Daxilən nə qədər sərtdir, qəddardır.
Romeo.
Məhəbbət kor olur, gözsüz də özü
İstədiyi yerə aparır bizi.
Harda nahar edək? Nəydi o hayküy?
Danışma, eşitdim hər şeyi özüm.
Mənə nifrət qorxunc, sevgi dəhşətdir.
Ah, rüsvayçı sevgi, ah, qəşəng nifrət,
Ah, hər şey və heç şey, həm nur, həm zülmət.
Ah, ağır yüngüllük, ciddi əyləncə,
Gözəl niyyətlərin çirkin vəhdəti,
Qurğuşun bir lələk, aydın bir tüstü,
Boş məna, soyuq od, xəstə sağlamlıq!
Yuxusuz bir yuxu, daş kimi mürgü!
Budur mənim eşqim, o müdhiş sevgi.
Sən buna gülmürsən?
Benvolio.
Yox, əmi oğlu,
Ürəyim ağlayır.
Romeo. Neçin, qardaşım?
Benvolio. Sənin könlündəki dərdə, nisgilə.
Romeo.
Günahlar törədir məhəbbət elə.
Ağır qəm yükündən əsir bədənim,
Dərdinlə dərdimi artırdın mənim.
Qayğınla inlətdin qəmqubarımı,
Daha çox göynətdin yaralarımı.
Məhəbbət yanıqlı ahdır, amandır,
Odlu ürəklərdən qalxan dumandır.
Elə ki, kənara dağılar, uçar,
Aşiqlər gözündə Günəş nur saçar.
Elə ki, toplaşar ürəkdə, qanda,
Dəryalar alışar göz yaşlarında.
Məhəbbət ağıllı bir dəlilikdir,
Acıdır zəhərdən, şirindir baldan.
Hələlik, qardaşım.
Benvolio.
Səbr elə bir an,
Dayan, mən də gəlim, tək getsən əgər,
Sənin müsibətin məni məhv edər.
Romeo.
Eyvah! İtirmişəm özümü tamam,
Romeo, hanı o, ah, mən hardayam?
Benvolio. Sən, gəl, ciddi danış, kimi sevirsən?
Romeo. Necə? İnildəyim, zarıyım gərək.
Benvolio.
İnildəmək niyə, zarımaq niyə?
Mənə ciddi de ki, kimdir sevdiyin?
Romeo.
Vəsiyyət etməyi xəstə adamdan
Ciddi tələb etmək yamandır, yaman.
Hə, ciddi sevirəm mən bir qadını.
Benvolio. Duymuşdum, düz dəydi oxum nişana.
Romeo.
Sən bir nişançısan — çox mahir, zirək,
O qadın olduqca qəşəngdir, qəşəng.
Benvolio. Qəşəng do vurarlar qəşəng nişanı.
Romeo.
Yanıldın, sözündə həqiqət hanı?
Qalıb Diananın saflığı onda,
Onu vura bilməz heç Kupidon da.
O dürrün bəkarət zirehi almaz,
Ona məhəbbətin oxları batmaz.
Onu şirin sözlər salmaz kəməndə,
Alovlu baxışlar yandırmaz odda,
Qızıl da, daşqaş da aldada bilməz.
Ən zəngin malikə odur dünyada,
Əvəzsiz sərvəti gözəlliyidir.
Fəqət bu sərvəti bu gözəlliyi
Aparar özüylə zülmət məzara.
Benvolio. Yoxsa and içib ki, bakir qalacaq?
Romeo.
Bəli, xəsislikdən hədər solacaq.
Saflığı hüsnünü salıb zindana,
Vermir gözəlliyi övladlarına.
Olduqca ağıllı, qəşəngdir o qız,
Qalmışam çarəsiz, ümidsiz, yalqız.
Ölmüşəm, son dəfə dərdli ürəyim
Vurur ki, bu dərdi sənə söyləyim.
Benvolio. Eşit sözlərimi, gəl, unut onu.
Romeo. Öyrət unutmağı sən mənə, öyrət.
