Выбрать главу

- Siz çox yaxşı adamsınız, doktor. Sizi gördüyüm andan bunu başa düşdüm.

Artist əlini stəkana sarı uzatdı, amma onu götürmədi, çünki hələ həkim də öz stəkanını götürməmişdi. Həkim əlüzyuyan səmtə baxdı. Artist bu sayaq baxmaqla onun nə demək istədiyini başa düşdü, qalxdı, əlini sabunlayıb yudu, qayıdıb oturdu.

- İçək? - Həkim gülümsəyərək dedi və arağı içdi. Bir əlcə lavaş götürdü, şora batırıb ağzına apardı.

- Sizin sağlığınıza, doktor. - Nuvariş ayaq üstə içdi, üz-gözünü qırışdırıb, əyləşdi.

- Kalbasa götür. Doyunca ye. - Həkim qonağa təklif elədi. Amma özü kolbasaya əl vurmadı. İki qanad kişnişi ağzına qoyub asta-asta çeynəməyə başladı. - O, ailəlidir?

- Ailəlidir, doktor, qəşəng arvadı var, Azadə xanım. Kefin istəyən diş həkimi, həm də insan adamdır. Məşhur psixiatır Abasəliyevin qızıdır. Bəlkə də tanıyırsınız?

Doktor Fərzani əməlli-başlı heyrətləndi.

- Abasəliyevi kim tanımır ki? - dedi - Durur o?

- Yaşayır, doktor. Sağlığına heç pis də yaşamır. - Araqdan sonra halı özünə gələn Nuvariş həvəslə cavab verdi. - Maşallah, buz baltası kimidir. Bir il olar bağda qalır - Mərdəkanda. Deyir ki, axmaq-uxmaqdan nə qədər aralı olsam yaxşıdır. Hər tərəf elələri ilə doludur.

- Deməli, dostumuz doktor Abasəliyevin kürəkənidir? - O, təkrar soruşdu və stəkanlara araq tökdü.

Nuvariş Qarabağlını heyrətləndirən o idi ki, doktor arağı süzəndə daha bayaqdan bəri olduğu kimi "dostun" yox, "dostumuz" söylədi.

- Hə, hə, kürəkənidir. Həm qohum, həm də yaxın dostdurlar. Pərəstiş eləyirlər bir-birinə. Otuz ildir bir yerdədilər. Doktor Abasəliyevin ayrı kimi var axı? Arvadı rəhmətə gedib, qalan tək qızıdır. Saday Sadıqlını oğul gözündə görür.

- Belə-belə işlər - Doktor öz aləmində nəsə düşünə-düşünə dilləndi - Deyirsən onlar həm də yerlidirlər, eləmi? Doktor Abasəliyev mən bilən Naxçıvandan olmalıdır...  Hə, vur görək. - O, stəkanı başına çəkib, üstündən şor-lavaş yedi.

- Düzdü, naxçıvanlıdılar - Nuvariş təsdiqlədi, bir dilim kolbasa götürüb araq stəkanını boşaltdı. - Bir kənddəndilər, Əylisdən. Kəndlərinin dəlisidirlər. Harda oldular, ancaq Əylisdən danışırlar. Deyirlər nə zamansa orada çoxlu erməni yaşayırmış. Belə çıxır bizim müsəlmanlarla aralarından su keçmirmiş. Doktor Abasəliyev o erməniləri çox tərifləyir. Onlar kimi mədəni, vicdanlı, zəhmətkeş insanlar dünyanın heç harasında ola bilməz, deyir. Mən onların belə söhbətlərini çox eşitmişəm. Kürəkən-qaynata Əylisdən danışanda adam həmən dəqiqə istəyir durub getsin ora, həmişəlik ölüb qalsın Əylisdə.

Doktor Fərzani düşüncədən ayrılmadan artisti dinləyirdi.

- Deməli belə, doktor Abasəliyev indi Mərdəkandadır, - o daha çox özü-özünə deyirdi, cərrah, sonra bir qədər düşündü soruşdu: - Tək yaşayır orda?

- Əlbəttə tək, kimi var ki? Təkcə Azadə xanım tez-tez baş çəkir ona. Hər bazar səhər tezdən yanına gedir. Gecəni qalır, o biri gün birbaşa işə qayıdır. Düz deyirsiniz, yaşlı adamın bağda tək yaşaması çətin məsələdi. Bu da var ki, boş vaxtı elə çox deyil darıxsın. Şəhərdəki evində otuz min kitabı var idi. Yazıq Azadə xanım il uzunu kitabları Bakıdan Mərdəkana daşıyıb. Abasəliyev oturub bağda, oxuyur o kitabları. Deyirlər özü də yazmağa başlayıb.

- Onların uşaqları yoxdur bəs?

- Yox, doktor. Bir tərəfdən baxanda Saday Sadıqlı kimi adamın övladının olmaması işin xeyrinədir. Sözün düzü, o bu dünyanın adamı deyil. Xəyalı buludlardadır. Xasiyyəti də uşaq kimidir. Uşaq olanda kənddə kimsə onun gözünün qabağında bir tulkünü güllələyib, hələ, indiyəcən o tülkünün halina yanır. Azından otuz dəfə bunu danışıb. Gözünün yaşı qurumur. Bax belə adamdır.

- Deyirsən, həm də yaxşı aktyordu, hə?

Söhbət bu yerə çatanda Nuvariş Qarabağlı kükrəyib daşdı:

- Allaha and olsun, doktor, o dahidir! O Abbas Mirzə, Ülvi Rəcəb qüdrətdə sənətkardır. Savadı alim savadıdır. Elə bir kitab qalmayıb oxumasın, amma xaraktercə düzgünlüyünün quludur, şeytan kimi. Bildiyini dədəsinə də verməz. O, hələ neçə il bundan qabaq Xalq artisti adını almalı idi. İndiyəcən əməkdar qalıb. 79-cu ildə onu, əlavə üç artisti "Xalq"a təqdim etmişdilər. Həmən ərəfədə hamı ona gözaydınlığı verirdi. Səhəri gün qazet təltif olunanların adını çap elədi, o birilər vardı, bu yox. Sən demə həmin axşam gedib kimnənsə oturub möhkəm vurub, dilinə yiyəlik eləməyib. Guya deyib: mənə lazım deyil sizin Xozeyinin sola-sağa səpələdiyi ad, mənə adı xalq verib.

Artist bir xeyli cibini eşələdi, sonra nə düşündusə elə cibindəcə qutudan bir ədəd siqaret çıxartdı, yalvarişlı gözlərlə Fərzaniyə baxdı.