Выбрать главу

İndi belə yerdə dil insanın başına bəladır demə, görüm necə demirsən.

Oturacağın bir qırağında yumurulanıb yumağa dönən Nuvariş Qarabağlını yuxu aparmışdı, bəlkə də o, həyatının ən dəhşətli yuxusunu görürdü.

Bozumtul, qəribə yer görürdü. Sümüklərini rütubət gəmirirdi. Yer üzündə nə torpaq, nə ağac vardı, heç kim, heç nə yox idi, qara qan gölməçəsindən savayı heç zad görünmürdü yer üzündə. Yumurtadan çıxan, çanağı bərkiməmiş tısbağa balasına bənzər Qreta Sərkisovna elə bil suya sarı dartınırdı, əvəzində qara qan dolu gölməçəyə qərq olurdu. Onun soyulub cıbrığı çıxarılmış ölü, eyni zamanda, dipdiri bədəni elə ikrah doğuran və qorxulu idi ki, dünya binnət olandan hələ heç bir bəni-adəm gözü belə iyrənc məxluq görməmişdi.

Yuxusundakı bu yer Nuvarişin indi yaşadığı binanın asfalt döşənmiş həyəti deyildi, bu yer Xırdalandakı həyətin torpağına oxşayırdı. Və körpə, qığırdaq çanağı, hələ üstəlik daha bir qat dərisi soyulan, su yerinə qan gölməçəsinə sarı dartınan Qreta Sərkisovna sanki ayrı bir yerə yox, ölümə sürünürdü. Ölüm isə asanlıqla ələ keçmir, sanki kimsə onu oğurlayıb, qəsdən haradasa gizləyib. Və ona qovuşmaq mümkün deyil, heç bir vəchlə mümkün deyil. Hərdən o, qana bulaşmış başını qaldırır, donquldanır "Sağ ol, oğlum, çox sağ ol" - deyir və təzədən dözülməz ağrı və əzabla ölümə doğru sürünür...  Birdən Nuvariş anladı ki, Qreta Sərkinovna ona tərəf sürünür. Sanki bu dünyanın ən əbədi nemətinə - ölümə qovuşmaq ixtiyarı Nuvarişin ovcundadır. Və Qreta Sərkisovna ölüm fürsətini onun ovcundan qapmaq istəyir ki, canı bu namərd dünyanın zülm-zillətindən biryolluq qurtarsın. Qreta Sərkisovna qan içində sürünə-sürünə yaxınlaşdıqca, Nuvarişi dəhşət və qorxu daha şiddətlə bürüyürdü. Nuvariş bütün gücü ilə ölmək istəyən və bəlkə də əslində ölmək istəməyən bu qarıdan qaçıb uzaqlaşmaq, canını qurtarmaq istəyirdi. Artist qarının meyitindən xilas olmağa çalışsa da, ayağını yerə basa bilmirdi, elə bil bütün bədəni qaldırmaq mümkün olmayan çirkabla dolmuşdu.

Artist elə o dəhşət içində də gözlərini açdı - sevindi - Allaha şükür ki, buradadır, soyuq, rütubətli koridorda. İşıqları da yandırmışdılar. Koridorun o biri başında əməliyyat otağının qapısı taybatay açılmışdı.

Nuvariş Qarabağlı o dəhşətli yuxudan qurtular-qurtulmaz, kabinetinə dönən Doktor Fərzani dərhal başa düşdü ki, o çox pis haldadır, dilini tərpədib söz deməyə də taqəti yoxdur.

Fərzani əməliyyatdan indicə çıxmışdı, əlüzyuyanın qənşərində üzü divara durub əlini sabunlayırdı.

- Keç içəri, əyləş, Mübariz müəllim - o, dedi: - Narahat olma, hər şey qaydasındadır. Dostun palatadadır. Yatır özüyçün. Canı möhkəmdir. Dəmir kimidir. Özaramızdı, qətiyyən alkaşa oxşamır.

Artist bu vəziyyətində heç fərqinə də varmadı doktor onun adına Nuvariş yox, Mübariz söylədi.

- Necə, doktor? Necə yəni yatır? Hüşü üstünə gəlib ki?

- Hələ yox, - Doktor əlini silə-silə, sakitcə dedi - Tələsmə, hər şeyin vaxtı var.

Bu gecə olmasa da, sabah səhər dəqiq özünə gələcək. Palatasına yaxşı tibb bacısı göndərdim. Səhərəcən keşiyini çəkəcək. - Həkim məhrəbanı mismara keçirib, yerində əyləşdi. - Deyəsən möhkəm yuxulamısan, yaxşı yaddaşı olana oxşayırsan. Nədir, yuxunu qarışdırmısan?

- Yuxu görürdüm, doktor, siz hardan bildiniz? Ömrümdə heylə dəhşət görməmişəm. - Artist susdu və qəfil hönkürməyə, göz yaşları içində, həkimə yalvarmağa başladı - Siz Allah, doktor, mənə bir az spirt verin, çox yox, onca qram. Allah haqqı boğuluram. Başım cırılır, elə bil beynimin içində siçan-siçovul qaçır.

- Yox, dostum, belə yaramaz, - artistin halına qəlbən yanan həkim nəzakətlə dedi. Və stolun üstünə bir köhnə qəzet sərdi. Kabinetin qapısını bağladı. Soyuducudan şüşəsi tərləmiş balaca qrafin çıxardı. İçində göz yaşı kimi şəffaf maye olan qabı stolun üstünə qoydu. Qəzetin üstündəcə kolbasa doğradı. İki dənə xiyar şorabası qoydu, duzlu şor qoydu, sac lavaşı qoydu və lap axırda artdanıb yuyulmuş keşniş dəstəsi qoydu...  İki armudu çay stəkanına zoğal arağı süzdü. Artistin gözləri parıldadı.