Выбрать главу

Hovuzun yanından bürclərin üstünə pillələr qalxırdı. Ana-bala həmin pillələri qalxdılar. Əvvəllər İsmayılın ayağı bir pillədən o birisinə çatmırdı. Anası qolundan dartıb çıxarırdı! On-on iki pilləni qalxıb bürcə çatdılar. Burada donmuş, qurumuş, daş geyinmiş döyüşçülərə oxşayan qala dişləri yan-yana dayanmışdı. Ana-bala onların yanından keçib gəzinməyə başladılar.

Günəş əyilmişdi. Aşağıdakı dərələri, vadiləri, dağları bənövşəyi rəngə çalan kölgə basmışdı. Təkcə qalanın bürclərini və Savalanı günəş işıqlandırırdı.

– Ana, mən darıxıram. Niyə burdan çıxıb getmirik?

– Hara, oğlum?

– Ərdəbilə, evimizə.

– Evimiz yadına gəlirmi?

– Gəlir. Bir ağ at gəlib həyətimizdə ayaqlarını yerə döyüb kişnəyirdi.

Bu sözdən sonra Aləmşahbəyim özünü saxlaya bilməyib hönkürdü. Artıq onun gözləri, qaşları arasındakı düyün də ağlayırdı. İsmayıl təəccüblə dönüb anasına baxdı.

– Sən niyə ağlayırsan? Atın ayağını yerə döyüb kişnəməsinə görə heç gör adam ağlayar? Mən uşağam, heç ağlamıram...

Ağlayan Aləmşahbəyim – Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı, ağlamayan uşaq isə Şeyx Heydərin oğlu İsmayıl idi.

BABA UZUN HƏSƏN, NƏNƏ SARA XATUN, ATA HEYDƏR SƏFƏVİ...

Gün qüruba əyilmişdi. Kirs dağının üstünə toplaşan qara buludlar biri-biri ilə vuruşan əjdahalara oxşayırdı. Amma o əjdahalarda güc, taqət qalmamışdı. Tökülən qanları özlərini və səmanı qan rənginə boyamışdı. İndi daha yavaş-yavaş, halsız-halsız biri-birlərinə ağız atır, quyruqlarını, qanadlarını uzadıb çəkir, elə bil can verirdilər. Onların arxasında isə nəhəng bir kürədən çıxan, məcməyiyə oxşayan günəş elə bil bu qanlı döyüşdən qorxub Kirs dağının dalında gizlənib yaxasını qurtarmağa çalışırdı.

Uzun Həsən, Govur arxının yanındakı təpədə, çadırının yanında dayanıb bu “döyüşə” baxırdı. O qədər dərin fikrə getmişdi ki, anası Sara xatunun gəlib onun yanında dayan-masını bilməmişdi.

– Sabah yaxşıca yağış yağacaq, oğlum. Uzun Həsən dönüb dolu əndamlı, boy-buxunlu, yerişindən, duruşundan hökm və hikkə tökülən anasına baxdı. O, zərxaradan tuman geyinmişdi. Belində zümrüd qaşlı qızıl kəmər, əynində qanovuzdan köynək, onun üstündən pərəngli, qollarının ağzı və ətəkləri daş-qaşla bəzənmiş güləçə vardı: Yaylığının altından şah tacına oxşar, ondan ensiz, alnını tutan dingə qoymuşdu. Belinə vurduqu sağ əlinin şana barmaqlarında çoxlu üzük parlayırdı. Biləyində isə almasları bərq vuran bilərzik üfüqün qırmızı işığını əks elətdirirdi.

Uzun Həsən anasının geyinib-bəzənməsinə təəccüb elədi. Son iki ildə onu belə körməmişdi.

– Xeyir ola, ana?

– Xeyirdi, ağrın ürəyimə.

Uzun Həsən başını döndərib yenə də buludlara baxdı. “Əjdahalar” artıq əriyir, bozarır, göyərirdilər. Təpədən aşağıda ordugahın çadırları cərgə ilə düzülmüşdü. Amma bu ordugah ona çox kiçik görünürdü, az görünürdü. Arazın o biri tayında dayanmış Teymurləng nəvəsi Sultan Əbu Səidin qoşunundan çox az idi. Meydan müharibəsinə girsə, uduzardı. Amma bu müharibə olmalı idi. Qaraqoyunlu sultanı Cahan şah Həqiqini məğlub eləyib Ağqoyunlulara ölkənin sultanlıq taxtına yol açdığından iki il keçsə də, hələ də kifayət qədər qüvvə toplayıb təzədən babasının tutduğu yerlərə göz tikən Sultan Əbu Səidə qalib gəlmək iqtidarında deyildi.