Sənə miras qalmış gözəl binanı
Uçurub, dağıdıb, viran edirsən.
Sən hökmünü dəyiş, mən də rəyimi,
Silinsin könlündən nifrət, ədavət.
Qəlbin gözəl olsun zahirin kimi,
Əzizim, özünə eylə mərhəmət.
Yarat surətini, qalsın hər vədə,
Gülsün gözəlliyin gələcəkdə də.
11
Gül kimi solsan da, öz övladının
Üzündə kül kimi açılacaqsan.
İtməz bir zərrəsi gənclik odunun,
Gözlərdə nur olub saçılacaqsan.
Budur gözəlliyin, əqlin qanunu,
Bunsuz hökm edərdi süstlük, qocalıq.
Bəşər həyatının çatardı sonu,
Dünya altmış ildən çəkməzdi artıq.
Təbiət kimə ki verməyib nemət,
Səhradır, qurusun dərd-möhnət ilə.
Sənə verilib ki bu qədər sərvət,
Onu qaytarasan səxavət ilə.
Gözəllik möhürüsən sən təbiətin,
Əks olun, əbədi qalsın surətin.
12
Ömürdən saatlar ötdükcə bir-bir
Al gündüz əriyir zülmət gecədə.
Bənövşədən qalmır təravət, ətir,
Qara saç gümüşə dönür necə də!
Bürküdən sürünü qoruyan qovaq
Tökür yarpağını boranda, qarda.
Yamyaşıl zəmilər saralıb bir vaxt,
Dərz olub daşınır arabalarda.
Çiçəklər də solub gedir çəməndən,
Yerində açılır təzə qönçələr.
Həmişə haqqında düşünürəm mən:
Sənin gül hüsnün də solar bir səhər.
Zəmanə ömrünü biçir hər kəsin,
Nəsil qoy, yurdunda şamın sönməsin.
13
Dəyişmə, həmişə qal olduğun tək,
Nə qədər ki sağsan, imkan var buna.
Zaman varlığını məhv edənədək
Bağışla hüsnünü övladlarına.
Gözəllik yaşayır kirəkeş kimi,
Köçür sən də onu öz varisinə.
Bir gün tərk edəndə fani aləmi
Dəyişməmiş qalsın gül hüsnün yenə.
Qoruyar uçmaqdan gözəl binanı
Sabahı düşünən, qayğı çəkən kəs.
Bu evə neyləyər qışın tufanı,
Bu evə ölümün nəfəsi dəyməz.
Atanı qorusan sən öz oğlunda,
Nəvəndə hifz edər səni oğlun da.
14
Ulduzlarla fala baxaraq bir dəm
Mən deyə bilmərəm münəccimlər tək:
Bu ulduz gətirir taun, aclıq, qəm,
O ulduz səadət, bol məhsul, çörək.
Yağışla, küləklə, şimşəklə, qarla
Söyləyə bilmərəm taleyi heç vaxt.
Nə bilim, günəşli, gözəl rüzgarla
Hansı bir şahzadə olacaq xoşbəxt.
Baxıb dəyişməyən şən ulduzlara —
Sənin gözlərinə deyərəm aşkar!
Olsa bir övladın, yetib bahara,
Həqiqət, gözəllik birgə gül açar.
Varisin qalmasa, bu inci, gövhər
Səninlə məzarda torpağa dönər.
15
Hər şey yetkinliklə qazanır zəfər,
Onu da tez alır hökmü rüzgarın.
Dünya bir səhnədir, burda şəkillər
Dəyişir sehriylə kəhkəşanların.
İnsan taleyilə bir ota bənzər,
Ot kimi göyərər, məhv olar hökmən.
Bahar gəlişiylə hüsnünü bəzər,
Payız şuxluğunu alar əlindən.
Belədir, dəyişir həyat həmişə,
Bu, daha şəfəqli edir üzünü:
Zaman ölüm ilə girib sazişə,
Çevirir gecəyə al gündüzünü.
Qəm yemə, qələmim bağ tiyəsi tək
Ömrünü şerimlə peyvənd edəcək.
16
Bizi ölüm ilə qorxudur zaman,
Şerim tab edərmi bu ağır dərdə?
Nə üçün ömrünü qorumayırsan
Daha etibarlı, möhkəm bir yerdə?
Görürsən, nə qədər bakirə gül var,
Gəncliyin bahardır, qoru ruhunu.
Qəlbini, hüsnünü sevgi yaşadar,
Nə fırça, nə qələm bacarmaz bunu.
Hər şeyi yenidən yaradır həyat,
Gəl öz gəncliyini ver məhəbbətə.
Sevgiylə, sevdayla aç ki qol-qanad,
Səni qovuşdursun əbədiyyətə.
Versən öz ömrünü övladına sən,
Onun varlığında ömür sürərsən.
17
Əgər yazsam qədir — qiymətin nədir,
Buna gələcəkdə inanmaz bir kəs.
Bir Allah bilir ki, şerim türbədir,
Səni olduğun tək hifz edə bilməz.
Göyçək gözlərinə qələm çalaraq
Hüsnünü nəğməmdə eyləsəm təkrar,
O vaxt deyəcəklər: yalana bir bax,
Bəndənin üzündə Allah nuru var.
Qoca boşboğazdan üz döndərən tək
Atacaqlar solmuş, boz vərəqləri,
Deyəcəklər: hərif işlədib kələk,
Yalandır, saxtadır onun əsəri.
O vaxt oğlun olsa, kim qırar məni?!
Həm oğlun, həm şerim yaşadar səni.
18
De, necə bənzədim yaya mən səni?
Özün daha odlu, daha gözəlsən.
Tufan məhv eyləyir yazda gülşəni,
Yay da tez ötüşür ömürdən, bilsən.
Bəzən göyün gözü odlanır, yanır,
Bəzən də gizlənir duman içində.
Gözəllik də sona çatıb dayanır, —
Təbiət yox edir bir an içində.
Fəqət sənin yayın sovuşa bilməz,
Sənin gül hüsnünü tutmaz bir pərdə.
Ölümün kölgəsi üstünə gəlməz
Mənim şerlərim dil açan yerdə.
Neçə ki həyat var, göz görür, inan,
Şerimdə əbədi yaşayacaqsan.
19
Şirin caynağını korşalt, ey zaman,
Hər şey ölüm nədir bilsin həyatda.
Pələngin dişini qopart ağzından,
Yandır diri-diri simurqu odda.
Dəyiş fəsilləri, öz yolunla get,
Gah güldür, gah ağlat bu təbiəti.
Dünyayla, mənimlə nə istəsən et,
Fəqət kəməndə sal bir cinayəti.
Dostumun üzünü vaxt tişənlə, gəl,
Yarıb şırımlama çəmənzar kimi.
Onun gözəlliyi — bu canlı məşəl
Qalsın gələcəyə yadigar kimi.
Göstər pisliyini, o, şerimdə, bax,
Sənin acığıma gözəl qalacaq.
20
Camalın gözəldir qadın hüsnü tək,
Özün bu aləmdə nadir aləmsən.
Xəyanət bilməyir köksündə ürək,
Sən mənim həm şahım, həm məlikəmsən.
Baxışın gur işıq saçır aləmə,
Bütün saxtalığı qılınc tək kəsir.
Səndəki mərdliyə, səndəki hökmə
Oğlanlar heyrandır, qızlar da əsir.