Выбрать главу
Sənin tək günəşə müntəzirdir ay. Yerini Ütarid bilməyəcəkdir, Sənin düşərgahın daha yüksəkdir. Şabaş sinisini qaldırmış Zöhrə, Deyir: «Şərq batacaq al şəfəqlərə». Günəş də incəlib olmuşdur hilal. Yolundan çəkilmiş sanki bir xəyal. Mərrix qulluqçudur yataq evinə, Üzəngidən tutan uşaqdır sənə. Müştəri yoluna doğandan bəri Yanıb qamaşdırır yaman gözləri. Keyvan qulağına halqa taxaraq, Qul kimi qaldırmış bir qara bayraq. Bu cürə qulların köməyilə sən Getdiyin yolları xoş keçəcəksən. Qədr gecəsidir bu gecə, tələs Onun qədrini bil, gecikmə əbəs. Bu gecə hüsnüdür əbədiyyətin, Merac gecəsidir bu Məhəmmədin. O gecə nə qədər xoşbəxtdi, bilsən, Gündüz tək parladı ilk qədəmindən. Bu qara torpağa qoyub da pərgar, Gəzdin göy üzünü sən diyar-diyar. Ildırım «Buraq»ı, mindin dünyada, Sənin gedişindən yumşaldı o da. O bakir yaranan taxt üstündə sən Bir səadət kimi açmışdın yelkən. Minib bu tək ata göylərdə çaxdın, Cüt atlı ruzgarı dalda buraxdın. Fələklər bağına girən zaman sən, Ağlı, qırmızılı xoş meyvələrdən Qapına minlərcə salxım yollandı, Sənin gözündəydi eşqin son andı. Qalxanda göylərin yeddi qatına, Nə pərçəm, nə də bir tac qurdun ona, Yırtıldı göylərin bulut qabağı, Sınıb parçalandı ayın tabağı.
Tovus qanadlılar çıxıb göylərdən, Qarşında qol-qanad tökdülər birdən. Cəbrayıl səninlə gedə bilmədi. Allaha tapşırıb, yaxşı yol, dedi. Mikayıl yer verdi sənə başında, Israfil qul kimi durub qarşında, Özünü kölgə tək ayağa saldı, O da yarı yolda yorulub qaldı. Bir «Rəfrəf» səninlə mənzilə vardı, O, «Sidrə» taxtına səni apardı. «Sidrə»nin üstündən keçən zaman sən Hədis dəftərini yazdın əlinlən. Yeddi qat göylərdən keçib yüksəldin, Yüksəlib ən uca zirvəyə gəldin. «Sübbuh» söyləyərək göy sakinləri, Kölgəyin nurində çimdi min pəri. Ərşin çadırından uçdun yenə sən, Üzünü göstərdin yetmiş pərdədən. Çıxdın tərəflərin zülmətlərindən, Yüksəyin, alçağın zəhmətlərindən. Qurtardın paltarın ağırlığından, Tacı da, taxtı da atdın o zaman; Xeyməni götürüb iki aləmdən, Tanrı gərdəyini eylədin vətən. Həm böyük allahı ziyarət etdin, Həm də haqq sözünün sirrinə yetdin. Sənin eşitməyin, bir də görməyin Ağıldan, idrakdan uzaqdır, yəqin. Açdın ürəyini sən sərin-sərin, Adına layiqdir istədiklərin. Verdi istəyini böyük yaradan, S ən razı qayıtdın tanrı yanından. Alnın nar gülü tək açıldı yenə, Kərəm fərmanını aldın əlinə. Sənin xatirinə o böyük tanrı Əfv etdi biz kimi günahkarları. Şahımız, kölgəndə tutmuşuq qərar,
Bizim bu dünyada nə dərdimiz var! Sən bizə ruh verən günəşsən artıq. Daima parlasan, biz də solmarıq. Vicdanın mürüvvət dənizidir, bil, Nübüvvət göyləri sənin yerindir. Sənsiz mürüvvət də, göylər hakimi, Xalqa görünməzdi nübüvvət kimi. Səndən uzaq düşən hər kəs, hər nəfər Səadət üstündən bir qələm çəkər. Vəfa kəmərini belə bağlayan Düşməz əbədiyyət taxtından bir an. Baxıb Irəm bağı bu vüqarına, Ətir xərac verir ruzigarına. Göylər baratını yazıb göylərə, Bir xəzinə kimi qayıtdın yerə. Göyləri keçdiyin o sürətlə sən, Nolar, Nizamiyə bir söz söyləsən. Çoxmu qalacaqsan sən bu niqabda? Çoxmu yatacaqsan o rəxti-xabda? Bir oyan, üzündən bu örtünü at, Şahını şahmatın taxtında oynat. O yük dalındakı süfrəni göstər, Xəyalım aləmi pərdəsiz istər. Iki ağ-qaranın rəngini sil sən, Qaldır ziddiyyəti dörd təbiətdən. Iki vəfasızın əhdini bir et, Bu dörd ayaqlını özün əlbir et. Həyatı kəmalə verəndən bəri Həll etdin aləmdə çətinlikləri. Nafəndən küləyə bir ətir versən, Bizə də pay düşər bu nemətindən. Əzəl lövhəsini bilirsən əzbər, Ondan bir ayə də bizimçin göndər. Zəhmətsiz tapdığın elmdən bir az Bizim də dəftərə öz əlinlə yaz. Biz kimik, nəçiyik, aç göstər artıq, Büt qayıranmıyıq, büt qıranmıyıq.
