Выбрать главу

Dəli, bir əl saxla! Sən kişisənmi?

Görkəmin deyir ki, bəli kişisən,

Qadın göz yaşıdır fəqət göz yaşın.

Sənin bu ağılsız hərəkətində

Vəhşi bir heyvanın qəzəbi vardır.

Sən kişi cildində həm zəif qadın,

Həm də ən dəhşətli bir yırtıcısan!

Sənə mat qalmışam, din haqqı, səni

Mən ruhən ən möhkəm insan bilirdim.

Tibaltı öldürdün? Onun dalınca

İndi də özünü öldürəcəksən?

Bununla dünyada yalnız səninçün

Yaşayan zövcəni məhv edəcəksən?

Niyə öz nəslinə, bu yerə, göyə

Nifrət yağdırırsan, sonsuz bir nifrət?

Axı, öz nəslin də, bu yer də, göy də

Səndə birləşərək həyat tapıbdır.

Onları bir yerdə itirəcəksən.

Tfu, tfu! Sən ki, öz surətini,

Eşqini, ağlım ləkələyirsən.

Həm zəngin, həm xəsis bir sələmçitək

Varından xərcləyib öz surətinə,

Eşqinə, ağlına zinət vurmusan.

Senin alicənab, gözəl surətin

Dördüncü səhnə

Kapulettinin evində bir otaq. Kapuletti, ledi Kapuletti və Paris daxil olurlar.

Kapuletti.

İşlər bəd gətirdi, qraf, biz hələ

Vaxt tapıb qız ilə danışmamışıq.

Cülyetta Tibaltı çox istəyirdi,

Elə mən özüm də. Fəqət nə etmək?

Yalnız ölmək üçün doğuluruq biz!

Vaxt gecdir, o daha aşağı düşməz.

Siz gəlməseydiniz, inanın, mən də

Yatağa girmişdim bir saat əvvəl.

Paris.

Matəm günü deyil elçilik günü.

Senyora, gecəniz xeyrə qalsın,

Məndən qızınıza salam söyləyin.

Ledi Kapuletti.

Onun ürəyini bilərəm səhər,

O indi qərq olub qəm dəryasına.

Kapuletti.

Qraf, qızım sizi sevəcək, yəqin.

O mənim heç zaman sözümdən çıxmaz,

Buna şübhəm yoxdur. Arvad, yatmamış

Qızın yanına get, söz açıb, ona

Oğlumuz Parisin eşqini bildir.

Qoy o hazırlaşsın, gələn çərşənbə…

Bu gün nə günüdür?

Paris. Bazar ertəsi.

Kapuletti.

Bazar ertəsi! Yox, çərşənbə tezdir.

Yaxşı, onda olsun cüme axşamı.

Hə, cümə axşamı, qızına de ki,

Parislə kəbini kəsiləcəkdir.

Buna hazırsınız? Razısınızmı?

Mərasim keçəcək səssizsəmirsiz,

Biriki dostumuz gələcək ancaq.

Tibalt öldürülüb axı yenicə,

Biz şadlıq eləsək, bu yaxşı düşməz,

Deyərlər, qohuma etinasızıq.

Odur ki, az adam dəvət edərik.

Bununla qurtarar. Nə deyirsiniz?

Sizə əl verirmi cümə axşamı?

Paris. Kaş cümə axşamı sabah olaydı!

Kapuletti.

Yaxşı, gedin. Demək, cümə axşamı.

Arvad, Cülyettanın yanına birbaş,

Onu hazırlaşdır toy gününə sən.

Xudahafız, milord. Ey, ey, cəld olun,

Mənim otağıma çıraq gətirin.

Çox gecdir, bir azdan səhər olacaq.

Gecəniz xeyrə qalsın!

Gedirlər.

Beşinci səhnə

Cülyettanın otağı. Romeo ilə Cülyetta daxil olurlar.

Cülyetta.

Getmək istəyirsən? Hələ sübhə var,

Dəhşətlə dağlayan qulaqlarını

Torağay deyildi, o, bülbül idi.

Gecələr oxuyur nar ağacında,

İnan ki, sevgilim, o, bülbül idi.

Romeo.

O, sübhün carçısı torağay idi.

Bax, gülüm, yandırır qısqanc şəfəqlər

Şərqdə parçalanmış ağ buludları!

Gecənin şamları tamam sönübdür,

Dumanlı dağların zirvələriylə

Gəlir oğrunoğrun nəşəli gündüz.

Getmək mənə həyat, qalmaq ölümdür.

Cülyetta.

Dan şəfəqi deyil o nur, o ziya;

Günəşdən ayrılmış parlaq ulduzdur.

Bu gecə Mantuya sən gedən zaman

O sənin yolunda məşəl olacaq.

Tələsmə, əzizim, dayan bir az da.

Romeo.

Qoy məni tutsunlar, edam etsinlər,

Sən buna razısan, mən də razıyam.

Mən də deyirəm ki, orda gördüyüm

Səhərin gözünün şəfəqi deyil,

Ayın çöhrəsinin solğun əksidir.

Başımız üstdəki göy qübbəsini

Torağay titrətmir öz nəğməsiylə.

Qalmaq çox asandır mənə getməkdən.

Gəl, ölüm, xoş gördük, çək qəlbə dağı,

Gəl, belə istəyir Cülyetta, axı.

Elədirmi, ruhum? Sübhə hələ var.

Cülyetta.

Yox, yox, işıqlanır, tez ol, qaç qurtar.

Uğursuz səsiylə, nəhs nəğməsiylə

Qulaqları deşən bu torağaydır.

Deyirlər, torağay gözəl oxuyur,

Düz deyil, bu quş ki, ayırır bizi.

Belə deyirlər ki, qurbağa ilə

Torağay dəyişib öz gözlərini,

Gərək səsini də dəyişdirəydi.

Bu səs qəlbimizi hürküdür yaman,

Bizi öz mehriban ağuşumuzdan

Alıb ayrı salır. İndi qaç, tez ol.

Dan yeri getgedə işıqlanır, ah!

Romeo.

Dan yeri getgedə işıqlandıqca

Dərdimiz getgedə qaranlıqlaşır.

Dayə gəlir.

Dayə. Xamm!

Cülyetta.

Dayə!

Dayə.

Qızım, anan gəlir.

Səhər açılıb ha! Ehtiyatlı ol.

(Gedir)

Cülyetta.

Pəncərə gətirir səhəri mənə,

Pəncərə aparır həyatı məndən.

Romeo. Sağ ol! Bir öpüş də, mən getdim, gülüm.

(Pəncərədən düşür).

Cülyetta.

Gedirsən? Ah, dostum, ərim, sevgilim!

Xəber gözləyirəm mən səndən hər an;

Hər anda nə qədər əzablı gün var.

Ah, bu hesab ilə qocalaram mən

Bir də görənədək öz Romeomu.

Romeo.

Daha sağlıqla qal! Fürsət düşən dəm,

Quzum, sənə salam göndərəcəyəm.

Cülyetta.

Deyirsən, biz yenə görüşəcəyik?

Romeo.

Buna şübhəm yoxdur, bu acı qəmlər

Şirin xatirəyə dönəcək o vaxt.

Cülyetta.

Ya rəbb! Mənim qəlbim nəhs bir kahinmiş!

Mənə elə gəlir: sən aşağıda

Məzarın dibində yatan ölüsən.

Ya gözüm pis görür, ya rəngin qaçıb?

Romeo.

Solğun görünürsən gözümə sən də,

Bizim qanımızı içir qəm, kədər.

Əlvida, əlvida, sevimli dilbər.

(Gedir).

Cülyetta.