And olsun nəslimin şərəfinə, bil,
Onu murdar etmək heç günah deyil.
Kapuletti. Nə üçün, əzizim, belə coşmusan?
Tibalt.
Montekki burdadır, o alçaq, nadan
Acıqca bu axşam gəlib ki bizə,
İstehza eyləsin şənliyimizə.
Kapuletti. Bu gənc Romeodur?
Tibalt. Bu rəzil odur.
Kapuletti.
Sakit ol, onunla işin olmasın.
Aparır özünü nəcib, təmkinli.
Doğrusu, tanınır Veronada o
Namuslu, qeyrətli bir cavan kimi.
Dünyanın varını versələr mənə,
Evimdə mən onu təhqir etmərəm.
Sən də səbirli ol, gəl, fikir vermə.
Hörmət edirsənsə mənim arzuma,
Üzünü gülər tut, qaşqabaq tökmə,
Qaşqabaq yaraşmır qonaqlığa heç.
Tibalt.
Əclaf qonaq gəlsə, bəs yaraşarmı?
Mən dözə bilmərəm bu arsızlığa.
Kapuletti.
Dözərsən, mən səni məcbur edərəm.
Deyirəm dözərsən, sus, harın uşaq!
Bu evin sahibi mənəm, yoxsa sən?
Bu dözə bilməyir! Allah, sən saxla!
Bu, indi şənlikdə dava salacaq.
Burda xoruzlanmaq istəyirsən, hə?
Burda kişi yalnız bir sənsən indi?
Tibalt. Əmi, axı, bu ki, rüsvayçılıqdır.
Kapuletti.
Çəkil, get, çəkil, get, davakar uşaq,
Qabalıq adama ziyan gətirər.
Hələ bir mənə də ağıl verirsən?!
Ayıbdır, özünü ədəbli apar…
İşıq ver, gur işıq! Sakit ol, yoxsa
Sakit eyləyərəm səni mən özüm.
Bu nədir, nə olub? Şənlənin, dostlar!
Tibalt.
Səbirlə qəzəbim sönməyir mənim,
Gedirəm, titrəyir bütün bədənim.
Onun bu gəlişi indi xoşsa da,
Ən acı fəlakət açar dünyada.
Gedir.
Romeo. (Cülyettaya).
Ləyaqətsiz əlim müqəddəs, qəşəng
Mehraba toxundu, bağışla məni.
Dodaqlanm iki fəqir zəwartək
Yuyar bir öpüşlə həmin ləkəni.
Cülyetta.
Əlinə çox sərtsən, mehriban zəvvar,
O ki sədaqətlə yandırır çıraq.
Mömin zəvvar üçün pirin eli var,
Onların əlləri öpüşür ancaq.
Romeo. Onların dodağı yoxdurmu məgər?
Cülyetta. Vardır dua üçün, bilir tanrı da.
Romeo.
Ey müqəddəs pirim, mərhəmət göstər,
Əllərtək xoşbəxt et dodaqları da.
Cülyetta. Pirlər tərpənmədən yetişir dada.
Romeo.
Tərpənmə, tərpənmə, çatım murada.
(Onu öpür).
Yudu günahımı dodağım artıq.
Cülyetta. Mənim dodağımı etdi günahkar.
Romeo. Qaytar günahımı, ey sönməz işıq!
Cülyetta. Günahın əfv oldu, mehriban zəvvar.
Dayə. Anan. söz deyəcək, çağırır səni.
Cülyetta gedir.
Romeo. Anası kimdir ki? Dayə. Hə, cavan oğlan,
Bu evin sahibi, xanımıdır o.
Özü də ismətli, ləyaqətlidir.
Danışdığın qızın dayəsiyəm mən,
O qızı kim alsa, dünyada yəqin,
Ən zəngin xəzinə qazanacaqdır.
Romeo.
Kapuletti, qızı! Ah, ürək, ürək,
Həyatım düşmənə borc getdi, demək!
Benvolio. Gedək, əla keçdi bu gün əyləncə.
Romeo. Qorxuram, gətirə mənə işgəncə.
Kapuletti.
Yox, hara? Cənablar, getməyin hələ.
Dayanın, bir azca qəhvə də için.
Vaxtdır, gedirsiniz? Sizə yaxşı yol!
Təşəkkür edirəm hamınıza mən.
Ey, bura işıq ver! Gedəyin biz də,
Doğrudan da, gecdir, yatmaq lazımdır.
Cülyetta və dayədən başqa hamı gedir.
Cülyetta. Dayə, küncdə duran o cənab kimdir?
Dayə. Qoca Tiberonun oğlu, varisi.
Cülyetta. Bəs indi qapıdan o çıxan oğlan?
Dayə. Hə, o da, mən bilən, gənc Petruçodur.
Cülyetta. Bəs rəqs eyləməyən, o yana gedən?
Dayə. Onu tanımıram.
Cülyetta. Öyrən adını! (Dayə gedir).
Əgər o evlisə, dəhşət budur bax, Gəlinlik yatağım məzar olacaq.
Dayə (qayıdaraq).
Adı Romeodur. O, Montekkinin
O mənfur düşmənin bircə oğludur.
Cülyetta.
Yarandı öz sevgim öz nifrətimdən,
Ah, onu tez gördüm, gec tanıdım mən.
Qorxunc bir eşq oldu qismətim mənim,
Çaldı ürəyimi qəddar düşmənim.
Dayə. Nə dedin, nə dedin?
Cülyetta.
Bu, bir şerdir,
Bir gəncdən öyrəndim rəqs eyləyəndə.
Səhnə arxasından kimsə çağırır: «Cülyetta!»
Dayə.
Bu saat, bu saat!.. A solmaz çiçək, Artıq hamı getdi, gəl biz də gedək.
Gedirlər.
PROLOQ
Xor gəlir.
Xor.
Köhnə eşq can verir öz yatagında,
Təzə eşq tac alır ondan, nə işdir?!
Ö gül əvəzsizdir sevda bağında,
İndi Cülyettanın yanında heçdir.
İndi Romeo da sevildi, sevdi,
İlahi baxışla sehrləndi o.
Fəqət düşmənçilik dəhşətli devdi,
Dəhşətli yaralar aldı
Romeo.
Qaldı ürəyində pak arzuları,
And içib, əhd kəsib, ilqar tutmadı.
Cülyetta harada görəydi yarı,
Əzabdan gecələr bir an yatmadı.
Fəqət eşq güc verdi, vaxt isə fürsət,
Bütün əngəlləri yıxdı sədaqət.
Gedir.
İKİNCİ PƏRDƏ
Birinci səhnə
Kapulettinin bağının divarının yanında döngə. Romeo daxil olur.
Romeo.
Könlüm burda ikən hara gedim mən? Axmaq dünya, mərkəzini tap indi. (Divarı aşıb uzaqlaşır).
Benvolio və Merkusio gəlirlər.
Benvolio. Romeo! Qardaşım!