Uzun Həsən qırğı kimi ayğırın yalına yatmışdı. Artıq onu ipə-sapa yatırırdı. Bir azdan o, sür’əti bir az da artırdı. Həsənin ə’yan-əşrəfi də atlarına süvar olub ona çatmaq üçün çapır, amma yaxınlaşmaq əvəzinə daha da uzaqlaşırdılar. O, ayğırın başını buraxıb xeyli getmiş, ordugahdan uzaqlaşmışdı. Onun üzünü döndərib əks tərəfə dönmək üçün böyük bir qövs cızdı. Yenidən sür’ət artdı. Elə bil Uzun Həsəni ayğırla bərabər mancanaqdan buraxmışdılar. Ən güclü pəhləvanın atdığı ox kimi süzürdülər. Bu sür’ət həm Uzun Həsənə, həm də ayğırın özünə xoş gəlirdi. Daha yəhərdən, yüyəndən süvaridən xilas olmağı da bəlkə istəmirdi. Çünki onu bir bu qədər yol qovan da olmamışdı. İndi var gücü ilə qaçırdı.
Uzun Həsən başını qaldıranda qabaqda böyük bir dəstə gördü. Beynindən ildırım kimi bir fikir keçdi. “Əbu Səidə köməyə gələn qoşun olar”. Belinə əl atdı, amma qılınc bağlamamışdı. Əmudu, təpəri, təbərzini, nizəsi də yox idi. Ayğır isə özünü gələn dəstənin üstünə atırdı. O, yüyəni nə qədər dartdısa da, ayğırın sür’ əti azalmırdı.
Birdən bir səs eşitdi:
– Dayı!
Bu səs ayğırı da diksindirdi. O, şahə qalxdı. Uzun Həsən yüyəni yığışdırdı. Ayğır da sakitləşdi.
– Mənəm, dayı.
Bir atlı ona yanaşdı. Yağışdan qorunmaq üçün başına örtük salmış Şeyx Heydər idi.
– Gəldin?
– Gəldim dayı. Özümlə də on min mürid gətirmişəm.
– On min?
– Bəli. Yolda Əbu Səidə köməyə gələnlərlə də vuruşduq. Beş min əsir tutmuşuq. Bütün arabaları qənimət almışıq.
– Bərəkallah, bacıoğlu. Səni ordugahda gözləyirəm. O, atın başını döndərdi ordugaha tərəf, yüyəni buraxdı. Ayğır götürüldü. Yolda onun dalınca çapanların yanından keçib öz alaçığına çatdı, ayğırı saxladı. At bu dəfə də şahə qalxdı. Amma yorulub sakitləşmişdi. Ayaqlarını yerə qoydu, Həsən tullanıb yəhərdən düşdü. Nökər-naiblər atın cilovundan yapışdılar.
– Aparın gəzdirin, təri soyusun, – dedi.
Alaçığın qabağında on səkkiz, on doqquz yaşlı oğlu, boy-buxunda, sir-sifətdə atasına oxşayan Uğurlu Məhəmməd dayanmışdı. O, atasını görüb yaxın gəldi, əlini sinəsinə basıb baş əydi.
– Sənin işini mən görürəm də, oğlum, – deyə ona zarafat elədi. Amma zarafatı ciddi dedi.
– Atayi mehriban, sənin işini görmək dərəcəsinə yetişməyimə hələ çox var.
O əlini oğlunun çiyninə qoydu
– Sən mənə oxşayacaqsan. Buna gün kimi inanıram. Ora bax, deyə bir az yuxarı qalxmış buludları göstərdi, – görürsən, buludlar günəşin qabağını kəsib. Amma bulud nədi, heç nə. O əriyib gedəcək. Günəş isə elə günəşdi.
Birdən onun gözünə bir dəstə qaz göründü. Buludların arasında qanad çala-çala ordugaha yaxınlaşırdılar.
– Tez, yay-oxu, alaçıqdan bura gətir. Özününkünü də götür.
Uğurlu Məhəmməd alaçıqdan atasının və öz yay-oxlarını gətirdi.
– Oğul, o qazları görürsən də.
– Hə, üç qazdı. Qabaqdakını mən nişan alıram, arxadakını sən. Xeyli vaxtdı Bozağoğlundan dərs alırsan. Görüm necə atırsan.
Atası oğlunu həvəsləndirdi. Hər ikisi oxlarını hazırladılar. Qazlar uçub onların başı üstünə gələndə arxasında lələk olan oxlar yaylardan ayrıldı. Vıyıltı ilə yuxarı uçdu.
Ordugahdan heyrət nidaları qalxdı. Qazların ikisi də sinələrindəki oxlarla bərabər hərlənə-hərlənə gəlib yerə düşdü. Ata oğlunun qolundan tutub alaçığa apardı. Ata keçib taxtında oturmadı. Alaçağın ağzında palçıqlı məstlərini çıxartdı, naxışlı yun corabda xalçanın üstü ilə keçib döşəkçənin birinin üstündə bardaş qurdu. Oğlu da məstlərini çıxartdı. Ayaq üstündə qaldı.
– Gəl görüm, otur yanımda. Səninlə məsləhətləşmək istəyirəm.
– Eşidirəm, atayi mehriban.
– Şeyx Heydər on min müridlə bizim köməyimizə gəlir. Bizim qüvvəmiz artır. Əbu Səidin əli-ayağı bağlanır. Biz indi ona rahatlıq versək, özümüzə qəbir qazarıq. Səni bir minbaşı kimi səfərə göndərmək istəyirəm. Gecəylə hücuma keçib düşmənə ağır zərbə vurub qayıdacaqsan. Görüm sərkərdəlik qabiliyyətin də ox atmağın kimi olacaqmı?