Выбрать главу

Qocalarsa süstdür lap ölü təhər,

Tutqundur, ağırdır qurğuşun qədər.

Dayə və Piter gəlirlər.

Ah, Allah, o gəlir. Ah, əziz dayə,

Söylə, nə xəbər var, gördünmü onu?

Göndər, getsin nökər.

Dayə. Sən qapıda dur.

Piter gedir.

Cülyetta.

Mənim qəşənq dayəm! Aman, ilahi!

Söylə, üzündəki bu kədər nədir?

Xəbər qəmlidirsə, sən sevinclə de.

Əgər yaxşıdırsa, yaxşı nəğməni

Tutqun qaşqabaqla bu cür korlama.

Dayə.

Yorulmuşam, gözlə, dincəlim bir az.

Sınır qılçalarım, uf, uf, ölürəm,

Belə də üzücü qaçaqaç olar?

Cülyetta.

Verərəm mən sənə qılçalarımı,

Sən, gəl, əvəzində o xəbəri ver.

Danış, yalvarıram, sevimli dayəm!

Dayə.

Hara tələsirsən, nə olub axı? Gözləyə bilməzsən məgər bir azca?

Görürsən nəfəsim kəsilir mənim.

Cülyetta.

Necə kəsilir ki, sənin nəfəsin.

Bu sözü deməyə nəfəsin vardır.

Sənin üzrlərin, bəhanələrin

Uzundur ən uzun nağıldan belə.

Qısa de, xəbərin xeyirdir, ya bəd?

Qalan sözlərini sonra deyərsən.

Aydın de, xəbərin xeyirdir, ya bəd?

Dayə. Deməliyəm ki, sən o qədər də yaxşı oğlan tapmamısan. Əri necə tapmağı bilmirsən, axı. Romeo! Yox, mən ona getməzdim. Doğrudur, onun üzü başqa kişilərin üzündən qəşəngdir, qıçları da başqa kişilərin qıçlarından düzdür. Əllərinə, ayaqlarına, boybuxununa söz ola bilməz. Bütün müqayisələrdən daha gözəldir. Demək olmaz ki, o, nəzakət çiçəyidir. Ancaq səni inandırıram ki, o, quzu kimi mehribandır. Öz yolunla get, qızım. Qəlbini Allaha bağla. Necə, sən nahar edibsən?

Cülyetta.

Xeyr, xeyr! Bilirdim mən bunu əvvəl.

Toyumuz barədə o nə söylədi?

Dayə.

İlahi! Necə də ağrıyır başım!

Az qalır bölünsün iyirmi yerə

Bir yandan da belim. Ah, belim, belim!

Tanrı günahım bağışlayarmı?

Məni hey qovursan o yanbu yana,

Deyirsən üzülüm, ölüm yollarda?

Cülyetta.

Bu əziyyət üçün bağışla məni,

Sevimli, istəkli, mehriban dayəm,

De görüm, sevgilim sənə nə dedi?

Dayə. Sevgilin namuslu, ədəbli, mehriban, gözəl və ən ləyaqətli bir insan kimi dedi. Anan haradadır?

Cülyetta.

Anam haradadır? Anam evdədir.

Harda olmalıydı? Başa düşmürəm!

Necə de qəribə cavab verirsən!

«Sevgilin namuslu insantək dedi:

Anan haradadır?».

Dayə.

Ah, aman Allah,

Belə hirslənirsən? Bir bu qalmışdı?

Ağrıyan belimə təpitmədir bu?

Daha qasidliyə özün gedərsən.

Cülyetta.

Qurtar işgəncəni. O nə dedi, nə?

Dayə.

Bu gün ibadətə gedə bilərsən?

Cülyetta.

Gedərəm.

Dayə.

Rahibin hücrəsinə qaç.

Bir ər səni orda arvad edəcək.

Hə, qanın sıçradı yanaqlarına,

Üzün bu xəbərdən alışıb yandı.

