Выбрать главу

Sara xatun onu böyük ləyaqətlə qarşıladı. İkisi yanaşı oturdular. Söhbət qızışdı.

Əbu Səidin anası dedi:

– Yaxşı bilirsən ki, mən Teymur nəslindənəm. Məni öz ayağınıza gətirməyiniz o nəslə hörmətsizlikdən başqa bir şey deyil.

Sara xatun ağ birçəyini çənəsinin altında birləşən qızıl arpa zəncirin altına saldı.

– Əvvəla çağırmamışıq. Özün gəlmisənsə, xoş gəlmisən, gözümüz üstündə yerin var. Bir də ki, ay bacı, fələyin nərdivanı yaman şeydi, qaldırdığı kimi endirməyi də var. Heç kimdə borc, heç kimdə qisas qoymur. Mən keçən dəfə gələndə Teymur qapısına ehtiyacdan gəlməmişdim. Biz onda ölümə də hazır idik. Birdən-birə hər şey döndü. Oğlun otu qurumuş Qarabağı da bir qışlığa bizə qıymadı.

– O vəzirin fitvasıydı, o da öz cəzasına çatdı. İndi Qaraqoyunluların bütün mülklərini, taxtı-tacı ilə bərabər oğluna verir oğlum. İndi nə istəyir?

– Yox, elə deyil. Teymurləng rəhmətlik sağ deyil ki, onun ağzıyla danışalar. O səltənəti oğlum alıb. Sultan Əbu Səid vermir. İmkanı olsa verməzdi də. Hər ikimiz anayıq. Sənə öz oğlun, mənə də öz oğlum əzizdir. Heç vaxt məsləhət görməzdim ki, oğluma səltənət bağışladığınızı deyəsiniz. Səltənəti oğlum qılınc ilə qazanıb. Bu torpaqlara da Xorasandan gəlib sahib çıxmaqdansa, Təbrizdə oturan tərəfindən idarə olunmağı daha düzgün yoldu. Buna mənim oğlumun haqqı, sənin oğlunun haqqından çoxdur.

– Teymur sağ olanda belə danışmırdınız. Şahruxun vaxtında da səsiniz çıxmırdı.

– Daha bəsdi də, nə qədər dözmək olar.

– Sizin nəsil ki, Teymurun xidmətində olub.

– Bəli, olub. Oğlun həmin dostluğu bizdən qabaq yaddan çıxarıb.

– İndi nə deyirsən? Qonağı belə qarşılayarlar. Mənim oğlum səni belə qarşılamamışdı axı.

– Düzdü. Ancaq deyilən sözün cavabını alırlar. Sultan Əbu Səid oğluma qılınc bağışlamışdı. Qınından çıxmayan qılınc. Demək istəyirdi ki, sənin qılıncın qında pas atmalıdı.

Anaların söhbəti baş tutmurdu. Sara xatun da yumşalmaq, ona yaxşı sözlər demək istəyirdi, amma heç nə alınmırdı.

Əmirsipəhsalar örtüyün arasından çıxardığı tacı aparıb Uzun Həsənə uzatdı və tə’zim edərək dedi:

– Bu sultanlıq tacını Sultani əzəm, Əbu Səid sənə göndərib.

Uzun Həsən tacı götürmədi:

– Hədiyyəni geri qaytarmaq adətdən kənardı. Amma mən Sultan Əbu Səidin bəylərbəyisi deyiləm ki, başıma tacı o qoysun. Mən o tacın ağırlığından artıq qurtarmışam,– dedi.

Elçiləri yola salandan sonra Uzun Həsən ə’yani-əşrəfini yığdı. Anası sağ tərəfində, Şeyx Heydər sol tərəfində oturmuşdu.

– Əbu Səid bizim əlimizdən heç yana qaçıb qurtara bilməyəcək. Mən hamının fikrini bilmək istəyirəm. Süleyman Bicanoğlu, söz sənindir.

Süleyman Bicanoğlu onun cavan sərkərdələrindən idi.

Bardaş qurub oturmuşdu. Hökmdarın sözündən sonra ayağa qalxdı.      

– Düşməni basmışıq, kəsmək bir göz qırpımının işidi. İndi biz nə eləməliyik? Əlimizi saxlamalıyıq, yoxsa?.. Elə bilirəm ki, Teymur övladına əl qaldırmaq günahdı. Onu hörmət-izzətlə yola salmaq yaxşı olardı.

Süleyman Bicanoğlu oturan kimi onun yanında, bığ yeri təzə tərləyən, amma boy-buxunda nataraz Əbih Sultan söz istədi. Onun da atası Diyarbəkr bəylərindən idi. Böyük bir dəstə ilə Uzun Həsənin xidmətinə gəlmişdi.

– Həsən bəy, biz Əbu Səidi əhli-əyati ilə Xorasana göndərsək, oradan üstümüzə yüz minlik ordu gələcək. Əgər tək başına göndərsək, onda ağlaşma səsiylə göz yaşından özgə heç nə eşitməyəcəyik.

Danışanlar çox oldu. Hamısı da bu iki fikirdən birinin tərəfini saxlayırdılar. Sara xatun oturduğu yerdən danışmağa başladı.

– Ey Ağqoyunlu övladları. Cahan şah basılanda hamınız sevinirdiniz. Sevindiniz ki, qədim qan düşmənindən intiqam aldınız. Hələ, heç biriniz Qaraqoyunlu səltənətinin dönüb ağqoyunlu səltənəti olduğuna inanmırdınız. Çünki Teymur nəvəsi Əbu Səid üstümüzə gəlirdi. Onu Şeyx Heydərin ağıllı, müdrik məsləhəti ilə bu günə saldınız. Ağqoyunlu sülaləsi vardı. Amma bu gün o sülalənin oğlu Uzun Həsənin qarşısında sultanlıq taxtı boşdur. Ağqoyunlular hələ belə yüksək məqama çatmamışdı. Burada oturan bəylərin hamısını böyük işlər gözləyir. Hər biriniz bir vilayətin hökmdarı olacaqsınız. Dərbənddən başlamış Bağdada, Diyarbəkrdən tutmuş Xorasana qədər olan bir ölkə sizin ixtiyarınızdadır. Onu əldə möhkəm saxlamaq igidliyinizdən, sədaqətinizdən çox asılı olacaq. Düşmən əlinizdədir. Bir hücumla ələ keçirə bilərsiniz və keçirməlisiniz. Düşməni əldən qaçırsanız sonra çox qan töküləcək. Mən deyirəm ki, Sultan Əbu Səid tutulub girov saxlanmalıdır. Onu Şeyx Heydərin müridləri Ərdəbildə saxlayar. Qoy ömrünü ibadətlə başa vursun.