Benvolio qayıdır.
Benvolio.
Romeo, Romeo, ah,
Merkusio! Öldü o mərd insan!
O igid insan!
Yerə nifrət edib, vaxtından çox tez
Onun cəsur ruhu uçdu göylərə.
Romeo.
Bu nəhs gün gətirər sonsuz fəlakət,
Əvvəli qorxuncdur, axın dəhşət.
Tibalt qayıdır.
Benvolio. Yenə azğın Tibalt gəlir bu yana.
Romeo.
O sağdı, o çatdı şöhrətəşana.
Merkusio öldü. Zərif yumşaqlıq,
Zərif buludların qoynuna yüksəl.
Qoy alovlu qəzəb bələdçim olsun.
Tibalt, əclaf sənsən, başımız üstdə
Durub tənha ruhu Merkusionun,
Gözləyir ki, ona yoldaş olasan.
İndi ya sən, ya mən, ya hər ikimiz
Uçub getməliyik onunla birgə.
Tibalt. Onunla dost idin, yaramaz uşaq,
İndi onunla da sən gedəcəksən.
Romeo. Qılınc həll eyləyər bu məsələni.
Vuruşurlar. Tibalt yıxılır.
Benvolio.
Şəhər əhli gəlir, Romeo, tez qaç.
Artıq Tibalt öldü, sən ələ keçsən,
Hersoq asdıracaq səni o saat.
Durub matmat baxma, tez aradan çıx.
Romeo. Taleyin əlində oyuncağam mən.
Benvolio. Neçin dayanmısan, ölüm gəzirsən?
Romeo gedir. Şəhərlilər gelir.
Birinci şəhərli.
Tibaltmı öldürüb Merkusionu?
O qatil, o quldur hayana qaçdı?
Benvolio. Odur uzanıbdır.
Birinci şəhərli.
Senyor, qalx yerdən,
Hersoqun adından hökm edirəm mən.
Dustaqsan, dur gedək, əmrə qulaq as.
Hersoq öz əyanları ilə, Montekki, Kapuletti isə öz arvadları ilə və başqaları daxil olurlar.
Hersoq. Saldı bu davanı hansı yaramaz?
Benvolio.
Mərhəmətli Hersoq, mən bircəbircə
Deyim bu nəhs dava başlandı necə.
Bu adam öldürdü Merkusionu,
Cavan Romeo da öldürdü onu.
Ledi Kapuletti.
Tibalt, göz işığı, ciyərparası!
Əziz qardaşımın əziz balası.
Ah, Hersoq, ah, ərim, axdı qanımız.
Bizə nə dağ çəkdi gör düşmanımız!
Ədalətli Hersoq, qana qan gərək,
Bu saat Montekki versin can gərək.
Hersoq. Bu qanlı davaya kimdir səbəbkar?
Benvolio.
Tibaltdır bu işə bais, hökmdar.
Ağır təhqir etdi o, Romeonu,
Romeo ədəblə ona dedi ki,
Davanın, dalaşın mənası yoxdur,
Bu həm də cinlədər əlahəzrəti.
Bu hörmət, bu izzət, bu mehribanlıq
Davakar Tibaltı sakit etmədi.
O daha da qızıb, Merkusionun
Köksünə yönəltdi polad qılıncı.
Coşqun Merkusio coşdu bu zaman,
Dəhşətlə çırpıldı qılınc qılınca.
Romeo araya girib qışqırdı:
«Aralanın, dostlar! Ayrılın, dostlar!»
Qorxunc zərbələri qorxu bilmədən
O öz silahıyla dəf eləyirdi.
Qılıncı yeridib qərəzkar Tibalt
Qolunun altından gənc Romeonun
Öldürdü yenilməz Merkusionu.
O qaçdı, tezliklə qayıtdı yenə.
İntiqam fikrinə düşdü Romeo,
Vuruşma od saçdı ildırım təkin.
Onları ayırmaq istəyirdim ki,
Tibalt bir tir kimi yerə uzandı.
İşi belə görüb qaçdı
Romeo.
