Выбрать главу

– İndi də Əbu Səid bizim üstümüzə fillə gəlib.

– Özünü qorxuzma. Allah kərimdi.

Dəstə çatdı, onları salamladılar. Özləri atdan düşdülər. Hökmdar sarayına bir ox mənzili qalmış atdan düşüb piyada getmək adət idi. Şeyx Heydər atdan düşüb nənəsinə də kömək eləmək istədi, amma geyim-kecimindən, bəzək-düzəyindən sarayın böyük adamına oxşayan razı olmadı.

– Sara xatun atdan düşməyəcək.

Sara xatunun atının yüyənindən tutub Sultan çadırının yanına qədər apardılar. Orada üzəngini basdılar, bu yaşlı, kök qadın çox yüngüllüklə atdan düşdü, çadrasını düzəltdi, bayaqkı adama baxdı.

– Buyurun, Sultan səni elə indi qəbul eləyir.

Ə’yan onlardan əvvəl çadıra girib diz çöküb tə’zim elədi, torpağı öpəndən sonra başını qaldırıb Sara xatunun gəldiyini xəbər verdi.

– Buyursun. Kişilər qorxularından gizlənib, arvadları qabağa veriblər... Bu sözü yavaş dedi ki, eşitməsinlər

Əyan qayıdıb onları içəri çağırdı. Şeyx Heydərə tapşırdı ki, əyilib torpağı öpsün. Heydər ona narazılıqla baxdı. Ə’yan bu baxışı gördü.

– Mən deyənə bax.

Heydər dinmədi.

Sara xatun başını əyib çadıra girdi. Bu çadır onun oğlunun alaçığına oxşayırdı. Dirəkləri də, tənəflərinin mıxları da qızıldan idi. Bu ağ çadırın çöldən görünən qübbəsi də məscid günbəzi kimi qızıldan idi. İçəri də çox zəngin idi. Sultanın səfər taxtına iki göz lazım idi tamaşa eləsin. Sultan Əbu Səid özü sadə geyinmişdi. Amma belə deyilmiş. O, altdan zireh qurşamış, üstündən xələt geymişdi. Xələti zirehin üstündən geyirdilər ki, günəş zirehi qızdırıb yayın istisində yeddi-səkkiz saatlıq vuruşmada onlara əziyyət verməsin.

Sara xatun çadırın ağzında dayanmışdı. Sultanın əynində zirehi görəndə azacıq başı gicəldi, sonra da yüngülcə ağrı başladı. Demək o artıq döyüşə hazırdır. Şəxsən özü qılınc çalmağa hazırdır. Amma yox, bu təkbətək onun oğlu Uzun Həsənlə döyüşsə çox dözə bilməz. Bunun qoşunu və var-dövləti çoxdur. Çox olar da! Teymur Hindistanın almasına, lə’l-cəvahiratına, qızılına, Osmanlıların neçə yüz il yığdıqları xəzinəsinə sahib olmadımı?

Sultan Əbu Səid Sara xatunun çadırın ağzında dayandığını görüb ixtiyarsız yerindən qalxdı. Yavaş-yavaş ona tərəf gəlməyə başladı. Sara xatun möhtəşəm qadın və ana heykəli kimi dayanmışdı. Örpəyinin altından çıxmış ağ birçəkləri onu daha da nuraniləşdirmişdir. Sultan Əbu Səid ilk dəfə qadın elçi ilə üz-üzə dayanmışdı. Nə edəcəyini bilmirdi. Kişi elçilər onun təbəələri kimi əyilib yeri, yaxud onun ətəyini öpməliydi. Bu isə qadındır, anadır...

– Xoş gəlmisən. Məni bir sirdən hali elə. Fateh Sultan Məhəmməd səni necə qarşılamışdı?

– Necə lazımdı. Anası kimi əlimdən öpdü. Özümə də “ana” dedi.              

Sultan Əbu Səid Fateh Sultan Məhəmmədi kiçildən söz demək istədi. Amma sözlərini uddu.

– Xatunların elçi getməyi sizinlə başlayıb. O necə qarşılayıbsa biz də elə etməliyik. Çünki adət artıq yaranıb. O, Sara xatunun əlindən öpdü.

– Buyur əyləş, ana...

– Çox sağ olun. Siz də çox lütfkar hökmdarsınız.

Sara xatun sultanın taxtı yanında qoyulmuş kürsüdə oturmağa gedəndə Əbu Səid uşaq sifətli Şeyx Heydərə baxdı. Heydər ona yüngülcə baş əydi. Bu Əbu Səidi haldan çıxardı.

– Sizə deməyiblar ki, Xorasanın, Mavərənnəhrin, İranın yarısının hökmdarı qarşısında torpağı öpməlisiniz?

– Dedilər. Ancaq, ey hikmətli sultan, mənim dodaqlarım Qur’anı öpməyə öyrənib. Qurandan əvvəl və ya sonra torpaq öpmək günahdır. Heç siz də müzayidə eləməmisiniz ki, Qur’ani şərifə – əstəğfürullah hörmətsizlik eləyək.

– Əstəğfürullah! – deyən Sultan təəccüblə bu cavan şeyxə baxdı. – Sən hara şeyxisən?

– Ərdəbil.

Bu sözdən sonra deyəsən Sultan Əbu Səid bir az ağardı da. Onun qıyıq gözləri bir neçə dəfə qırpıldı.

– Ya şeyx, buyurun əyləşin. Mən istəyərdim ki, babam Teymurla, Allah onun gorunu nurla doldursun, baban Şeyx Əlinin arasındakı o möcüzəli əhvalatı danışasan.

– Allah hər ikisinə rəhmət eləsin, – deyə Şeyx Heydər onun səhvini düzəltdi və Sultan da onun dediklərini təkrar etdi.Bundan sonra taxtına tərəf getdi. O yeridikcə elə bil araba cırıldayırdı. Əynindəki zireh geyim sürtülür, dəmir səsi çıxırdı. Deyəsən bunu özü də hiss elədi. Əl çaldı, xidmətçilər hazır oldu.

– Çağırın bura bütün üləmaları, saray ə’yanlarını.

Bir azdan onlar çadırda, döşəkçələrin üstündə bardaş qurub oturmuşdular. Amma Sultan getmişdi. Bir azdan o da çadırın arxasındakı yoldan-qapıdan girdi. Hamı ayağa qalxdı. Sultan qırmızı qumaşdan yaxalığı, qollarının ağzı, ətəkləri işləməli bahalı əbasını geyinmişdi. Daha onun bədəni dəmir səsi vermirdi.