Bəyi çoxdan, həm də lap yaxından tanıyırdı. Yalan olmasın yüz dəfə Bakının çayxanalarında, Bulvarda, Malakan bağında, Azneft meydanında çay içmişdilər və cibində pulunun azlığına, çoxluğuna baxmayaraq həmişə can atmışdı ki, caypulunu şəxsən özü ödəsin.
Budur, bu gün günorta artist evdən çıxıb birbaşa Xalq Cəbhəsinin qərərgahına gəldi. Bəy hələ yox idi. Artist demək olar, bir saat ərzində qərərgahın qarşısında bitib onun yolunu gözlədi. Sonra gördü acıb, yaxınıqdakı "Araz" kafesinə girdi və iki pors sosiska, yüz qram araqla günün ilk yeməyini yedi. Kafedən çıxan kimi ora - həmən o lənətə gəlmiş fontanın bir addımlığında yerləşən Xalq Cəbhəsinin qərargahına tərəf getdi və sizə də məlum olan mənfur tarixçənin iştirakçısına çevrildi.
İndi xəstəxana koridorundakı yeganə oturacaqda əyləşən Nuvariş Qarabağlı Böyük Bəylə hələ ki, baş tutası görüş barədə irəlicədən düşünür və o görüşü təsəvvüründə belə canlandırırdı:
- Xoş gördük bəy! Səni gördüyümə görə xoşbəxtəm.
Ən əsası Bəy də ( artistin təsəvvürünə görə) qədim çayxana dostunu böyük ehtiram və nəzakətlə dindirir:
- İşlər necədir, əzizim? Təeatrda nə yenilik var? Kimin pyesini qoyurlar? Bax elə uşaqlardan sizi xəbər aldım. Niyə o gəlmir, niyə onu görmürəm? Maraqlanın görün səhnəmizin ustad sənətkari haralardadır, bəlkə bir ehtiyacı var...
Artist "ehtiyac" kəlməsini eşidən kimi pistolet məsələsini ortaya atdı. O, hələ istəyirdi ki, Böyük Bəyə qonşu mənzildəki pozğunxananın aktiv fəaliyyəti barədə də məlumat versin, amma Bəy bütün böyük adamlara məxsus dəqiq hissiyyatla köhnə dostunu Xalq Cəbhəsinin qərərgahına çəkib gətirən əsas mətləbi anladı və onu artıq digər xırda-mırda təlaşlardan xilas etməyə tələsdi:
- Bu xırda məsələdir, bəy! - Böyük Bəy bu arada yüngülcə saqqalına sığal çəkdi.
Sonra ucadan və ilhamla bəyan elədi; - Bizim borcumuz xalqa gərək olan oğulları qorumaqdır. - Və bundan sonra o telefonun dəstəyini qaldırıb kiməsə göstəriş verdi: - Artistə bir dənə təzə pistolet gətirin. Mənim dostumdur. Böyuk artistimizdir. Hə, indi çətin vaxtdır, təhlükəli dövrandır. Biz hər cəhətdən sadiq adamlarımızı qorumalıyıq.