Di sən kilsəyə get, mənsə aparım

Kəndir nərdivanı, yarın bu gecə

Onunla yanına qalxar gizlicə.

Son kef çəkəcəksən, yük çəkim mən də.

Gecə yük altına düşərsən sən də.

Mən nahar edirəm, tez get, yaxşı yol.

Cülyetta.

Qovuşum bəxtimə, əzizim, sağ ol.

Gedirlər.

Altinci səhnə

Rahib Lorensonun hücrəsi. Rahib Lorenso ilə Romeo daxil olurlar.

Lorenso.

Bu müqəddəs işə yar olsun göylər,

Sonra dərdlə bizə cəza verməsin.

Romeo.

Amin! Ancaq bu dərd dəhşət olsa da,

Cülyettayla mənim görüşümüzün

Bir anlıq sevinci önündə heçdir.

Müqəddəs ayinlə, müqəddəs ata,

Birləşdir son bizim əllərimizi.

Sonra ölüm gəlsin, yoxdu bir qorxum,

O çiçək mənimdir desəm, bəsimdir.

Lorenso.

Odlu sevgilərin odlu sonu var;

Öpüşüb məhv olan odtək, barıttək

Alışıb məhv olur zəfər çağında.

Pisdir on şirin bal şirinliyiylə,

İştahı öldürür çox yeyiləndə.

Sən təmkinlə sev ki, sevgi tükənməz,

Gecikər çox lənglə çox tələsən kəs.

Cülyetta gəlir.

Gəl, qızım. Ah, belə incə ayaqlar

Hələ toxunmayıb bu sərt daşlara.

Gözəl yay axşamı mehli havada

Uçan bir hörümçək toru üstündə

Aşiq gəzə bilər, yıxılmaz heç vaxt.

Cülyetta. Axşamınız xeyir, ruhani ata.

Lorenso. Romeo, bizimçün təşəkkür eylə.

Cülyetta.

Ürəkdən gələcək təşəkkür üçün

Onun da axşamı qoy xeyir olsun.

Romeo.

Ah! Qəşəng Cülyetta, nəhayətsizsə

Sənin səadətin mənimki qədər,

Onu dillə demək mümkünsə hərgah,

Havanı məst etsin qoy gül nəfəsin.

Şirin sözlərinin musiqisiylə

Əks elə ilahi görüşümüzün

Bizə bəxş etdiyi bu səadəti.

Cülyetta.

Sevgi sözlə deyil, işlə zəngindir,

Öyünər mənayla, bərbəzəklə yox.

Dilənçilər saya bilər varını,

Sonsuz xəzinədir mənim saf eşqim,

Mən saya bilmərəm yarısını da.

Lorenso.

Gedəyin, tezcənə qurtaraq işi.

Müqəddəs kilsədə ülvi ayinlə

İkiniz bir canda birləşənədək

Sizin üstünüzdə göz olum gərək.

Gedirlər.

ÜÇÜNCÜ PƏRDƏ

Birinci səhnə

Veronada meydan. Merkusio, Benvolio və xidmətçilər daxil olurlar.

Benvolio.

Gedək, Merkusio, rica edirəm,

Bu gün çox istidir, yaman bürküdür.

Gəzirlər hər yerdə Kapulettilər,

Onlara biz bu gün əgər rast gəlsək,

Davadan yayına bilməyəcəyik.

Damarda qan coşur bürkü olanda.

Merkusio. Sən elə bir gencə bənzəyirsən ki, o, meyxanəyə girən kimi qılıncını belindən açıb stolun üstünə qoyaraq deyir: «Allah eləsin, mənim sənə heç bir ehtiyacım olmasın!» Fəqət ikinci badəni türəndən sonra, doğrudan da, heç bir ehtiyac olmadan qılıncı sıyırıb, qulluqçunun qarnına soxur.