Выбрать главу

Romeo. Mən deyə bilərəm. Ancaq siz onu tapanda gənc Romeo indi axtardığınızdan bir az yaşlı olacaq. Əgər pis düşməsə, deyərdim ki, bu adı daşıyan insanların ən cavanı mənəm.

Dayə. Yaxşı dediniz.

Merkusio. Necə? Heç pis yaxşı olarmı? Doğrusu, yaxşı yerinə düşdü. Ağıllı sözdür, ağıllı sözdür.

Dayə. Cənab, Romeo sizsinizsə, mənim sizə deməyə bir neçə gizli sözüm var.

Benvolio. Görərsən, onu bişirib, şama dəvət edəcək.

Merkusio. Aradüzəldən, aradüzəldən, aradüzəldən, qap onu.

Romeo. Nədir, nə tapmısan?

Merkusio. Dovşan deyil, cənab. Yox, bu elə dovşandır ki, qurumuş, kiflənmiş pəhriz piroqunun içindən çıxıb.

Oxuyur.

Qoca, boz dovşan

Kifsənib yaman,

Nə yaxşı yeməkdir, pəhriz zamanı.

Kifsənməsəydi,

Qırx nəfər nəydi,

Yəqin, doydurardı bütün dünyanı.

Romeo, evə getmirsən?

Biz sizə nahar etməyə gedirik.

Romeo. Bu saat, gəlirəm.

Merkusio.

Əlvida, Nuhu gəmidə görən xanım, əlvida!

Xanım, xanım, xanım…

Merkusio ilə Benvolio gedirlər.

Dayə. Buna bax bir, əlvida! Deyin görüm, cənab, bu sırtıq çərçi kimdir ki, ədəbsizlik dağarcığı kimi belə dolubdaşır.

Romeo. Dayə, bu özü deyib, özü eşitməyi sevən adamdır. Bir dəqiqədə bir ayda deyəcəyindən daha çox cəfəngiyat üyüdüb tökə bilər.

Dayə. Əgər mənim haqqımda pis bir söz desə, onun canını alaram. Mən onun kimi iyirmi belə sırtıq bambılıya cavab verərəm. Hərgah özüm bacarmasam, məni müdafiə edənlər tapılar. Alçaq haramzada! Mən onun üçün əzilibbüzülən qızlardan deyiləm. Mən onun üçün əyyaş, pozğun qadınlardan deyiləm (Piterə). Sən də yanımda müqəvva kimi durub gözünü döyürsən. Hər yetən əclafın özü istədiyi kimi məni elə salmağına dözürsən.

Piter. Mən ki hələ bir kişinin özü istədiyi kimi sizi ələ saldığını görməmişəm. İnanın, belə olsaydı, cəld qılıncımı sıyırardım. Elə ki, görürəm, yaxşı döyüş üçün bir səbəb var, qanun da mənim tərəfimdədir, mən də başqaları kimi heç nədən çəkinmədən tez qılıncımı işə salıram.

Dayə. Bir Allah şahiddir ki, hələ də hirsimdən özümə gəlməmişəm, bütün bədənim əsir. Alçaq haramzada! Ah, cənab, axı mənim sizə bir sözüm vardı. Dediyim, gənc xanımım sizi axtarıb tapmağı xahiş etmişdi. Onun xahiş edib, tapşırdığı sözləri hələlik özümdə bir sirr kimi saxlayıram. Əvvəlcə, icazə verin, sizə deyim, əgər siz onu yoldan çıxarmaq istəyirsinizsə, necə deyərlər, bu kobud bir hərəkət olardı. Çünki xanımım çox gəncdir, buna görə də onu aldadırsınızsa, bu doğrudan da, pis və eybəcər bir işdir.

Romeo. Mehriban dayə, məndən xanımına salam söylə. Mən sənə söz verirəm ki…

Dayə. Safqəlbli oğlan, mən ona elə beləcə də deyəcəyəm. İlahi, ilahi, o necə də sevinəcək!

Romeo. Sən ona nə deyəcəksən, mehriban dayə? Mən hələ heç nə deməmişəm.

