Выбрать главу
Eşşəyi də getdi, ip də onunla. Öz qəlbini bölüb, bənzətdi nara Ki, Leyli söyləsin «Ey qəlbi para». Çalışdı, sirrini bilməsin ellər, Lakin, qəlb oduna kim dözə bilər? Beyninə sıçradı qəlbinin qanı, Aşiqin dərdini üzündən tanı. O, yar dərdindəydi, ondan yar uzaq, O, qəm içindəydi, qəmküsar uzaq. Gözünə şam kimi yuxu gəlməzdi, Gecə də, gündüz də o dincəlməzdi, Üzürdü canını bu bəla, bu qəm, Nə bir can dərmanı, nə də bir məlhəm! Umudla qəsd edir o öz canına, Başını çırpardı yar eyvanına. Səhər ayaqyalın, baş açıq, yalnız, Çöllərə qaçardı o vaxtlı-vaxtsız. O yarın quluydu, yarsa zindanda, Bir qəlb döyünürdü o iki canda. Dilində hər gecə hicran qəzəli, Pünhan axtarardı nazlı gözəli. Onun qapısını öpüb hər gecə, Yenə qayıdardı ordan gizlicə. Gedəndə yel kimi əsərdi o, bil, Geri qayıtması çəkərdi bir il. Gedən baş, quşu da vurub ötərdi, Gələn baş, yolunda tikan bitərdi. Gedən baş, sellərə bənzəri vardı. Gələn baş, yolları çuxur olardı. Gəzərdi cananı ayağı qabar, Elə bil altında yorğa bir at var. Evinə dönəndə deyirdi ürək: — Qarşımda quyu var, arxamda külək, Bəxt əl uzatsaydı ona bir yerdə, O öz yuvasına dönməzdi bir də.

MƏCNUNUN EŞQİ HAQQINDA

Yuxusuz gözlərin taxtına sultan, Matəm ordusuna sərkərdə olan, Sövda yollarının o yalnız səsi, Aşiqlər mülkünün qəm divanəsi. Fəryada, naləyə, bəlayə məftun, Bağdad ellərinin qanunu, Məcnun, O qəm dovulunun təbil sahibi, Hicran kilsəsinin sövda rahibi, O aşkar gəzən div, o gizli cadu, Şeyda aşiqlərin şeyda Harutu, Bir Keyxosrov olan o tacsız-taxtsız, O yuz min bədbəxti düşünən baxtsız, Qarışqa selinə köməkçi duran, Taxtını ahular belində quran, Sirrli qələləri fəth edən hünər, Sahibsiz yerlərə o keşikçi ər, Qəlbi dəniz kimi daima daşqın, O məcnun könüllü, sövdalı şaşqın Iki-üç aşiqə olmuşdu həmdəm, Onların qəlbində bir bəla, bir qəm, Sövda yuxusundan qalxıb hər səhər Leylini görməyə bir gedərdilər. Məcnunun dilində əzbərdi Leyli, Başqa heç bir sözə düşməzdi meyli. Yanında özgə bir ad çəkən olsa, Onu dinləməzdi, dinməzdi əsla. Gedib Leyligilin qəbiləsinə Yurd olan Nəcd adlı dağ sinəsinə, Məcnun ah çəkərdi, ağlardı zar-zar, O dağda tutardı daima qərar. Yıxılıb durardı, sərxoşlar kimi, Əl çalıb oynardı, dərdi var kimi. Ürək yandırardı zəngulələri, Qaçardı gah geri, gah da irəli.
Birdən, ağlar gözdə coşardı dərdi, O, səba yelinə xitab edərdi: — Oyan, tezdən oyan, səba yeli, sən! Get, asıl Leylinin ipək telindən! Söylə ki: «Eşqindən məhv olan yazıq Sənin yollarına döşənmiş artıq. Alır sorağını səba yelindən, O, daşa torpağa dərd açır bəzən, Qoy əssin qapından bir elçi ruzgar, Bir ovuc torpaq ver, ona yadigar. Səninçin, yel kimi, əsməyən bir kəs, Inan ki, bir ovuc torpağa dəyməz. Kim ki, əsirgədi canını səndən, Can versə yaxşıdır dərddən, qüssədən. Sənin eşq oduna düşməsəydi can, Məni aparardı qəm seli çoxdan. Bir də, gözlərimdən axmasaydı sel, Qəlbim qəm odundan yanardı tel-tel. Dünyalar gözəli günəş də, inan, Alışıb odlanır mənim ahımdan. Qəlbimin şamısan! Bir düşün məni, Yaxma eşq oduna öz pərvanəni. Dağıtmış yuxumu sehirli gözün Ki, yansın ciyərim, kababa dönsün. Dərdindən, qəmindən zövq alıram mən, Bil ki, dərmanım da, dərdim də sənsən! Qənddir dodaqların, bacarsan əgər, Ondan aşiqə də bir az pay göndər. Qoyma ki, ürəyim pərişan olsun, O qənd dərdlərimə bir dərman olsun! Gözmü dəydi bizə? Nə oldu ki, mən Düşdüm birdən-birə sənin gözündən? Yəqin yaman gözə gəlmişəm ki, mən, Çıxdı sənin kimi qismət əlimdən Dünyada çox ləziz, şirin meyvələr Pis gözə oğrasa torpağa düşər. Zəmanə barmaqla göstərdi bizi,
Bu yara öldürər hər ikimizi. Yadlardan yetməsin deyə bədnəzər, Üzün dövrəsinə nil də çəkərlər. Küsufun gözündən günəş qorxaraq, Üzünə salmışdır qara bir duvaq. Xəzinə üstünü örtməsə əgər Onu bu insanlar tez qarət edər».