Mənim bu sözlərim doğrudur tamam,
Tanrı qənim olsun yalan danışsam.
Ledi Kapuletti.
Yaxın qohumudur o, Montekkinin,
Qanı məcbur edir, düz demir, yəqin.
Yığılıb bir yerə iyirmi nəfər,
Yalqız bir adama qəsd eləyiblər.
Hökmdar, siz haqqa eyləyin kömək,
Romeo canidir, o ölsün gərək.
Hersoq. Romeo Tibaltı, Tibaltsa onu –
Öldürüb əzizim Merkusionu.
Onun necə çəkim ağır yasını,
Onun kim verəcək qan bahasmı!
Montekki.
Romeo suçsuzdur, unutmaq olmaz,
O öz dostu üçün alıbdır qisas.
Bu ki qanunladır.
Hersoq.
Bu günah üçün
Mən onu təcili edirəm sürgün.
Sizi dərdə salan kinli ədavət
Mənim də qanımı tökdü, nəhayət.
İki ailənin qanlı savaşı
Mənim də evimə saldı göz yaşı.
Elə bir cərimə kəsim ki sizə,
Ədəbi dərs olsun hər ikinizə.
Qəlbimi yumşaltmaz nə ağısızı,
Yumaz göz yaşınız günahınızı.
Kəsin yalvarışı! Getsin Romeo.
Əgər burda qalsa, öləcəkdir o.
Qaldırın cəsədi, bu müsibətdir,
Qatili əfv etmək bir cinayətdir.
Gedirlər.
İkinci səhnə
Kapulettinin bağı. Cülyetta daxil olur.
Cülyetta.
Siz ey ayaqları od saçan atlar,
Qərbə günbatana çapın dördnala
Febin oğlu Faston sürsəydi sizi,
Qızıl arabanı aparmışdınız,
Aləmi qaranlıq tutmuşdu çoxdan.
Gəl, gəl, aşiqlərin sirdaşı gecə,
Gəl, çək hər tərəfə qara pərdəni.
Kənar gözdən uzaq, yad dildən uzaq
Romeo gizlicə gəlsin yanıma.
Dünyanı aydınca görür aşkjlər,
Dünyaya nur saçır onların hüsnü.
Əgor məhəbbətin korsa gözləri,
Onun on sevimli dostu gecədir.
Ey ədəbli gecə, ey qara donlu,
Zabitəli gözəl, gəl, gəl, sən mənə
İki təmiz qəlbin saf oyununda
Uduzaraq qalib gəlməyi öyrət.
Utancaq, pak eşqim cürətlənincə
Qara örpəyinlə yanaqlarımda
Həyadan alışan qanımı gizlət.
Gəl, gecə, bir tələs! Tez ol, Romeo,
Gəl, zülmət gecədə nurlu gündüzüm,
Uç, gəl sən gecənin qanadlarında,
Qarğanın belinə yenicə yağmış
Qardan son şəfəqli, sən ağ olarsan.
Gəl, sevimli gecə, ey qaraqaşlım,
Mənim Romeomu sən gətir mənə.
O öləndə onu götür özünlə,
Kəs, doğra balaca ulduzlar kimi.
Bundan göylər elə gözəlləşər ki,
Mat qalar gecəyə bütün yer üzü,
Pərəstiş eyləməz Günəşə heç vaxt.
Bir sevgi sarayı satın aldım mən,
Fəqət o saraya sahib deyiləm.
Mənim özümü də satın aldılar,
Fəqət nə yiyəm var, nə sahibim var.
Ah, necə əzablı, qəmlidir bu gün,
Təzə paltarmı geyə bilməyən
Səbirsiz uşağın bayramqabağı
Keçirdiyi qəmli bir gecə kimi!
Ah, ah, dayəm gəlir, xəbər gətirir.
Romeo adını deyən hər bir dil
Göylərtək gözəldir, heyrətamizdir.
Dayə əlində kendir nərdivan daxil olur.
Dayə, nə xəbər var? O nədir elə?