Dayə. Mən ona deyəcəyəm ki, cənab, siz söz verdiniz. Belə işi, mənim anladığıma görə, ancaq nəcib bir adam görə bilər.

Romeo. Ona de, bu axşam bir bəhanə ilə ibadət etməyə kilsəyə gəlsin.

Orda, hücrəsində rahib Lorenso

Kəsəcəkdir bizim nikahımızı.

Al, zəhmət haqqıdır bu da səninçün.

Dayə. Yox, yox, götürmərəm bircə peni də.

Romeo. Di yaxşı, di götür verilən payı.

Dayə. Bu axşam dediniz? Yaxşı, gələcək.

Romeo.

Dayan monastırın arxasında sən,

Yanına gələcək mənim xidmətçim. Bir kəndir nərdivan verəcək sənə. Həmin nərdivanla bu gecəyarı, çıxacam səadət zirvəsinə mən. Yaxşı yol! Xidmətin əvəzsiz qalmaz. Yaxşı yol! Salam de xanımına sən.

Dayə. Allah xoşbəxt etsin sizi, fəqət, ser…

Romeo. Söylə, sözün nədir, mehriban dayə?

Dayə.

Sizin xidmətçiniz etibarlıdır? Yəqin, eşitmisiz?! Belə deyirlər: Saxlar iki adam sirri o zaman Onlardan birisi çıxsın aradan.

Romeo. İnanın, möhkəmdir o, polad kimi.

Dayə. Yaxşı, ser… Mənim xanımım dünyanın ən gözəl qızıdır. İlahi, ilahi!.. O, balaca uşaq olanda… Ah, bu şəhərdə Paris adlı zadəgan bir oğlan var. Senyoranı almaq üçün dəridənqabıqdan çıxır. Ancaq qız, o gözəl qəlbli maral, onu görməkdənsə qurbağanı, əsl qurbağanı görməyi daha üstün tutur. Mən arabir xanımı acıqlandırıb deyirəm: Paris sənə daha çox yaraşan ərdir. Sizi inandırıram, mən belə deyəndə o, kətan kimi ağarır. Məni bir başa salın, cənab, saf məhəbbət çiçəyi rozmarinlə Romeo sözü eyni hərflə başlamır ki?

Romeo. Bəli, mehriban dayə. Burda nə var? Hər iki söz er hərfi ilə başlayır.

Dayə. Siz necə də lağlağıçısınız! O, it hərfidir. Onu deyəndə elə bil itlər mırıldaşır: Er hərfi, yox, belə deyil. Mən bilirəm ki, sizin adınız başqa hərflə başlayır. Xanım sizin adınızla rozmarini uyğunlaşdırıb, elə gözəl sözlər danışır ki, eşitsəniz, xoşunuza gələr.

Romeo. Məndən xanımına salam söylə.

Dayə. Baş üstə, lap min dəfə salam söylərəm (Romeo gedir). Piter!

Piter. Nə buyurursunuz?

Dayə. Yelpiyimi götür, düş qabağıma, cəld ol.

Gedirlər.

Beşinci səhnə

Kapulettinin bağı. Cülyetta gəlir.

Cülyetta.

Dayəni göndərdim saat doqquzda,

O, yarım saata qayıtmalıydı.

Yəqin ki, tapmayıb.Yox, ola bilməz!

Ah! Dayə ləng gedir, sanki topaldır.

Xəyal olmalıdır eşqin qasidi;

Zülmət təpələrdə qara kölgəni

Qovlayan Günəşin şəfəqlərindən

On dəfə artıqdır onun sürəti.

Göyərçinlər çəkir, qanad çаlaraq,

Gözəl Veneranm arabasını.

Elə bunun üçün yel kimi uçan

Tanrı Kupidonun qanadları var.

Günorta yerinə yetişdi Günəş.

Düz üç saat keçir indiyə kimi,

O hələ də gəlib çıxmır ki, çıxmır.

Onun ürəyində ülvi məhəbbət,

Qanında gəncliyin odu, atəşi

Olsaydı, ox kimi süzər, süzərdi.

Mənim sözlərimi əziz yarıma,

Onun sözlərini mənə deyərdi.