Выбрать главу

Amma nə hökmdar, nə də onun məiyyəti yağışa fikir vermirdilər. Köçərinin günü yağışda, qarda keçər. O, əyilib gözlərinin bulağından aşağı yaş axan ərəb atının başını sığalladı, üzünü döndərib yeridi.

Atın ki ayağı sındı, qurtardı, o sağalmaz. Belə heyvan ölməlidir. Əzabdan, əziyyətdən qurtarmaq üçün onu öldürürlər.

Əmiraxur yetirib qılıncını çəkdi, onun ürəyinə sancdı. Hökmdar ərəb atına çox lütfkarlıqla yanaşmışdı. Onu nizə ilə öldürmək istəmirdi.

Uzun Həsən ə’yanlarına, məiyyətinə özünün gücünü, ağırlığını göstərmək istəmirdi. Onu hələ neçə-neçə döyüşlər gözləyirdi. Döyüşdə ki, at sahibi kimi cəld olmadı, onu tez tutarlar. Əsir eləyərlər. Əsir düşən hökmdarın səltənəti dağılmasa da ömürlük ləkəli olur. Bir hökmdar həyatı üçün yüzlərlə ilxı qurban verirdilər, heç onu müqayisəyə də gətirmək olmaz. Həm də igid döyüşçünün, sərkərdənin altında adına layiq atı olmalıdır. O, bilirdi ki, Əbu Səidlə döyüşsüz qurtara bilməyəcəklər, ona görə də özünə təzə atlar seçməyi tapşırmışdı.

– Bu nədir, Əmiraxur, sənin gətirdiyin atların hamısı loş çıxır.

Əmiraxur qılıncını kətyan koluna silib qurtarandan sonra qınına salıb gəlirdi.

– Yaxşı atlarımız var, hökmdar.        

– Gətirin görüm.

Əmiraxur göydəmir bir atı hökmdarın qarşısına çəkdi.

– Əsil Qarabağ atıdı. Özü də üçyaşar, cavandı. Yaxşı yorğası var.

Yorğa at yüksək qiymətləndirilirdi. Çünki hökmdarlar at üstündə ölkənin bu başından o biri başına dəfələrlə gedir. Təbrizdən Bağdada, Bağdaddan Qahirəyə, Qahirədən Şama, Şamnan Təbrizə, oradan Xorasana. Onun atı yorğa yerişli olmasa yorub əldən salar. Onsuz da mehtərlərin yüyənindən tutub saxladıqları atların hamısı yorğa yerişli idi.

Uzun Həsən əlini Qarabağ atının islaq yalına, sarğısına çəkib onun xasiyyətinə bələd olmaq istəyirdi. Bu vaxt onlara tərəf qızılı bir ayğır təşəxxüslü bir qaçışla yaxınlaşıb kişnəyir, ayaqlarını yerə döyürdü.

– Əmiraxur, o ayğırı tutun.

Bir işarə bəs idi. Hər tərəfdən ayğırı dövrəyə aldılar. Ayğır adamların arasından sıçrayıb çıxdı. Bir neçə mehtəri də qabaq ayaqları ilə əzdi, təpiyi də birini tutub palçığın içinə uzatdı. Amma Uzun Həsən ona tərəf gələn ayğırı əldən buraxmadı. Alaçığın yanındakı atın yəhərindən kəməndi götürmüşdü. Kəməndi atmaqla ayğırın başına keçməyi bir oldu. Ancaq ayğır şahə qalxıb kəmənddən qurtarmaq istədi. Bir şey çıxmadı. Sağ ayağını irəli verən Uzun Həsəni də öz dalınca dartdı. O, sol dizini qatlamış, sağ ayağını yerə vermişdi. Amma ayğırı saxlaya bilmirdi. Ayağı palçıqda sürüşüb gedir, ayğır onu dartıb aparırdı. Haradansa qabağına bir daş çıxdı. Ayağını dirədi. Ayğır nə qədər güc verdisə, qurtula bilmədi. Şahə qalxdığı yerdə yanı üstə çökdü.

– Boğun bu ayğırı!

Mehtərlər tökülüb ayğırın boğazına daha bir kəndir atdılar, üçü bir tərəfdən, üçü də bir tərəfdən kəndiri dartmağa başladılar. Ayğır qalxmışdı. Ona gücləri çatmırdı.

– Nə olub sizə, çörək yeməmisiniz? – deyə Uzun Həsən hayqırdı. İpdən yapışan mehtərlər çoxaldı. Kəndir sıxıldı, ayğır boğulurdu.Bir azdan o ayaq üstə dayana bilmədi. Gücü, qüvvəsi tükəndi. Ayaqları boşaldı, tir-tap yerə uzandı. Onun ağzından qan gəldi.

– Tez olun, başına yüyən vurun, belinə yəhər qoyun.

Hökmdarın tapşırıqlarını bir anda yerinə yetirdilər. O, tapqıra baxdı. Barmaqları tapqırın altına keçdi. Qayışı açıb bir ilgək də yuxarıdan bağladı. Yüyəni yalın üstünə keçirtdi.

Ayğır nəfəs almağa başlayan kimi ayağa qalxdı, Uzun Həsən də onun yəhərində. Bayaqkı qənşər, şux yerişindən əsər-əlamət qalmamışdı. Üstündə yük hiss eləyib şıllaqlamağa başladı. Bir şey çıxmadı. Artıq özünə gəlmişdi. Üstündəki yük onu elə bil ayıltmışdı. İndiyə qədər belə şey görməmişdi. Heç onun üstünə milçək də qona bilmirdi. Mozalan dişləyəndə ağız atırdı. Milçəkləri quyruğu ilə qovurdu. Amma indi belində ağır bir yük vardı. Ağzını atıb dişləmək istəyirdi, cəhənglərini dartan dəmir yüyən onu başını döndərməyə qoymurdu. Ayğır şahə qalxdı, amma üstündəki onu öz ağırlığı, hərəkətləri ilə qabaq ayaqlarını torpağa endirdi. Böyürlərinə iki ağır şey dəydi. Ayğır bu vəziyyətdən xilas olmaq üçün baş götürüb qaçmaqdan özgə çarə görmədi. Götürüldü, yəhərdəki də elə bunu istəyirdi. Yaş, sürüşkən kövşən yerində dəli bir qaçış başladı. Ayğırın dırnaqlarından palçıq parça-parça göyə tullanır, amma onların üstünə düşmürdü. Bu dəli sür’ətə çata bilmirdi.