Выбрать главу

– Sara xatun heyranlıqla ona baxırdı.

– Allah təala sənin bu gözəlliyini mənim oğluma çox görməsin.

– Sağ ol, ana.

Sara xatun o birisi gəlinlər kimi Dəspinə xatunun onun əlindən öpməsinə icazə vermirdi. Bilirdi ki, o imperator qızıdır. O, heç kimə əyilməz. Özü də onu əymək istəməmişdi. Yaxınlaşıb onun da alnından öpdü. Yumşaq, ipək üzlü pərqu döşəkçənin üstündə oturdu.

– Əyləş, qızım. – dedi. Amma onun gözəlliyinə hələ də heyran-heyran baxmaqda idi. “O birisi gəlinlər oğlumdan narazı qalarlar da. Belə gözəldən kim ayrılar.”

Dəspinə xatun da oturdu.     

– Sən imperator qızısan. İndi də olursan imperator zövcəsi. Amma qızım, hökmdar zövcəsi gərək hər bəd xəbərə dözümlü olsun.

– Nə olub?

– Heç nə olmayıb. Ola bilər.

– Nə?

– Biz həqiqətin gözünə dik baxmalıyıq. Sirr həmişə bizdə olmalıdır. Onu özgələri bilməyə də bilər. Taleyin hökmü sabah oxunacaq. Ya biz olacayıq, ya da... Teymur nəvəsi Sultan Əbu Səid ərini ölüm-dirimə çağırır. Allah kimə verə, verə. Güc onun tərəfindədir. Sabah oğlum döyüşdə uduzsa biz hamımız əsir oluruq.

– Yox, ana, mən əsir olan deyiləm.

– Sağ ol, qızım. Çingizlə Xərəzmşah Sultan Cəlaləddin vuruşanda, Cəlaləddin bundan da ağır bir gündəydi. Qarşısında Çingiz ordusu, arxasında da Hind çayının sıldırım sahilləri. Hərəmləri ələ düşməsin deyə hamısını özü çaya atdı. Özü da atla tullandı. Özünün əcəli çatmayıbmış, at üzüb çıxdı. Hərəmləri suya qərq oldu. Bura Qarabağdı, Hərami düzüdür. Burada çay Arazdı, o da bir az aralıdı.

Sara xatun barmağından bir üzük çıxarıb Dəspinə xatuna verdi.

– Qapı açılır. Görsək ki, düşmən güc gəlir, onda bu qaşın içindəki süleymaniyyə zəhəri köməyimizə çatar. Ölüm haqdı. Döyüşdə ər ölürsə, o qəhrəmandı. Arvadı da onunla bərabər ölürsə, o da namus qəhrəmanıdır.

Dəspinə xatun üzüyü aldı, qaşına baxdı.

– Ana, bu üzükləri çoxdan saxlayırsan?

– Çoxdan. Fateh Sultan Məhəmmədlə danışığa gedəndə də biri barmağımdaydı. Gəlinlərim artdıqca da düzəltdirmişəm.

– Gecən xeyrə qalsın, qızım. Deyir axşamın xeyrindən səhərin şəri yaxşıdır.

Sara xatun əlini yerə dayaq verib qalxana qədər çinar boylu Dəspinə xatun ayaq üstündə idi. Sara xatun əllərini göyə qaldırdı.

– Ey bu axşamın sahibi, oğlumu sənə tapşırıram. Sən onun ağlını qılıncı, qılıncını ağlı kimi iti, baxtını atı kimi yüyrək, taleyini göylər çırağı kimi işıqlı elə.

– Amin, - deyə Dəspinə xatun ona səs verdi. Amma bu “amin“də” duadakından daha böyük bir kədər, yalvarış və titrəyiş vardı.

Uzun Həsən anasının “Şeyx Heydərlə gedəcəyəm” deməyinin mə’nasını tez almışdı. O, xəbər tutmuşdu ki, Sultan Əbu Səid babası Teymur kimi Ərdəbildəki Şeyx Səfiyyəddin pirində ziyarət etmiş, oraya böyük nəzir-niyaz vermişdi. Hazırda həmin pirin şeyxi Şeyx Heydərdi. Heydərin atası Cüneyd də onların kürəkəni idi. Uzun Həsənin bacısı Xədicə Bəyimlə evlənmiş, onlardan Heydər dünyaya gəlmişdi. Cüneydi Şirvanşahlar öldürəndən sonra Heydəri dayısı Uzun Həsən böyütmüşdü.

Alaçığa ruhanilər kimi uzun əba geyib başına ağ çalma qoymuş Şeyx Heydər girdi. Dayısına tə’zim eləyib:

– Cəddim Museyi Kazım köməyində dursun, dayı, – dedi. – Sizin çağırışınızla gəlmişəm, dediyinizə müntəzirəm.

Heydər o zaman on dörd, on beş yaşında olardı, ya olmazdı. Bu ağsifət, zərif oğlan kamil təhsil almışdı. Dayısının əməl etdiyi sünni-hənəfi təriqətinin bütün incəliklərini öyrənsə də atası Cüneydin üzünü görməsə belə onun yolu ilə getmiş, şiəliyi, səfəvilərin batin elmini də öyrənmişdi.

– Gəl otur.

O, dayısının göstərdiyi yerdə bardaş qurub oturdu. İri ağıllı gözlərini dayısına dikdi.

– Eşidirəm.

– Məsələdən yəqin ki, xəbərdarsan?! 

– Bəli.

– İndi bizə vaxt qazanmaq, Sultan Əbu Səidə nə vasitə ilə olur-olsun tə’sir köstərmək lazımdır. Sabah tezdən, Allah qoysa sübh namazından sonra nənən Sara xatunla Əbu Səidin ordugahına gedirsən. Sənin getməyin çox vacibdi. Əmir Teymur sizin ocağa bağlı olub. Əbu Səid sənə e’tinasızlıq göstərə bilməz. Ortada sülh yaratmaq vacibdir. Elə bilmə ki, dayın qorxur. Yox, bir gün yaranan, bir gün ölməlidir. Nuha, Süleymana, İldırıma, Teymura qalmayan dünya bizə də qalmayacaq. Ağılsızlıq ucundan ölənlər bu saydıqlarımın heç biri olmur. Biz Sultandan gücsüzük. Ondan bir qışı Qarabağda qalmağa rüsxət alsaq, Allah qoysa yazda qoşun toplayıb öhdəsindən gələrik. Elə belə də deyərsiniz. Deyərsiniz, qışı Qarabağda qalaq, yazda köçüb ata-baba yurdumuz Diyarbəkrə, Amidə gedərik. İndi tərpənsək, yolda mal-heyvanımız qırılar. Fikrim sənə aydın oldu, bacıoğlu?