Выбрать главу

Böyük Bəy ( artistin xəyalına əsasən) məhz bu kəlmələri izhar elədi və Nuvaşirin üzünə nəzakətlə gülümsəyib, sakitcə demisinə tənbəki basdı:

- Patronu çox götür, - deyə sözünü tamamladı.

Nuvaşir Qarabağlı lap yaxınlarda şəxsən Böyük Bəyin sayəsində pistplet əldə edəcəyinə qəti əmin oldu və dərin bir qüssə icində il yarım qabaq o gözəl çayxanalarda üzbəsurat oturub qabırğa söhbəti eləmələrini yada saldı.

Və birdən 1979-cu ilin may ayını xatırladı, onda bütün Azərbaycanın birincisi qəflətən teatra təşrif buyurmuş və elə həmən o gözlənilməzliklə də ona şəhərin mərkəzində mənzil vermişdi. Hələ 60-cı illərin sonuydu, onda əməllicə mıxlamışdı, düppədüz olmuşdu və aşa-aşa, kef havasına avtobus dayanacağına doğru gedirdi. Zevin küçəsinin tinində camaatın Xozeyin adlandırdığı həmən o şəxsə ürcah oldu. Bu o zaman idi ki, Nuvariş Qarabağlı atasıyla birgə yaşayırdı, teatrda yenicə epizodik rollara çıxmağa başlamışdı. İşə bax, (həqiqətən də yer üzü möcüzələrdən xali deyil) heç demə o vaxtkı Xozeyin Nuvarişin cuppulu rolunu görüb, nəinki görüb, hətta yadında saxlayıb.

Həmən o axsam deyesen Xozeyin də hardansa yeyib-içməkdən qayıdırmış və keyfi yaxşıymış (onun böyründə iki qüvvəli adam, cangüdənlər varmış).

- Bu sənsən, əə, artist, gəl bura görüm, qardaş, - o deyib, - deyəsən sən də babatsan. Harda vurmusan bu qədər? - o, böyründəki adamlardan birinə yüngülcə göz eləyib. Mən də vurmuşam, amma görürsən, ayaq üstə dura bilirəm, daha yeddi yana əsmirəm.

Təbii, o anda Nuvariş respublikanın birinci şəxsi ilə tanış deyildi, əgər ki, Birinci ona əl uzadıb: - "Gəl tanış olaq" deməsəydi, o , heç zaman bilməyəcəkdi ki, həmən o kef havalı axşamda Zevin küçəsinin tinində təmasa bağladığı şəxs kim imiş.

- Tanış olaq. - O, adını söylədi - Səni isə mən tanıyıram, artistsən. Teatrda yaxşı rollar oynayırsan. Hə, de görüm hara gedirsən?

Nuvariş dili topuq çala-çala güclə deyə bildi:

- Xı... xı... Xırdalana. Avtobusa minməyə gedirəm.

Uzunsifət adam bir müddət artisti ayaqdan-başa süzdü.

- Yaxşı, di yeri, - o, qorxuya düşmüş adama bir növ əmr elədi: - Gecdir, tərpən, bir də belə nallama.

"Sən yenə də Xırdalanda yaşayırsan?" - sonralar onun Birincinin dilindən eşitdiyi bu sözlər qulaqlarında o qədər diri, o qədər canlı səsləndi ki, indi sanki bu sözləri xəstəxananın dilsiz və kar divarları da eşitdi.

- İndi mən Montin qəsəbəsində yaşayıram, yerdən bir mərtəbə aşağıda - artist köhnə tanışıyla cəsarətlə zarafatlaşdı.

- Sabahdan şəhərin mərkəzində, yerdən on mərtəbə yuxarıda yaşayacaqsan - Birinci zarafata zarafatla cavab verdi.

Həmən axşam Axundovun "Müsyö Jordan" tamaşasının yekununda teatrın bütün yaradıcı kollektivi direktor Mopassan Mirələmovun kabinetinə yığılmışdı. Nuvariş tamaşada dərviş Məstəli şah rolunu oynayırdı və Allahın böyüklüyündən oyun Birincinin xoşuna gəlmişdi. O, dedi "Sən "Ölülər"də Şeyx Əhmədi də yaxşı oynamısan. İki dəfə televizorda baxmışam. Belə rolların sayını çoxalt".

Ehtimal ki, o gün teatr toplaşıb, Xozeyin əvvəlcədən bir neçə işçiyə, o cümlədən xoşbəxtlər sırasında Qreta Minasova olmaq şərti ilə mənzil bölməyə qərar verib. "Burda bir yaşlı əməkdaş da olmalıdı Minasova. O, qadın yenə çalışırmı teatrda?" - formal olaraq Xozeyin direktordan soruşdu. Əslində əla bilir ki, Qreta Minasova heç zaman heç yerə getməyib, elə burada, teatrdadır. Nəyə çağırıldığını kəsdirə bilməyən, direktorun kabinetinə meyit sifətində girən Qreta Sərkisova oradan xoşbəxtcəsinə, sevincdən göz yaşları axıda-axıda çıxır və hey təkrarlayır "Sağ ol, oğlum, çox sağ ol" o vaxt Qreta Sərkisovanın sifətini bürüyən cizgilər indi də artistin gözünün qənşərindədir. Bəlkə də o zaman müşahidə elədiyindən daha canlı, daha aydın görür o sifəti.

Və bir də Saday Sadıqlının acıqlı üzü gəlir gözünün qanbağına, qızarmış gözlər, kin, qəzəb dolu baxışlar.

Nədənsə elə ilk vaxtlardan Birinci ilə onunku alınmadı. Bütün hallarda, Nuvarişin qənaətinə görə təqsiri Xozeyində deyil, Saday Sadıqlının dikbaşlığında, tərsliyində axtarmaq gərəkdir.

"Hamam suyuyla dost tutur. Hərəyə bir ənam verir, başa düşmür ki, insanın varı ləyaqətdir. Xalqın içini dilənçi qutusuna döndərib ki, hamı dilini soxsun dinməz yerinə." Saday Sadıqlı bu sayaq ağır ittihamları hətta direktorun kabinetində də dilə gətirir, çəkinmir heç nədən.

"Bəs sənin nəyə ehtiyacın var, cənab Sadıqlı?" O vaxt şəxsən Birinci məğlub və inamsız səslə Sadaya üz tutanda o, heç özünü toparlaya bilmirdi, hətta elə bil səsi də bir qədər titrəyirdi. "Cənab" kəlməsində isə açıq-aşkar ironiya, bəlkə də lap kin vardı. Əlbəttə, Saday Sadıqlının dünyagörüşü Birinciyə bəlliydi. "Mənim heç nəyə ehtiyacım yoxdu" - Saday Sadıqlı ucadan və təkəbbürlü cavab verdi. Birinci gələn dəqiqə hamı ayağa qalxmışdı, o isə yerindən qımıldanmadı heç. Toplantı başa çatanada bir kimsədən qorxub çəkinmədən: "İşi-gücü qurtaranda camaatla məzələnməyə gəlir. Adamın haqqıdı, onnan belə dövlətin mənzilini elə minnətlə verir, deyirsən bəs dədəsinin malını verir." Səhəri gün teatrda yana-yana danışırdılar ki, əgər Xozeyin təşrif buyuranda Saday Sadıqlı özünü adam balası kimi aparsaydı şəhərin elə bir yerində mənzil alardı ki, elə yerdə yaşamaq heç nazirlərə qismət olmur.