Выбрать главу

Seyid Həmidin vətənidir Əliqulu.

Hər tərəfdə uca zirvələrin var,

Səndən ilham alıb ucalanıblar,

Dağında daşında nişangah dolu,

Seyid Həmidin vətənidir Əliqulu.

Mirəyal, Çalqaya, Yunusun dağı,

Daşbulaq üstündə qonaq yığnağı,

Söz deyib yazanla doludur dolu,

Seyid Həmidin vətənidir Əliqulu.

Müseyib düzünün qənşəri Çimən,

Qışı ağ çiçəkli, yazı yasəmən,

Əlvan çiçək açır hər meyvə gülü,

Seyid Həmidin vətənidir Əliqulu.

Sərin bulaqların bahar bağların,

Bitkiyə can verir, çoxaldır barın,

Bəhrəli bağların meyvəsi dolu,

Seyid Həmidin vətənidir Əliqulu.

Tufana qərq olmuş bəlalı başın,

Dağılmış, daş üstə qalmamış daşın,

Keşmə-keşli olur tarixin yolu,

Seyid Həmidin vətənidir Əliqulu.

Tarixdir yaradan qəhrəmanları,

Kişili, qadınlı igid canları,

Dünya xalı deyil, yenə də olu,

Seyid Həmidin vətənidir Əliqulu.

Yazırsan yaz, düzünü yaz

Qələm tutub şeir, əsər yazan dostum,

Yazırsan yaz, düzünü yaz.

Nəyə lazım sən yazdığın o əyrilər,

İstəyirsən o əyrinin yüzünü yaz,

Yazırsan yaz, düzünü yaz.

Ağız boşdu, dil yumuşaq,

Söz tökülür qucaq-qucaq,

Yaman gəlir, yaxşı gəlir,

Yamanın yox, yaxşıların sözünü yaz,

Yazırsan yaz, düzünü yaz.

Çox danışan, az iş görər,

Nəsihətdir babalardan, dədələrdən,

Çox danışıq çiy kərpicdir,

Çox uzaqdır bünövrədən,

Az danışıb iş görənin özünü yaz,

Yazırsan yaz, düzünü yaz.

İl dolanır, ay dolanır, gün keçir,

Yaman, yaxşı özünə bir yol seçir,

O yolları yaxşı ara, yaxşı tap,

Yamanların izini yaz,

Yazırsan yaz, düzünü yaz.

Seyid hər vaxt düzü istər,

Sürtülməmiş, sırtılmamış üzü istər,

Düz deyilən sözü istər,

Düz deyənin, düz baxanın gözünü yaz,

Yazırsan yaz, düzünü yaz.

İstə

Seyid dərmanını Xudadan istə,

Namərd dərman bilsə, dərd ala bilməz,

Bəxti qanad açıb, göylərə uçsa,

İgid nərə minər, nər dala minməz.

“Cəhd, çarıq yırtar” – atalar demiş,

Ancaq zəka da var, cəsarət də var,

Tənbəl yatmaqnan heç nə görməmiş,

Bəxti beş gətirsə, dörd ala bilməz.

İnsan qazancının biri qismətdir,

Zəlili olsa da varın, dövlətin,

Mərdin gözəlliyi abır, ismətdir,

Namərd alan adı, mərd ala bilməz.

Seyid hər vaxt deyər sözün düzünü,

Mərdin adın eşit, görmə üzünü,

İlahi bəxş edən halal ruzini,

Vəhşi ala bilməz, qurd ala bilməz.

Gəlmişəm

Fələk məni imtahana çəkmisən,

Fəndlərini seçə-seçə gəlmişəm,

Yollarımda qanqal, tikan əkmisən,

Tikanları biçə-biçə gəlmişəm.

Əzəl gündən zəhər qatdın aşıma,

Tərpənəndə daş yağdırdın başıma,

Divar hördün, sədd düzəltdin qarşıma,

Sədlərini keçə-keçə gəlmişəm.

Bu dünyanı cənnət, behişt sanmışam,

Haqq yolunda alışmışam, yanmışam,

Pərvanətək yanan şam atəşinə,

Qalanmışam yanar peçə gəlmişəm.

Kim tərk edər vətənini, elini,

Heç kim bilməz çərxi-fələk dilini,

Gör nə gündü ulusunu, pirini,

Unudaraq qaça-qaça, gəlmişəm.

