Gəl bəri, gəl bəri, bədbəxt Romeo,
Kədərqüssə sənə aşiq olubdur.
Oğlum, evlənmisən müsibət ilə.
Romeo daxil olur.
Romeo.
Təzə nə xəbər var, müqəddəs ata?
Hökm necə oldu, cəzam nə oldu?
Hansı yeni bir dərd gözləyir məni?
Lorenso.
Möhkəm dost olmusan bütün dərdlərlə.
Xəbər gətirmişəm hökm barədə.
Romeo. Məhşərdən qorxuncdur Hersoqun hökmü.
Lorenso.
Yüngül qərar verdi sənin haqqında,
Sənə ölüm deyil, sürgün buyurdu.
Romeo.
Necə? Sürgün? Rəhm et, sən «ölüm» söylə.
Qatqat dəhşətlidir sürgün ölümdən,
Dilinə gətirmə «sürgün» sözünü.
Lorens o.
Yalnız Veronadan sürgün olursan.
Səbir elə, oğlum, dünya genişdir.
Romeo.
Veronadan kənar bir dünya yoxdur,
Ancaq məhşər, əzab, cəhənnəm vardır.
Dünyadan sürgündür buradan sürgün.
Dünyadan sürgünsə ölüm deməkdir,
Səhvən ölümə də sürgün deyirlər.
Sürgün adlandırıb mənfur ölümü,
Qızıl balta ilə sən güləgülə
Başımı kəsirsən, mehriban ata.
Lorenso.
Nankorluq ən böyük günahdır, oğlum.
Sənə ölüm düşür qanuna görə,
Sənin tərəfmi saxlayıb ancaq,
Mərhəmətli Hersoq atdı qanunu.
Ölümü sürgünlə əvəz elədi,
Belə mərhəməti sənsə görmürsən.
Romeo.
Bu bir işgəncədir, mərhəmət deyil.
Cülyetta hardasa, göy də ordadır.
Burda göyün altda hər bir it, pişik,
Hər bir miskin siçan, dəyərsiz qurdquş
Yaşayıb, o gülü seyr edə bilər,
Fəqət görə bilməz Romeo onu.
Leş yeyən milçəklər Romeodan, ah,
Daha çox hörmətə, daha çox haqqa,
Daha çox şərəfli ömrə malikdir.
Onlar Cülyettanm qar kimi dümağ,
İncə əllərinə toxuna bilər,
Hətta birbirini öpürlər deyə
Həyadan od kimi alışıb yanan,
Ləkəsiz, bakirə dodaqlarından
Əbədi səadət qopara bilər.
Milçəklərin buna hüququ vardır,
Romeosa bundan məhrum olunur.
Milçəklər azaddır, Romeo dustaq,
Romeo buradan sürgün edilir.
Sən deyirsən, sürgün ölüm deyildir?
Heç kəskin zəhərin, almaz bıçağın,
Başqa məhvedici vasitən yoxmu,
Məni öldürürsən «sürgün» sözüylə?
«Sürgün», bu adi söz nə dəhşətlidir!
Cəhənnəmdə ağır zillətə məhkum
Ağır günahkarlar bu ağır sözü
Fəryadla deyərək inildəşirlər.
Ah, ruhani ata, ey müdrik insan!
Mənim müəllimim, mehriban dostum,
Ən yaxın sirdaşım olaola sən,
Buna necə qıydın, ürək elədin,
Məni məhv edirsən «sürgün» sözüylə?
Lorenso. Bir mənə qulaq as, ey dəli aşiq.
Romeo. Oh, yenə sürgündən danışacaqsan?
Lorenso.
Bu sözün oxundan qorunmaq üçün
Mən sənə poladdan zireh verərəm.
Fəlsəfə sipərdir bədbəxt kəslərə,
O sənə sürgündə bir kömək olar.
Romeo.
Yenə də bu mənfur, bu «sürgün» sözü!
Qoy sənin fəlsəfən cəhənnəm olsun!
O mənə Cülyetta yaratmayacaq,
Şəhəri yerindən oynadıb indi
Hersoqun hökmünü dəyişməyəcək.
Onun nə köməyi, danışma barı.
Lorenso. Ah, mən görürəm ki, dəlilər karmış.
Romeo. Müdriklər kor isə, neyləsin onlar?
Lorenso. Gəl, sənin işindən danışaq, oğlum.
Romeo.
Duymadığın şeydən nə deyəcəksən? Əgər mənim kimi cavan olsaydın,
Mənimtək sevsəydin sən Cülyettanı,
Bir saat keçməmiş evləndiyindən
Tibaltı öldürüb dərdə düşsəydin,
Sonra da mənimtək sürgün olsaydın,
O zaman danışa bilərdin ancaq.
O zaman saçını didib yolardm,
O zaman mənimtək sərilib yerə,
Ölçərdin gələcək məzarını sən.
Qapı döyülür.
Lorenso. Qalx, qapı döyülür, Romeo, gizlən.
Romeo.
Nə üçün? Onsuz da odlu ahlarım
Dumantək gizlədir gözlərdən məni.
Qapı döyülür.
Lorenso.
Eşidirsən? Necə döyürlər.
Kimdir? Səni tutacaqlar.
Romeo, cəld ol. Gözləyin!
Di dur, qaç ibadətgaha.
Qapı döyülür.
Bu saat! İlahi, bu nə inaddır?
Gəlirəm, gəlirəm! Hardandır belə? Qapı döyülür.
Nə bərk döyürsünüz? Axı, kimsiniz?
Dayə (bayırdan).
Tez açın qapını, tanıyarsınız, Cülyetta xanımın dayəsiyəm mən.
Lorenso. Buyurun içəri, xoş gəlmişiniz.
Dayə daxil olur.
Dayə.
Ah, müqəddəs ata, Romeo hanı?
Mənim xanımımın əri hardadır?
Lorens o. Odur, bax, orada sərilib yerə,
Acı göz yaşından sərxoş olubdur.
Dayə.
Mənim xanımım da lap bu haldadır,
Ah, o da düşübdür bu vəziyyətə.
Lorenso. Eyni ürəklərin dərdi eynidir!
Dayə.
O da eyni ilə sərilib yerə,
Hönkürür, inləyir, göz yaşı tökür.
Di qalxın, di qalxın; bir kişi olun.
Xanım Cülyettanın xatiri üçün,
Onun xatiriyçün ayağa durun.
Bu sizə yaraşmır.
Romeo. Ah, əziz dayə!
Dayə. Ah, cənab, hamının sonu ölümdür.
Romeo.
Son, sən danışırsan Cülyetta haqda?
Nə olub? O məni qatil sanırmı?
Özüm ləkələdim onun qanıyla
Səadətimizin körpəliyini.
Səhhəti necədir? İndi hardadır?
Mənim məxfi yarım bizim məhv olmuş
Eşqimiz barədə nə deyir indi?
Dayə.
Cənab, heç nə demir. Ağlayır elə.
Yazıq gah yıxılır çarpayısına,
Gah durub Tibaltı çağırır, gah da
Romeo deyərək haray qoparır,
Gah da ağzıüstə yıxılır yerə.
Romeo.
Romeo! Ah, bu ad murdar bir əllə
Onun qardaşını qana bələyib,
Ağzından od saçan, alov püskürən
Bir top gülləsitək yandırır onu.
Mənə de, mənə de, müqəddəs ata,
Bədənimin hansı mənfur yerində
Mənim mənfur adım məskən salıbdır?
O iyrənc yuvanı tarmar edim. (Qılıncı sıyırır).
Lorenso.