Benvolio.
Azadlıq, sərbəstlik ver gözlərinə,
Başqa gözəllərə diqqət ilə bax.
Romeo.
Bu daha da gözəl göstərər onu.
Qəşəng xanımların üzündən öpən
Xoşbəxt maskaların zülmət qoynunda
Günəş üz axtarır baxışlarımız.
Korlar itirdiyi göz işığını
Əvəzsiz sərvəti unuda bilməz.
Dünya gözəlini sen göstər mənə,
Hüsnünə baxdıqca görəcəyəm ki,
Daha çox gözəldir mənim ilahəm.
Hələlik, mən getdim.
Ah, bu dünyada
Mənə unutmağı kim öyrədər, kim?!
Gərək dərd içində ömrüm puç olsun.
Benvolio.
Qoy səni öyrətmək mənə borc olsun.
Hər ikisi gedir.
İkinci səhnə
Küçə. Kapuletti, Paris və nökər gəlirlər.
Kapuletti.
Montekki mənimtək cərimələndi.
Məncə, bizim kimi yaşlı adama
Dinc, rahat yaşamaq çətin olmazdı.
Paris.
Hörmət sahibisiz hər ikiniz də,
Heyf, çoxdan bəri çəkişirsiniz.
İndi cavabınız mənə nədir bəs?
Kapuletti.
Əvvəl nə demişdim deyirəm yenə,
Mənim ciyərparəm hələ uşaqdır.
Onun hələ yoxdur heç on dörd yaşı,
Qoy iki bahar da gül açıb solsun,
Gül balam yetişib gəlinlik olsun.
Paris. Ondan daha gənclər ana olurlar.
Kapuletti.
Tezcə yetişənlər tez də solurlar.
Bütün ümidimi uddu bu torpaq,
Yeganə ümidim qızımdır ancaq.
Onunla danışın, mehriban Paris,
Çalışın, könlünü ələ alın siz.
Onun arzusudur mənim hər arzum,
Ürəkdən razıyam razısa qızım.
Köhnə bir adətə edib ehtiram,
Qonaqlıq verirəm mən də bu axşam.
Qonağım gələcək dəstəbədəstə,
Buyurun, yeriniz gözlərim üstdə.
Qonaq çoxaldıqca şənlənər məclis,
Siz kasıb evimdə aləm görərsiz.
Göyün çırağını kölgədə qoyan
Canlı ulduzlara olarsız heyran.
Yazın ilk sevinci, ilk müjdəsitək,
Füsunkar aprelin tər qönçəsitək
Canlı qönçələrə nəzər salarsız,
Hüsnündən, səsindən ləzzət alarsız.
Seçin özünüzə tale ulduzu,
Sevin ən layiqli, ən gözəl qızı.
Qızım elə gözəl olmasa da, bax,
Onların sayını artırar ancaq.
Di gəlin, gedəyin!
(Xidmətçiyə bir kağız verərək).
Romeo.
Bəli, oxuyuram dönük bəxtimin
Acı dərdlərini, bəlalarmı.
Nökər. Bunu öyrənmisiz özünüz yəqin,
Yazılmış kağızı oxuyarsınız?
Romeo.
Bəli, hərfləri, həm də o dili
Bilsəm, oxuyaram.
Nökər.
Düz deyirsiniz,
Sağlıqla qalın.
(Getmək istəyir).
Romeo. Zarafat edirdim.
Dayan, oxuyum (Kağızı açıb oxuyur). «Senyor Martino qadını və qızları ilə; Qraf Anselmo gözəl bacıları ilə; dul ledi Vitruvno; Senyor Plaçensio və onun sevgili bacısı qızları; Merkusio və onun qardaşı Valentin; əmim Kapuletti, arvadı və qızları ilə; gözəl bacım qızı Rozalina; Liviya; Senyor Valensio və onun əmisi oğlu Tibalt; Lusio və şən Yelena» (Kağızı verir). Ən gözəl məclisdir, söz ola bilməz. Yaxşı, hara dəvət olunur bunlar?