Выбрать главу

Sən yaşda mən səni çoxdan doğmuşdum.

Sözü qısa deyim, bilirsən, qızım,

Cəsur, igid Paris səni istəyir.

Dayə.

Xanım qız, xanım qız, oğlan, nə oğlan!

Yoxdur belə oğlan bütün dünyada.

Elə bil, heykəldir, mumdan tökülüb.

Ledi Kapuletti. Görməyib Verona belə bir çiçək.

Dayə. Doğrudan, çiçəkdir, lap xalis çiçək.

Ledi Kapuletti.

De görüm, xoşuna gəlirmi qraf?

Bu axşam olacaq ziyafətdə o.

Gözəl bir kitabdır o gözəl insan,

Gözəllik qələmi zinət vuranda

Ondan qüdrətini əsirgəməyib.

Oxu bu kitabı, sən tap birbəbir,

Qəşəng yazıların mənası nədir?!

İncə cizgilərin öyrən sirrini,

Necə tamamlayır biribirini.

Bir məna, bir hikmət olmasa aşkar,

Onun cavabını gözlərdə axtar.

Bu sevgi kitabı təzə bir çələng,

Qiymətli kitaba qəşəng cild gərək.

Gözəldir gül bağda, balıq ümmanda,

Zahir də, batin də qəşəng olanda.

Nadir kitabların qızıl sözləri

Qızıl naxışlarla oxşar gözləri.

Qraf da hüsnünlə qəşəng görünər,

Bundan kiçilməzsən sən zərrə qədər.

Dayə.

Kiçilmək, yox bir a, böyümək, əşşi,

Hə, canım, qadını kökəldir kişi.

Ledi Kapuletti. Kəsə de, könlünə yatırmı qraf?

Cülyetta.

Nə deyim, mənimçün çətindir cavab.

Sevgi yaranırsa xoş baxış ilə,

Mən ona baxaram nəvaziş ilə.

Fəqət əmrinizin çərçivəsindən

Kənara çıxmaram bir addım da mən.

Xidmətçi daxil olur.

Xidmətçi. Xanım, qonaqlar gəldilər. Yemək verildi. Sizi çağırırlar. Hamı kiçik xanımı soruşur. Mətbəxdə dayənin qarasınca söyüb rüsvay edirlər. Hər şey son dərəcə altüst olub. Mən gedib qonaqlara qulluq etməliyəm. Buyurun, bu saat gəlin.

Xidmətçi gedir.

Ledi Kapuletti. Gəlirik. Cülyetta, qraf gözləyir.

Dayə.

Get, qızım, bəxtini gözlətmə əbəs, Bu xoşbəxt günlərə xoşbəxt gecə gəz.

Gedirlər.

Dördüncü səhnə

Küçə.

Romeo, Merkusio, Benvolio beş, ya altı nəfər üzü maskalı, əli məşəlli adamla başqaları ilə birlikdə gelirlər.

Romeo.

Necə? Təmtəraqlı nitqmi söyləyək,

Yoxsa daxil olaq dinməzsöyləməz?

Benvolio.

Belə uzunçuluq indi dəb deyil.

Gözlərində qalın yun şal sarğısı,

Əllərində nazik, ensiz taxtadan

Düzəlmiş rəngbərəng tatar kamanı,

Qarğaları qovan uyuqlar kimi,

Qəşəng xanımları qorxuya salan

Kupidona yoxdur ehtiyacımız.

Yerdən suflyorun köməyi ilə

Səhnədə birtəhər şer söyləyən

Aktyor da bizə gərək deyil heç.

Nə hesab edirlər etsinlər bizi,

Bir azca rəqs edib, çıxıb gedərik.

Romeo. Mənə məşəl verin, rəqs bacarmaram.

Könlümdə qaranlıq tutqunlaşsa da,

Sizə nurlu məşəl tuta bilərəm.

Merkusio.

Yox, dostum, bizimlə oynamalısan.

Romeo.

Mən yox, mümkün deyil, inanın mənə.

Sizin başmağınız yüngüldür, fəqət

Mənim ürəyimdə dərd qurğuşundur.

Tərpənib durmağa qoymur yerimdən.

Merkusio.

Axı, sən aşiqsən. Eşq tanrısından

Yerdən uçmaq üçün bir cüt qanad al.

Romeo.

Məhəbbət tanrısı öz oxu ilə

Məni elə ağır yaralayıb ki,

Yüngül qanadları saxlamaz məni.

Eşq yükü altında çöküb qalmışam.

Merkusio.

Gözlə ha, yıxılıb eşqi əzərsən,

Bu zərif şey dözməz bu ağırlığa.

Romeo.

Məgər eşq zərifdir? Yox, yox, düz deyil.

Çox kobud, çox qaba, çox qudurğandır,

Ürəyə sancılır bir tikan kimi.

Merkusio.

Əgər eşq kobudsa, sən də kobud ol,

O səni sancanda sen də sanc onu.

Üzümü gizlədim, mənə maska ver.

Maskanı taxır.

Bu da belə, maska maska üstündən.

Kim məni eybəcər sayırsa saysın,

Qoy mənim yerimə maska qızarsın.

Benvolio.

Di gəl, qapını döy, keçək içəri,

Elə girən kimi rəqsə başlayaq.

Romeo.

Məşəli mənə ver, qoy qayğısızlar

Hissiz qamışları ayaqlasınlar.

Men şam tutacağam, atalar demiş,

Oyuna baxacam tamaşaçıtək.

Əylənmək gözəldir, ancaq kədərdən

Lap əldən düşmüşəm.

Merkusio.

Polislər demiş,

Hə, siçan tələyə düşüb nəhayət.

Sən düşsən məhəbbət bataqlığına,

Bu ifadə üçün bağışla məni,

Qulaqlarmadək batsan palçığa.

Çıxarda bilərik səni, əzizim.

Cəld ol, biz ki gündüz şam yandırırıq.

Romeo. Yox, niyə? Yox, niyə?

Merkusio.

Vaxt keçir artıq.

Burda hədər yerə yubanmaqla biz,

Çıraq yandırırıq elə bil gündüz.

Eşit məsləhəti, qəmin yox olar,

Beş başda beş dəfə ağıl çox olar.

Romeo.

Maskarad, bu yaxşı düşünülmüşdür,

Fəqət ora getmək ağılsız işdir.

Merkusio. Agah et, nə üçün?

Romeo.

Düzü, bu gecə

Bir yuxu görmüşəm.

Merkusio. Mən də.

Romeo. Nə, necə?

Merkusio. Gördüm, yalan deyir yuxu görənlər.

Romeo. Yuxum yanlış olmur heç zərrə qədər.

Merkusio.

Oh! Belə de, belə, mən gördüm onda

Məlikə Meb durub sənin yanında.

Benvolio. Məlikə Meb! Yaxşı, kimdir o elə?

Merkusio.

Bütün pərilərin mamaçasıdır.

Merlərin şəhadət barmağındakı

Üzüyün qaşında yanan əqiqdən

Boyca böyük deyil. Məlikə hər vaxt

Kiçik mığmığalar qoşulmuş kiçik

Faytonunda rahat gəzib dolaşır

Yatan insanların burunlarında.

Düzəlib faytonun incə, upuzun

Oxları hörümçək ayaqlarından,

Üstü cırcırama qanadlarından,

Xamutu nur saçan şeh damcısından,

Qamçısı yüngülcə sübh dumanından.