Səfər üstə hey kəsirsən yolumu,

Bağlayırsan əllərimi, qolumu,

Azaldırsan aylarımı, ilimi,

Ömür verib heçdən-heçə gəlmişəm.

Seyid gileylənmə çərxi-fələkdən,

Kim qurtarıb bu qovğadan, kələkdən,

Şələlənib qəm yükünü dəmadəm,

Yurddan yurda köçə-köçə gəlmişəm.

El arasında

Arifi axtarsan diyarbadiyar,

Tapmarsan dağ ilə çöl arasında,

Söhbətini dinlə, sözünü eşit,

Yəqin ki tapılar el arasında.

Elə ağac ək ki, bəhər, bar olsun,

Elə gül becər ki, laləzar olsun,

Diqqətlə baxanda gözə görünər,

Qanqal çiçək açsa, gül arasında.

Yoldaş olma namərd ilə, bic ilə,

Ədalətsiz ad qazanmaz güc ilə,

Şirrini danışma satqına, gicə,

Qoy qalsın dodaqla dil arasında.

Təmiz adın ilə yaşa dünyada,

Təmizlik, halallıq qoşa dünyada,

Halal zəhmətinlə qazandığını,

Bölüşdür ayaqla, əl arasında.

Seyraqubla dostluq etmə heç zaman,

Xain çıxar, onda düz ilqar olmaz,

Yaxşı dostlar ilə otur, dur müdəm,

Yaşa arasında, öl arasında.

Seyid sirdaş olma əyrilərlə sən,

Əyrinin axırın əyri görərsən,

Ata öyüdünə əməl etməsən,

Qalarsan onların bil, arasında.

Olandadır

Çox ibadət eylə ağlı cəm insan,

Ədalət Allaha qul olandadır,

Ləl ilə doldurma təmiz kisəni,

Zəlillik altuna qul olandadır.

Fikri zəkasıyla yeni dövr açan,

Səmaya yüksəlib, ulduza uçan,

Nurlu səhərləri göylərdə açan,

Allahı üstündə yar olandadır.

Allahla bağlıdır külli-kainat,

Yaxşıya, yamana bəxş edib həyat,

Allah vergisiylə tapılan nicat,

Halal zəhmətiylə var olandadır.

Yarasa görməyir işıqda heç nə,

Məgər onu bilmir aqil kimsənə,

Allahın adına deyilən tənə,

Şuuru, zəkası kəm olandadır.

Seyid həqiqətin, haqqın tərəfi,

Peyqəmbər övladı, Əli xələfi,

Məzəmmət etməyə hər naxələfi,

Cismində insanlıq var olandadır.

Qurban

Azadlıq carçısı, ədalət kanı,

Seyid harayına, hayına qurban,

Yazdığın sətirlər, dediyin sözlər,

Xırdaca da olsa, payına qurban.

Allahın hökmü ilə yaranan dünya,

Can verib yaradan, yaşadan dünya,

Üstündə yaranmış, dolanan dünya,

Qışına, yayına, yazına qurban.

Lərzəyə gətirən çölü, səhranı,

Nuruna qərq edən bütün dünyanı,

Torpağa can verən bahar zamanı,

Günəşinə qurban, ayına qurban.

Qeybinnən qaynayıb, coşan suları,

Yerindən kükrəyib, daşan suları,

Axarın itirib, çaşan suları,

Özündə cəmləyən çayına qurban.

Yazın yağış verir, yayın da barı,

Payızın küləyi, qışın da qarı,

Bəzən qeyzə gəlib, pozub ilqarı,

Dərdlini oynadan toyuna qurban.

Seyid yaxşı olur dostun salamı,

Aqilin söhbəti, aqil kəlamı,

Yaddan çıxarmayan ali-əbanı,

Millətinə qurban, soyuna qurban.

Səs verirəm

Mən Əliyəm, azadlığa, ədalətə səs verirəm,

Səxavətə, ibadətə səs verirəm,

Bar, bəhərli Azərbaycan torpağına səs verirəm,

Sülh məramlı qonağına səs verirəm.

Seyidlər, övlüyalar diyarına səs verirəm,

Yaya, qışa, baharına səs verirəm,

Laçınımın şabalıdı torpağına səs verirəm,

Xoş günlərə, növrağına səs verirəm.

Laçınımın çaylarının nərəsinə səs verirəm,

Yamacına, dərəsinə səs verirəm.