Ey mənim işimi düzəldən qüdrət, Sənsən Nizaminin qəlbinə qüvvət. Könül, gəl bununla qənaət elə! O böyük tanrıdan şəfaət dilə! Taki bu pərdəni almasın bizdən, Bu pərdə qalxmasın heç üzümüzdən.

HİKMƏT VƏ MOİZƏ HAQQINDA

Ellik məclisinə verəndə ehsan, Şəhərdə badəsiz qalmasın insan. Səxavət buludu yağsın aləmə, Bütün vücudları gətirsin dəmə. Mey kimi tökülsün müzayiqəsiz. Gül kimi açılıb gülsün pərdəsiz. Parlasın aləmdə bir günəş qədər. Ondan işıq alsın sonsuz üfüqlər. Hər şeyi elliyə bağışla, gerçək, El borclu qalsa da, bu borcdan əl çək. Bütün insanlara sual ver bu dəm: Nə yolla yarandı boşluqdan aləm? Bir söz lazımdır ki, bağlı sirrlər Açılsın qönçə tək, şadlansın səhər. Baxın əlimdəki şirin şəkərə, Onu paylayıram nazəninlərə. Dünyaya səpirəm bu şirnini mən, Oğlum qulaq assın buna ürəkdən. Mən bütün bədənə yem verən zaman Öz ciyər param da pay alar ondan. Ey varlıq nəqşinin naziri olan, Qaldır əngəlləri idrak yolundan. Yolunda nə qədər canlılar vardır, Sənin varlığına pərəstişkardır. Boş təbli döyərək, hay-haray salma, Heç kəsin səsinə biganə qalma. Bir toz görünsə də hər zərrə əgər,
Dünya pərdəsində o da iş görər. Göylərə yüksələn bu yeddi hasar Zarafat deyildir, öz mənası var. Pərdə altındakı bu yeddi rəvaq Lovğalıq deyildir, hekmətə bir bax. Qısa söz, dünyada nə sən, nə də mən Oyuncaq deyilik xilqətimizdən. Nə şəhvət, nə yuxu, nə də ki, yemək Həyatın mənası olmasın gərək. Yatmağı, yeməyi bu aləmdə sən, Eşşək, öküzdə də görə bilərsən. Təbiət quranda xilqətimizi, Başqa səhifədə yazmışdır bizi. Anlayıb, düşünək hər şeyi gərək, Hər sirri açmaqla hünər göstərək. Yerləri, göyləri öyrənək bir-bir, Qalmasın bizimçin açılmamış sirr. Görək, kim yaratmış bu təbiəti, O kimdir, işinin nədir hikməti? Bu varaq üstündə çəkilən hər xətt Sənətkar əliylə yaranmış, əlbət. Qurğusu düz olan bu şeylər bir-bir Mahir bir ustada canlı şahiddir. Səni, öz adıyla düz yol göstərən O böyük allaha and verirəm mən, De, görüm, dünyada bir aynamı var Ki, seyqəl verməsin ona sənətkar? Seyqəlsiz bir ayna olmaz dünyada, Hər sənət bir ustad gətirir yada. Həqiqət gözüylə xəyala varsan, Hər şeydə qüdrətdən nişan taparsan. Baxma ki, nə yolla yaranmış onlar, Sənin gözlərində bu qüdrətmi var?! Hər şey öz-özünə necə düzəldi, Bax, nə cür kainat əmələ gəldi? Qoy, sənə şübhəsiz olsun aşikar, Onun başqasına ehtiyacı var.