MƏCNUNUN LEYLİNİN TAMAŞASINA GETMƏSİ

İpək paltarını geydi asiman, Göy öz sırğasını taxdığı zaman. Ulduzlar civə tək səpələndilər, Şəfəqdə qalmadı onlardan əsər. Qəlbi civə kimi dağınıq Məcnun İki-üç dostuyla yaralı, məhzun, Şərqilər deyərək, yola düzəldi, Qaçaraq Leylinin yurduna gəldi. Səbir kömləyini parçalayaraq, Canan yollarında inlədi ancaq. Könül xırmanını dolaşıb yalnız, Təsəlli gəzirdi o Məcnun baxtsız. Oxuya-oxuya o, sərxoşlar tək, Döyürdü başına, üzünə bərk-bərk. Qüvvədən düşmüşdü o talei kəm, Yarın çadırına yetişdi sərsəm… Ərəb adətiylə oturub o qız. Çadırda yollara baxırdı yalnız. Leyli bir ah çəkdi, görüb Məcnunu, Məcnun da fəryadla səslədi onu. Leyli ulduz kimi çadırda təkdi, Məcnun sanki pərdə tutan fələkdi. Leyli duvağını üzündən açdı, Məcnun gileylənib, dərddən söz açdı, Leyli çəng tutmuşdu bağrı başında,
Məcnun rübab kimi əli başında. Leyli səhər kimi işıqlanırdı, Məcnun da şam kimi qəmdən yanırdı. Leyli bağ içində gözəl bir bağdı, Məcnun dağ üstündə böyük bir dağdı. Leyli yaranmışdı ay kimi parlaq, Məcnun ipək kimi qaraydı ancaq. Leyli gül saçırdı ağaclara, bax, Məcnun dürr səpirdi şabaş olaraq. Leylini sormayın, pəriydi o can, Məcnun bir od idi, nə deyim ondan? Leyli-qış görməmiş yasəmən kimi, Məcnun-xəzan vurmuş bir çəmən kimi. Leyli parlayırdı sübhün qızı tək, Məcnun da sönürdü dan ulduzu tək. Leyli dağıtmışdı saçını nazla, Məcnun qul olmuşdu min iltimasla. Leyli can bəsləyən şərbət içirdi, Məcnun yaxa yırtıb, candan keçirdi. Leyli toxuyurdu qəlbində ipək, Məcnun alışırdı bir üzərlik tək, Leyli boy atırdı qızıl gül kimi, Məcnun ağlayırdı bir bülbül kimi. Leyli keçirdikcə zülfü şanədən, Məcnunun göz yaşı axırdı dən-dən. Leylinin əlində müşkin piyalə, Məcnun mey ətriylə dalmış xəyalə. Bunu əyləndirir canan səfası, Ona xoş gəlirdi aşiq vəfası. Onları görməsin, deyərək, əğyar, Qərib tək uzaqdan baxışırdılar. Bunu da çox gördü onlara zaman, Quru bir baxış da çıxdı ortadan.
полную версию книги